Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2023 10:50

“Onlar haqqında kitablar yazılmalıdır”

Şəhidlik zirvəsi. Bu zirvə, bütün yüksəkliklərdən ucada dayanan müqəddəs zirvədir. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə əbədilik qazanırlar. Vətənin azadlığı, müstəqilliyi uğrunda ərənlərini şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada da Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Torpaqlarımızın azadlığı uğrunda bütün savaşlarda və 44 günlük Vətən müharibəsində zabit, gizir və əsgərlərimiz döyüş meydanında igidlik, mərdlik, vətənpərvərlik nümunəsi göstərdilər. Onlar qələbə tarixini öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olan ömürlərini yadigar qoydular. İllər ötüb qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Onların əziz xatirəsinə həsr olunan filmlər lentə alınır, kitablar çap olunur, mahnılar bəstələnir. "Vətən oğlu" poeması da şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə  nəşr olunan kitablardandır.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edən şəhidimiz Səbuhi Əsədovun xatirəsinə ehtiram məqsədilə qələmə alınan "Vətən oğlu" kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, Səbuhi Əsədovun ailə üzvləri, şəhid valideynləri, yaxınları, Vətən müharibəsi iştirakçıları, veteranlar, şair və yazıçılar iştirak etdilər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirildi.
Kitabın müəllifi ehtiyatda olan polkovnik-leytenant Azər Səlimov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, "Vətən oğlu" poeması "Azərbaycan fədakarlıq məktəbi" silsiləsi çərçivəsində şəhid Səbuhi Əsədova həsr olunan 3-cü kitabımdır. "Təqdim etdiyim "Vətən oğlu" poemasında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Səbuhi Əsədovun həyatından və döyüş yolundan bəhs edilir. Bu kitabı şəhidimizin ailə üzvləri, yaxınları, dostları və döyüş yoldaşlarının onun haqqında danışdığı xatirələr əsasında qələmə almışam. Bundan əvvəl "Azərbaycan fədakarlıq məktəbi" silsiləsi çərçivəsində Səbuhinin əziz xatirəsinə həsr etdiyim "Şair-əsgər" və "Səbuhi Əsədov" kitablarını da qələmə almışam. Onun haqqında danışılan xatirələrdən Səbuhi Əsədov şəxsiyyətinin, daxili dünyasının maraqlı cəhətlərini duymaq olur. Onun şairlik istedadı da olub. Bir neçə şeir də qələmə alıb. Səbuhi vətənpərvər, milli-mənəvi köklərimizə bağlı olan, müsbət əxlaqi keyfiyyətlərə malik, cəsur gənc idi. Silahdaşları onun döyüş meydanında göstərdiyi igidlikdən, şücaətlərdən ağızdolusu danışırlar. Səbuhi kimi igidlərimiz bizim şanlı tariximizdir. Onlar haqqında kitablar yazmaq, onları gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur. Qılınc və qələmin vəhdəti mühüm amildir. Tarixən belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Bu baxımdan Səbuhi Əsədov, eləcə də digər şəhidlərimiz haqqında ərsəyə gələn əsərlərin işıq üzü görməsi vacibdir və günümüzün tələbidir", - Azər Səlimov dedi.
Müəllifin çıxışından sonra şəhid Səbuhi Əsədovun xatirəsinə həsr olunan videoçarx nümayiş olundu. Qeyd edim ki, Əsədov Səbuhi Azər oğlu 1999-cu il yanvarın 19-da Bakı şəhəri Suraxanı rayonunda dünyaya göz açıb. Əsədovlar ailəsinin sonbeşiyi, üç bacının bir qardaşı olub. Səbuhi 2005-ci ildə 85 nömrəli məktəbin birinci sinfinə daxil olub. Məktəb illərində yunan-Roma güləşi ilə məşgul olub. Bu idman növü üzrə çoxlu sayda diplomlar, fəxri fərmanlar, birinciliklər qazanıb. Məktəbdə keçirilən bütün hərbi vətənpərvərlik tədbirlərində canla-başla iştirak edib. Səbuhidə olan Vətən eşqi, Vətən sevgisi məktəb illərindən bəlli olurmuş. 2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb və  kəşfiyyat bölüyündə xidmət keçib. Hərbi xidmət zamanı intizamı, nümunəvi xidməti, səmimiyyəti ilə komandirlərinin və əsgər yoldaşlarının sevgisini, hörmətini qazanıb. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Talış kəndi, Çaylı və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də düşmənin Suqovuşana əks-hücumunun qarşısını alarkən şəhadətə yüksəlib. O, Bülbülə qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Səbuhi Əsədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Səbuhinin anası Cahan Əsədova və digər yaxınları şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan bütün addımların təqdirəlayiq olduğunu dedilər. Bu qəbildən görülən işlərin şəhidlərimizə, şəhid ailələrinə dövlətimiz və xalqımız tərəfindən göstərilən yüksək ehtiramın nümayişi olduğunu bildirdilər. Şəhid ailələrinə və müharibə əlillərinə, veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini çatdırdılar. Həmçinin Səbuhi və onun kimi minlərlə şəhidimizin həyatından və döyüş yolundan bəhs edən kitablar yazaraq, onların xatirəsini tarixləşdirən yazıçılarımıza dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti şəhidlik zirvəsinə ucalan Azərbaycan övladlarının xatirəsinə həsr edilən mahnılardan ibarət musiqili kompozisiya nümayiş etdirdilər.
 
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"