Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2023 10:48

“Vətən torpağının keşikçisiyəm”

Salam anacan. Necəsən? Bu məktubu sənə şanlı ordumuzun qələbə çalaraq düşmən işğalından azad etdiyi dilbər guşələrimizin birindən yazıram. Qürurlanıram ki, şəhid və qazi qardaşlarımın canlarını belə düşünmədən azad edib bizə əmanət qoyduqları Vətən torpağının keşikçisiyəm.
Xatırlayıram, sən həmişə deyərdin ki, oğlum, Vətəni qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. O zaman bəlkə də bu sözlərin mənasını dərk etmirdim. Ancaq bu gün anlayıram ki, doğrudan da, müqəddəs bir vəzifəni icra edirəm. Vətəni qorumaq ailəni, sevdiklərini, xalqını, millətini qorumaq deməkdir. Bu gün mən də əziz Vətənimin müdafiəsində dayanıb borcumu yerinə yetirirəm. Burada olmaqdan çox xoşbəxtəm. Xoşbəxtəm, ona görə ki, xalqımız Vətən müharibəsində şahidi olduğumuz kimi, biz əsgərlərinə daima inanır, güvənir. Xalqımızın otuz illik həsrətinə son qoyan, qələbə sevincini yaşadan güclü ordunun əsgəri olmaq məni də sevindirir. Ana, bilirsən, hərbi hissəmizdə xidmətimizin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb. Burada sənin yeməklərin kimi dadlı təamları ağxalatlı xanımlar bişirirlər. Hər gün milli mətbəximizdən olan növbənöv vitaminli yeməklərlə qidalanırıq. Yataq yerlərimiz də təmiz, səliqəli və rahatdır. Təmizliyimiz üçün hər həftənin sonuncu günü yataq dəstlərimiz yığılaraq yeniləri ilə əvəz olunur. Çirkli camaşırlar isə hərbi hissəmizdə müasir avadanlıqların köməkliyi ilə gigiyenik və təravətli yuyucu vasitələrlə yuyulub yenidən bölməmizə göndərilir. Təkcə yataq dəstlərimiz deyil, paltarlarımız da orada yuyulub bizə verilir. Asudə vaxtımızı da səmərəli keçirməyimiz üçün hər cür şərait yaradılıb. Boş vaxtlarımızda əsgər yoldaşlarımla stolüstü oyunlar oynayır, televiziyada tarixi filmlər izləyir və yaxud maraqlı söhbətlər edirik. Bilirsən, xidmətim zamanı yeni dostlar da qazanmışam. Əsgər Cavid Rzayev, Anar Abdullayev, Telman Mustafayev ilə çox mehriban dostluğumuz var. Əminəm ki, bu dostluqlar əbədi olacaq.
Fiziki cəhətdən sağlam və güclü olmağımız üçün mütəmadi idmanla da məşqul oluruq. Anacan, əsil hərbçi olmağımız üçün Vətən müharibəsində iştirak etmiş təcrübəli və savadlı komandirlərimiz həvəslə bizə hərbin bütün sirlərini öyrədirlər. Bütün bunların qarşısında bizim üzərimizə sadəcə bir vəzifə düşür - dərslərdə fəal iştirak edib, komandirlərimizin bizə öyrətdiklərini məsuliyyətlə dərindən öyrənib, onların döyüş təcrübəsindən nümunə götürmək.
Canım anam, bir sözlə, xidmətim əla keçir. Artıq sən də qürurla deyə bilərsən ki, dövlətimizin güclü ordusunda xidmət edən məğrur bir əsgər anasısan.

Arazxan HACIYEV "N" hərbi hissəsi