Əsgərlərin valideynləri ilə görüşdüyü səhnəni çoxumuz görmüşük. Bu görüş həsrətin bitdiyi, ayrılığın sona yetdiyi, sevincin, təbəssümün üzə qonduğu andır. Uzun zaman bir-birini görməyən ata-ana əsgər övladını bağrına basır. Bu anda çöhrələrdən sevinc göz yaşları süzülür, həsrət dolu gözlər gülür, ürəklər həyəcanla döyünür. Asta-asta nəmli gözlərdən yanaqlara sevincdən yaranmış yaş damcıları süzülür. Qəlbləri riqqətə gətirən bu səhnəyə həyəcansız baxmaq olmur. Bu mənzərə istər-istəməz hər kəsi kövrəldir.
Bu günlərdə yenə də ayrılığın bitdiyi yerdə, kövrəklikdən yoğrulmuş, qəlbləri titrədən belə bir səhnəni gördüm, həyəcanlı anları izlədim.
"N" hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilirdi. Həm əsgərlər, həm də onların valideynləri həyatlarının sevinc dolu ən gözəl günlərindən birini yaşayırdılar. Belə günlər, belə anlar insan həyatında yalnız bir dəfə olur. Sonra heç vaxt təkrarlanmır...
Andiçmə mərasimi başa çatdıqdan sonra gənc əsgərlərə valideynləri ilə görüşməyinə icazə verildi. Hamımıza doğma və əziz olan mənzərəni həyəcanla izlədim. Bu anlarda ürəklərdə, gözlərdə sevinc dolaşırdı. Valideynlərin, əsgərlərin üzlərindəki sevinci təsvir etməyə sözün də gücü çatmırdı.
Ürəkaçan bu səhnələri izləyə-izləyə qeydlər edir, müşahidələr aparırdım. Yenidən nəzarət-buraxılış məntəqəsi tərəfə baxanda bir ananın görüşə üçrəngli bayrağımızla gəldiyini gördüm. Gördüyüm səhnə təkcə mənim yox, ətrafdakı adamların da diqqətini çəkdi. Doğrudan da, çox qürurverici səhnə idi. Əsgərin valideynləri ilə yaxınları da görüşə gəlmişdilər. Onların da üzündə sevinclə dolu qürur çiçək açmışdı.
Qürur dolu addımlarla həmin adamlara yaxınlaşdım. Tanışlıq zamanı öyrəndim ki, onlar əsgər övladlarının yanına Kürdəmir rayonunun Şuşun kəndindən gəliblər. Əsgər atası Elşad Allahverdiyev dedi ki, oğlum Allahverdini hərbi formada görmək çoxdankı arzum idi. Bu gözəl yay günündə arzuma qovuşdum, istəyimə çatdım. Oğullar Vətəni qorumaq üçün doğulurlar. Allahverdi evimizin, ailəmizin ilk əsgər övladıdır. Şükürlər olsun ki, bu günü gördüm. Onun Hərbi Andı qəbul etdiyini yaxından izlədim. Əsgər atası olmağımla fəxr edirəm. Fəxr edirəm ki, oğlum güclü, qüdrətli, qalib ordunun əsgəridir. İnanıram ki, Allahverdi əsgər kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gələcək, hər yerdə və həmişə başımızı uca edəcək.
- Bu gün oğlum Allahverdinin andiçmə mərasimində iştirak etdim. Qürur hissləri keçirdim. Səmimi olaraq deyim ki, hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Bu günün təəssüatları uzun müddət yaddaşımdan silinməyəcək, - deyə əsgər anası Kəmalə Allahverdiyeva söhbətimizə qoşuldu. - Bu gün mən də əsgər anasıyam. Bu adla fəxr edirəm, öyünürəm. Allahverdi ordu sıralarına böyük həvəslə yola düşdü. Hamımızı əmin etdi ki, Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirəcək, torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanacaq. Mən əsgər anası kimi əminlik hissi ilə deyə bilərəm ki, Allahverdi verdiyi sözə, içdiyi anda sadiq qalacaq. Ordu sıralarından evimizə alnıaçıq, başıuca qayıdacaq.
Əsgər Allahverdi Allahverdiyev də valideynlərinin sözlərini təsdiq edərək dedi ki, ordu sıralarına böyük sevgi ilə gəlmişəm. Elə buna görə də hərbi bilik və döyüş vərdişlərini həvəslə mənimsəyirəm. Xidmətə başlamağımızdan az vaxt keçsə də, məşğələlərdə ilkin hərbi bilikləri öyrənmişik. Qürur duyuram ki, 44 günlük Vətən müharibəsində düşmənləri məhv etmiş, 28 ildən çox davam edən erməni işğalına son qoymuş, xalqımıza Zəfər sevinci yaşatmış güclü, qüdrətli Azərbaycan Ordusunun sıralarında xidmət edirəm.
Əsgər Allahverdi Allahverdiyevlə görüşə gələn yaxınları ilə də tanış olub söhbət etdik. Öyrəndim ki, üçrəngli bayrağımızı başı üzərinə qaldırıb əsgərlə görüşə gələn Nazilə Alıyeva Kürdəmir rayonunun Şuşun kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Vətənə, yurda ürəkdən bağlı Nazilə xanım dedi ki, biz istər dərslər zamanı, istərsə də asudə vaxtlarımızda şagirdlərimizə hərbi vətənpərvərlik hisslərini aşılamağa çalışırıq. Gənc nəsli vətənpərvər ruhda böyütmək biz müəllimlərin mənəvi borcudur.
- Orta məktəbdə oxuyanda Allahverdiyə dərs demişəm, - deyə əsgərin dayısı Füzuli Alıyev söhbətimizə qoşuldu. - Allahverdi çox çalışqan, vətənpərvər şagird idi. Dərslərə yaxşı hazırlaşar, ev tapşırıqlarını layiqincə yerinə yetirirdi. İnanıram ki, o, əsgər kimi də üzərinə düşən hərbi tapşırıqların öhdəsindən bacarıqla gələcək.
Abşeron rayonundakı 53 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləyən bacısı Safura Allahverdiyeva da qardaşının əlamətdar gününü təbrik etmək üçün hərbi hissəyə gəlmişdi.
- Qardaşımı əsgər formasında görəndə çox sevindim, - deyə Safura Allahverdiyeva sözə başladı. - Allahverdi ilə uşaqlığımız bir yerdə keçib. Qardaşım hələ kiçik yaşlarından özünü "əsgər" kimi aparırdı. Başına papaq qoyub hərbi salam verər, tez-tez nizami addımlarla addımlayardı. Onun bu cür yerişindən zövq alardım. İndi qardaşım arzusuna çatıb, Vətənə əsil əsgər olub. İnanıram ki, Allahverdi Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirəcək.
Yaxın qohumları Nazlı və Kənan Alızadələr də əsgər Allahverdi Allahverdiyevin qismində bütün hərbi qulluqçularımızı andiçmə günü münasibətilə təbrik etdilər, onlara uğurlar arzuladılar.
Valideynlərlə övladlarının görüşləri davam edir. Qarşılaşdığım insanların üz-gözündən təbəssüm yağır. Hamı gənc əsgərlərin Hərbi Andı qəbul etdiyi günün sevincini yaşayırdı.
Bir az əvvəl həmsöhbət olduğum valideynlərdən uzaqlaşsam da, bayrağın dalğalandığını görürəm. Çox qürurverici səhnədir. Düşünürəm ki, üçrəngli, aylı-ulduzlu bayrağımız dünya durduqca əzəmətlə dalğalanacaq. Xalqımızın bayrağa olan sevgisi tükənməyəcək. Bayrağımız təkcə başlar üzərində deyil, həm də ürəklərdə, qəlblərdə də dalğalanacaq.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"
Bu günlərdə Azərbaycan Ordusunda keçirilən Hərbi andiçmə mərasimində iştirak etdim. Yaxın qohumum gənc əsgər Turxan Abbasov Hərbi Andı qəbul edərək Azərbaycan Ordusunun sıralarına daxil oldu. Hər bir valideyn üçün bu gün əlamətdar, tarixi bir gün sayılır. Çünki Hərbi Andı qəbul edən hər bir gənc əsgər gələcəkdə həyatda qarşılaşacağı çətin günlərin öhdəsindən necə gələ bilməsinin təməlini hərbi xidmət dövründə qoyur. Doğrudan da, əsgərlik kişilik məktəbidir. Hər bir övlad mütləq əsgəri xidmət keçib, Vətənə övladlıq borcunu şərəflə, vicdanla, namusla yerinə yetirməlidir.
Hərbi hissədə əsgərlər üçün yaradılan şəraitlə də tanış olduq. Müasir tipli yataqxana, yeməkxana hərbi qulluqçularımızın istifadəsindədir. Məişət şəraiti yüksək səviyyədədir. Valideynlər övladlarının xidmət yeri ilə tanış olduqca onlarda xoş ovqatın yarandığını görürdüm. Əsgər yeməkxanasında da yaradılan şəraitlə tanış olduq. Bütün hərbi hissələrdə olduğu kimi, gənc əsgərlərin yerləşdiyi bu hərbi hissədə də yeməklərin bişirilməsi aşpaz xanımlara həvalə olunub. Hərbi qulluqçular üçün hazırlanan təamlardan yedik. Çox dadlı, əsl ev xörəkləri kimi bişirilmişdi. Əsgərlərin həmin xörəkləri necə ləzzətlə yediyinin də şahidi oldum.
Bu gün Azərbaycan Ordusunun maddi-texniki təminatı yüksək səviyyədədir. Bu təminat Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində günü-gündən artırılır. Dünyanın ən müasir silahları ilə təchiz edilən ordumuzla hər bir Azərbaycan vətəndaşı fəxr edir. Mən də keçmiş hərbi qulluqçu kimi 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan rəşadətli Azərbaycan Ordusu ilə qürur duyuram. Fəxr edirəm ki, mən də ordumuzda gizir hərbi rütbəsində Vətənimizin müdafiəsində dayanmışam. Tərtərdə, Füzulidə, Qazax bölgələrində xidmət etmişəm. Xidməti vəzifəmi yerinə yetirərkən də xəsarət almışam. III qrup əliləm. Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olmuşam. Şükürlər olsun, bu gün erməni işğalçılarından azad edilən torpaqlarımıza öz ata-baba yurdundan məcburi köçkün düşən həmvətənlərimiz qayıdır. Onlar 30 ildən sonra öz doğma yurd yerlərində yaşayacaqlar. Sevinirik ki, artıq Böyük Qayıdış başlayıb.
Yaşar ƏLİYEV Vətən müharibəsi iştirakçısı