Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2023 12:07

Vətən torpaqlarını mətinliklə qoruyanlar

"N" hərbi hissəsində günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələsi ilə yaxından tanış olduq. Məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Amil Bəşirlinin nəzarəti altında şəxsi heyət müxtəlif idman hərəkətləri edirdi. Müasir standartlara cavab verən və yeni idman qurğuları ilə təchiz olunan idman şəhərciyində əsgərlərin çevik hərəkətlərini izlədik. Verilən bütün komandaları dəqiq və vaxtında icra edən cəsur Vətən müdafiəçiləri heç bir çətinlik çəkmirdilər.
Məşğələyə ayrılan vaxt başa çatdıqdan sonra əsgər A.Bəşirliylə söhbət etdik. O bildirdi ki, təlimlərdə və döyüş əməliyyatlarında uğur əldə etmək üçün hərbi qulluqçuların fiziki hazırlığı yüksək səviyyədə olmalıdır. Çünki onlar silah-sursat və tam təchizat ilə qarşıya qoyulan istənilən tapşırığı cəld və vaxtında yerinə yetirməli, müəyyən məsafəni tez bir zamanda qət etməlidir. Həmçinin döyüş əməliyyatları zamanı düşmənlə üz-üzə gələrkən onu zərərsizləşdirmə gücünə sahib olmalıdırlar. Belə ki, bu məşğələnin məqsədi ordu sıralarında xidmət edən hərbçilərimizin sağlamlığını qorumaq, iradəsini, dözümlülüyünü yüksəltməkdir.
Öyrənirəm ki, həmsöhbətim uzun müddət idmanın güləş növü ilə məşğul olub. Respublika, şəhər və rayonlararası keçirilən yarışlarda dəfələrlə yer qazanıb. Düşünürəm ki, bu cür təcrübəli məşğələ rəhbəri əsgərlərimizə idmanın bütün sirlərini dərindən öyrədəcək.
Daha sonra şəxsi heyətin fikirlərini öyrəndik. Əsgər Pərviz Əliyev 3 il cüdo ilə məşğul olub. Keçirilən müxtəlif yarışlarda bütün rəqiblərini üstələyərək, birinciliyə layiq görülüb. Hər zaman idmana xüsusi sevgi bəsləyən Pərviz dedi ki, xidmətə gəldiyim zaman burada yaradılan şəraiti görüb çox sevindim. "Müdafiə Nazirliyi rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi hissəmizdə fiziki hazırlığımızı daha da yüksəltmək üçün hərtərəfli şərait yaradılıb. İki idman şəhərciyi bizim istifadəmizə verilib. Bunun nəticəsidir ki, təlimlər zamanı verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gəlirik. Döyüş meydanında düşməni məhv etməyə qadirik.
- Təcrübəli komandirlərimizin rəhbərliyi altında keçirilən ictimai-siyasi hazırlıq dərsləri ilə milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunur, döyüş və atəş hazırlıqları sayəsində döyüş vərdişlərimizi və silahla davranma qaydalarını öyrənir, fiziki hazırlıq məşğələləri sayəsində isə gücümüzü və qüvvətimizi artırır, dözümlü, iradəli və sağlam oluruq. Bunların nəticəsidir ki, peşəkar döyüşçü kimi formalaşmışıq. Qarşıya qoyulan istənilən tapşırıqları asanlıqla icra etməyə hazır və qadirik. Əlbəttə, bununla kifayətlənən deyilik. Hər gün öz üzərimizdə çalışacaq, Azərbaycan əsgəri adını şərəflə daşıyacağıq, - əsgər Aslan Bayramov dedi.
Əsgər Xizri Musayev isə dedi ki, hərbin sirlərinə dərindən yiyələndiyimizə görə peşəkar komandirlərimizə borcluyuq. Onların sayəsində qarşıya qoyulan tapşırıqların icrasında çətinlik çəkmirik. Dərs və təlimlər zamanı bütün əmrləri qısa zaman ərzində icra edirik. Buna isə səbəb həm fiziki hazırlığımızın, həm də döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasıdır. Əmin olun ki, xidmətimi düzgün təşkil edəcək, əcdadlarımızdan əmanət qalan Vətən torpaqlarını mətinliklə qoruyacağam.
Əsgərlər Nursaid Abdullazadə, Güləhməd Hüseynov, Ənvər Qoçaliyev və digərləri hərbi hissədə onlar üçün yaradılan şəraitdən, idmanın insana olan xeyrindən, hər gün fiziki hazırlıqla məşğul olmalarından, şanlı Vətən müharibəsi zamanı düşmənə göz dağı verən qəhrəman oğullarımızın güc və qüvvətindən danışdılar. Hər biri Vətəni sevdiklərini, onun uğrunda istənilən an canlarından keçməyə hazır olduqlarını dedilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"
foto Coşqun CƏFƏROVUNDUR