- Sən şəhid olacaqsan.
- Bəs niyə mən?
- Sənin gözlərində parıltı var. O parıltı Vətən sevgisinin əlamətidir. Sizin əfsanəvi Mübariz kimi qəhrəmanınız var. Qəhrəmanlıq sizin qanınızda, canınızdadır.
Bu dialoq Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Nihad Babayevlə 2015-ci ildə Türkiyənin İqdır şəhərində kursu başa vurub diplomunu ona təqdim edən təlim müəlliminin arasında yaşanmışdı. Bəli, Nihad Vətəni özünə qibləgah bilən oğullarımızdan biri idi. O, Mübarizin, Fəridin getdiyi yola çıxdı. O yol Nihadı Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə aparırdı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması amalı ilə yaşayırdı. Vətən, torpaq fədaisi idi. "Mən dünyanın harasında olsam da, yenə müharibə başlayarsa, bu torpaq uğrunda vuruşmağa gələcəyəm. Qanla verilən, qanla alınar. Biz torpaqlarımız uğrunda vuruşmalıyıq. Mən bu amalla böyüyüb yaşa dolmuşam", - deyirdi Nihad. Cəmi iyirmi doqquz il ömür yaşayan Vətən oğlu bu qısa ömründə sonadək əqidəsinə sadiq qaldı. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu bölmələrinin şəhid kapitanı Nihad Babayevin İkinci Qarabağ müharibəsində adı əbədi oxunan qəhrəmanlıq dastanı yazıldı.
Babayev Nihad Akif oğlu 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində dünyaya göz açmışdı. Babayevlər ailəsinin sonbeşik övladı idi. İlk təhsilini Günəşli kənd tam orta məktəbində alan Nihad dördüncü sinifdən təhsilini Bakı şəhər Türkan qəsəbəsində yerləşən internat təmayüllü məktəbdə davam etdirmişdi. Burada səkkizinci sinfi bitirdikdən sonra 2006-cı ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdi. Hərbi liseyi yüksək göstəricilərlə başa vuran Nihad Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olmuşdu. 2012-ci ildə ali hərbi təhsilini bitirib "leytenant" rütbəsinə layiq görülür və elə həmin il təlimlər keçərək, Naxçıvanda Xüsusi Təyinatlı bölmələrin tərkibində xidmətə başlayır.
Nihad Babayev çox keçmir ki, Türkiyəyə atıcılıq kursuna göndərilir. Təlimlərdə yüksək nəticələr əldə edir. Daha sonra Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçir. Mükəmməl fiziki hazırlığı və hər hansı işə məsuliyyətlə yanaşması ona həmişə birincilik qazandırır. Nihad həm də peşəkar kəşfiyyatçı idi. Üç dildə - rus, erməni və ingilis dillərində sərbəst danışmağı öyrənmişdi.
Qardaşı Fərid Babayev Nihadla bağlı xatirələrindən danışır... "İkinci Qarabağ müharibəsi başlayanda Nihad mənə sevinclə zəng vurub dedi ki, Fərid, artıq ilk mərmi atıldı. Müharibə başladı. Ən böyük arzum bu müharibədə iştirak etmək idi. İnşallah, bu savaşla Qarabağ münaqişəsinə birdəfəlik son qoyulacaq".
Nihad döyüşə can atırdı... 44 günlük Vətən müharibəsinin başlandığı ilk günlərdə - oktyabrın 3-də döyüşlərə göndəriləcək növbəti qrupun siyahısında onun da adı var idi. Nihadın ilk döyüşləri Cəbrayıl istiqamətində oldu. O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları uğrunda gedən ağır döyüşlərdə qruplara peşəkar zabit kimi komandirlik edirdi. Nihad düşmənə qarşı cəsarətlə vuruşurdu. Düşmənin nə qədər riyakar olduğunu çox gözəl bilirdi.
Şəhid zabitin atası Akif Babayev söhbətimizə qoşulur: "Nihadın müharibədə iştirakından xəbərim olmayıb. İkinci Qarabağ müharibəsi gedən zaman dedilər ki, Naxçıvana raket atılıb. Çox narahat olduq. Zəng edib vəziyyəti öyrənmək istədim. Nihad dedi ki, narahat olmayın. Bir də mən Naxçıvanda deyiləm ki, Füzulidəyəm. Onun müharibədə olduğunu bu zəngdən sonra bildim".
Gözlərini bir nöqtəyə zilləyib tez-tez kövrələn şəhidin atası oğlunun hərbi peşəyə kiçik yaşlarından böyük marağı olduğunu dedi: "O uşaqlıqdan idmana həvəs göstərirdi. Özü üçün həyətdə cürbəcür idman qurğuları düzəltmişdi. Yorulmadan məşqlər edirdi. Qəbul imtahanlarından 500 bal toplamışdı. Mən də, böyük qardaşı Tərlan da məsləhət gördük ki, ali məktəblərdən birini seçsin. Nihad razı olmadı, yalnız hərb yolunu seçdi..."
Akif Babayevin ailəsində dörd uşaq dünyaya gəlib. Tərlan ailənin böyük övladıdır. Keçmiş Neft Akademiyasını bitirib. Ailənin ikinci övladı Ülviyyə orta təhsillə kifayətlənib, ailəlidir. Fərid polis orqanlarında xidmət edir. Ailənin dördüncü övladı isə Nihad idi.
Nə qədər kədərli olsa da, qəhrəman şəhidin anası Seyidxanım Babayeva da oğlu haqqında xatirələrini bizimlə bölüşdü: "Nihad sanki Vətən üçün doğulmuşdu. Heç yadımdan çıxmaz, ibtidai sinifdə oxuyarkən məktəbdə Vətən mövzusunda şeir müsabiqəsi keçirilirdi. Yanıma gəlib dedi ki, ana, mənə bir şeir tap, əzbərləyim. Xatirə dəftərimdən bir şeir seçdim. Şeir ana haqqında idi. Nihad şeiri oxuyub soruşdu ki, bu şeirdə dəyişiklik etmək olarmı? Dedim olar. Nihad "ana" sözünün yerinə "Vətən" sözünü yazdı. Şeir onun dilində gözəl səsləndi. Onda fikirləşdim ki, Nihad üçün Vətəni ən müqəddəs varlıqdır. Anaya olan sevgisini də Vətəninə yönəldəcək. Onun yeniyetməlik vaxtlarından hərb sənətinə böyük marağı var idi. Deyirdi ki, mən zabit olacam. Oldu da. Nihadla bağlı xatirələrimi yazıram. İnşallah, tamamlayandan sonra yazdıqlarımı bir kitabda toplayacam".
Döyüş yoldaşları deyirlər ki, Nihad həmişə özü ilə bayraq gəzdirirdi. "Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan azad olunanda deyirdik ki, Babayev, bayrağı ver, asaq. O isə bu bayraq ancaq Şuşada dalğalanacaq deyirdi. Nihad Şuşanın azad olunacağına tam əmin idi".
Babayevlər ailəsində Nihadın əşyalarından ibarət ev-muzeyi yaradılıb. Muzeydə ona məxsus şəxsi əşyaları, saysız-hesabsız sertifikatları, fəxri fərmanları, orden və medalları yer alıb.
Kapitan Nihad Babayev 29 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndi yaxınlığında gedən ağır döyüşlərdə son nəfəsinəcən təkbaşına ölüm-dirim savaşına girdi. Snayper gülləsinə tuş gələn qəhrəman, vətənpərvər zabit şəhidlik zirvəsinə ucaldı. Onun nəşi dörd gün sonra həmin yüksəklikdən çətinliklə götürülür. Noyabrın 2-də şəhid zabit doğulduğu Biləsuvar rayonunun Günəşli kənd qəbiristanlığında dəfn olundu. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində Nihadın doğulub-böyüdüyü Günəşli kəndi 8 övladını Vətən uğrunda şəhid verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Nihad Akif oğlu Babayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Xalqımız canları, qanları bahasına Azərbaycan tarixinə yeni səhifələr yazan Nihad Babayev kimi qəhrəman oğullarını daim xatirələrdə yaşadacaq.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"