Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2023 12:07

“Sələflərimin döyüş yolunu şərəflə davam etdirəcəm...”

"N" hərbi hissəsində gənc əsgərlərlə söhbətləşib onları daha yaxından tanımağa çalışırıq. Ətrafa göz gəzdirdikcə hər bir əsgərin çöhrəsindəki sevinci, qüruru görmək heç də çətin olmur. Yanlarına yaxınlaşaraq fikirlərini öyrənirik. Söhbətimiz zamanı diqqətimizi çəkənlərdən biri də əsgər Həsən Əliyev oldu. Nümunəvi xidmətiylə fərqlənən bu gənc əsgər həm də komandirlərinin sevgisini qazanmağı bacarıb.
H.Əliyevlə söhbətləşərkən öyrənirik ki, o, 2005-ci il iyulun 9-da  Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sənaye və İnnovasiya üzrə peşə təhsili alıb. Təhsilini başa vurduqdan sonra "N" hərbi hissəsində xidmətə başlayıb. O, hələ gənc əsgər olsa da, hərbə olan marağının böyük olduğu görünürdü.
Onunla söhbətə başlayarkən ilk cümləsi doğma Qarabağdan olur. "Qarabağ hər bir azərbaycanlının həsrəti idi". O, bu yerləri görməsə də, valideynlərindən eşitdiklərini danışmağa başladı. Düşmən tərəfindən dağıdılıb uçurulmuş kəndlərimizi kadrlarda gördükdə kədər hissi yaşadığını deyən Həsən Əliyev onu da bildirdi ki, daha bunun üçün heyifsilənmir. "Qarabağı görə bilməmək bizlər üçün olduqca ağır dərd idi. Hər zaman qələbə müjdəsini alacağımız günün xəyalını qurardım. Valideynlərimlə tez-tez Füzuli haqqında söhbətləşirdik. Onlar kəndimizin xoş günləriylə bərabər ağrı-acılı xatirələrindən də danışırdılar. Birinci Qarabağ müharibəsində ermənilərin etdiyi vəhşiliklər Kərimbəyli kəndindən də yan ötüşməyib. 1993-cü ilin noyabr-dekabr aylarında ermənilər kəndimizi işğal edərək neçə-neçə insanı vəhşiliklə qətlə yetiriblər. Sağ qalanlar isə kənddən qaçmağa məcbur olublar.
İşğalla barışmayan Azərbaycan Ordusu 1994-cü ilin yanvarında qısa müddət ərzində kəndimizi erməni işğalından azad etdi. İkinci Qarabağ müharibəsi vaxtı Füzulinin işğaldan azad edilməsi xəbərini aldıqda isə sevincimizin həddi-hüdudu yoxuydu. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız erməni işğalından azad olundu. İndi işğaldan azad olunmuş torpaqlarımızın yenidən dirçəlməsi, böyük qayıdışın gerçəkləşməsi üçün əhəmiyyətli addımlar atılır.
Bu Zəfər sayəsində dünya ordumuzun yenilməzliyinin şahidi oldu. Mən də yenilməz ordunun əsgəri olaraq sələflərimin yolunu şərəflə davam etdirəcəm, hərbi xidmətimi nümunəvi şəkildə başa vuracam", - əsgər dedi.
Biz əminik ki, əsgər Həsən Əliyev verdiyi sözə layiqincə əməl edəcək. Bizlər də belə oğullarımızı görüb onlarla söhbətləşərkən qürurla dolu sevinc hissləri keçirəcəyik.

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"