Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2023 10:50

“Heydər Əliyev İli” çərçivəsində gənc əsgərlərlə görüş keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli" elan etməsini xalqımız böyük rəğbətlə qarşıladı. Ölkəmizin hər yerində Ulu Öndərin xatirəsi dərin məhəbbətlə anılır, Vətənimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətləri daim xatırlanır. Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda keçirilən tədbirlər də dahi şəxsiyyətə hərbi qulluqçuların hörmət və ehtiramının ifadəsinə çevrilir.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi müxtəlif tədbirlər mahiyyəti etibarilə ordu quruculuğu ilə sıx bağlı olur. Burada gənc əsgərlərlə tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Boran Əzizlə keçirilən görüş də Ulu Öndərin unudulmaz xatirəsinə həsr olunmuşdu.
Görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Görüşdə çıxış edən Boran Əziz Azərbaycan xalqının qədim dövlətçilik tarixindən, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 23 ay müddətində müstəqil dövlət kimi fəaliyyətindən danışaraq bildirdi ki, qısa müddət mövcud olsa da, Azərbaycan dövlətçiliyinin əsasları yaradıldı və beynəlxalq aləmdə müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız müstəqil dövlətimizin qurucuları olan görkəmli dövlət xadimlərinin müstəqil dövlətimizin qurulmasında misilsiz xidmətlərini unutmur. Qürurla demək olar ki, müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Qazanılan bütün uğurlara, müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınmasına baxmayaraq, 1920-ci ilin aprelində bolşeviklər ADR-i ilhaq etdi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Sovet işğalı 70 il davam etsə də, azadlıq, müstəqillik istəyi xalqımızı tərk etmədi. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Müstəqilliyin ilk illəri xalqımız bir çox çətinliklərlə üz-üzə gəldi. Havadarlarından dəstək alan xarici və daxili qüvvələr ölkəmizə qarşı böyük təxribatlar həyata keçirməyə başladılar. Eyni zamanda, Ermənistan tərəfindən torpaqlarımıza düşmən hücumları başladı. Hakimiyyətdə olan qüvvələr öhdələrinə düşən vəzifələri yerinə yetirə bilmirdilər. Azərbaycanın dövlət müstəqilliyinin itirilmə təhlükəsi yaranmışdı. Çətin və mürəkkəb şəraitdə Azərbaycan xalqı təcrübəli dövlət xadimi Heydər Əliyevə üz tutdu. Böyük tarixi şəxsiyyətin xalqın ciddi tələbi ilə yenidən hakimiyyətə qayıdışı xalqımızı, dövlətçiliyimizi ağır böhranlı və təhlükəli vəziyyətdən xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə dünya miqyaslı iqtisadi, siyasi, mədəni islahatlar, böyük quruculuq işləri başladı. Dövlətçiliyin əsası olan ordu quruculuğu dövlət üçün prioritet elan edildi. Müstəqil dövlətçilik strategiyası yaradıldı.
1994-cü ilin sentyabrında dahi şəxsiyyətin təşəbbüsü ilə "Əsrin müqaviləsi" imzalandı, ölkəmizdə yeni neft strategiyasının əsası qoyuldu. Tarixi "İpək yolu"nun bərpasına başlanıldı. Həyata keçirilən layihələr ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırdı. Hüquqi, demokratik islahatlara geniş yer verildi. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi də tarixi şəxsiyyətin yorulmaz fəaliyyətinin bəhrəsi oldu.
Ulu Öndərin fəaliyyətində ordu quruculuğu da əsas yer tuturdu. Sovet hakimiyyəti dönəmində müdrik rəhbər bu sahəyə də diqqət yetirdi, azərbaycanlı gənclərin ali hərbi məktəblərdə təhsil almasına geniş imkan və şərait yaratdı. Onun uzaqgörənliyi ilə Bakı şəhərində 1971-ci ildə ixtisaslaşdırılmış internat məktəbi (indiki C.Naxçıvanski adına Hərbi Lisey) yaradıldı və Azərbaycanda milli hərbi təhsilin əsası qoyuldu.
Birinci Qarabağ müharibəsi illərində mənfur qonşularımız havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etdiyi bir vaxtda hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməlini qoydu. Ulu Öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordumuzdakı mürəkkəb problemləri həll etməyə imkan verdi. Beləliklə, Ulu Öndərin misilsiz fəaliyyətinin nəticəsi olaraq 1994-cü ildə Füzulidə ordumuz tərəfindən düşmənə qarşı uğurlu döyüş əməliyyatı keçirildi. Silahlı Qüvvələrimiz Horadiz qəsəbəsini, Cocuq Mərcanlı da daxil olmaqla, onlarla kəndi düşməndən azad etdi. Elan olunan atəşkəs dövründə ordumuzun qüdrətli inkişafı təmin edildi. Azərbaycan xalqının Ümummilli Lideri ordumuzun nizami ordu kimi formalaşmasına nail oldu.
Bu gün əbədiyaşar komandan Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin bəhrəsidir ki, ölkəmiz yeni-yeni uğurlar qazanır. Dövlətçiliyin, müstəqilliyin əsası olan ordumuz dünya orduları sırasında mühüm yer tutmaqla, regionun ən güclü, qüdrətli ordusuna çevrilib. Vətən müharibəsində qazanılan böyük Zəfər bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu dövlətini, xalqını, ərazi bütövlüyünü qorumağa, müdafiə etməyə qadir olan ordudur.
İnanırıq ki, bu görüşdə iştirak edən gənc əsgərlər də qəhrəman, yenilməz Vətən müdafiəçilərinin layiqli davamçıları olacaq, onlara göstərilən etimadı şərəflə doğruldacaqlar.
Görüşün sonunda tarix elmləri namizədi, dosent Boran Əziz hərbi qulluqçuları maraqlandıran sualları cavablandırdı. Onun dərin və məzmunlu çıxışı hərbçilər tərəfindən rəğbətlə qarşılandı.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"