Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2023 10:30

Yaddaşdan silinməz Zəfər nəğməsi

Azərbaycan Respublikasında 2023-ci ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Naxçıvanda 2023-cü ilin 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev-100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi" təşkil edildi. Düşərgənin proqramına Naxçıvanın tarixi və mədəni abidələri ilə tanışlıq, müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlarla yanaşı, Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları, şəhid ailələri ilə "Qarabağ fatehləri" mövzusunda görüşü də daxil edilmişdi. Düşərgənin 6-cı günü keçirilən görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayıl bildirdi ki, düşmən havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal etmişdi. Ancaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində igid oğullarımız itirilmiş torpaqları öz qanı bahasına azad etdilər. Xalqımıza, millətimizə qələbə qazandırdı. Bu qələbə  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara da sevinc və qürur hisslərini yaşatdı.
Şəhid ailələri və qazilərlə görüşün təşkil olunmasında da məqsəd müharibənin canlı şahidləri və şəhid anaları ilə gənclərin birbaşa təmasını qurmaq və o hissləri canlı yaşatmaqdan ibarətdir. Söz şəhid analarına verilir. Baş leytenant Raqib Hüseynovun, leytenant Vəli Quliyevin və Emin Sadiqovun  valideynləri övladları haqqında gənclərə qürurla bəhs edirlər. Rəna ana deyir ki, şəhidlər unudulanda ölür. Nə qədər ki, vətənpərvər gəncliyimiz var, şəhidlər də əbədi yaşayacaqdır. Gülşad ana Məmməd Arazdan sitat gətirdi: "Vətən mənə oğul desə, nə dərdim? Mamır olub qayasında bitərdim". Oğullar bu Vətənin daşı, qayası oldular. Torpaqlarımızı düşməndən təmizlədilər. Həqiqət ana isə qazanılan zəfərlə dünyaya qalib Azərbaycanı tanıtdıq dedi. Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Təbriz Zeynalov, ehtiyatda olan kapitan Ceyhun Bayramov və baş leytenant Əli Əlisoy keçdikləri şərəfli döyüş yolu haqqında söhbətlər etdilər. Gənclər minnətdarlıq duyğularını ifadə etmək üçün söz aldılar. Cəbrayılı görməsəm də, Cəbrayıl doğumluyam deyən gənc bir xanım səhnəyə çıxaraq şəhid analarına sarıldı. Zalda duyğulu anlar yaşandı. Çində təhsil alan Xədicə Əsgərova yazdığı şeiri ilə görüşə rəng qatdı.
"Elə bilməyin ki, təksiniz, dünyanın dörd bir yanında oğul və qızlarınız var", - deyən Almaniyadan gələn Pəri Təhməzova əslən şuşalı olduğunu bildirdi: "Sizin kimi mətin anaların yetişdirdiyi oğulların sayəsində artıq Şuşamızı görə biləcəyik". Göz yaşlarına qərq oldu Pəri. "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı zalı bürüdü. Macarıstandan düşərgəyə qatılan Ramiq Şükürov şəhid analarına, qazilərə minnətdarlığını ifadə edərək bildirdi ki, qazanılan zəfər sayəsində indi alnıaçıq, başıuca gəzə bilirik. Qəhrəmanlarımızı tanımaq, tanıtmaq biz Azərbaycan gənclərinin ümdə vəzifəsidir və biz yaşadığımız ölkələrdə bu işin öhdəsindən layiqincə gələcəyik. Sankt-Peterburqdan gələn Emil Quliyevin əmisi oğlu Elgün Quliyev Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Emil deyirki, indi biz rahatlıqla, Qarabağ Azərbaycandır!” deyə bilirik. Əvvəlki illərdə olduğu kimi, artıq sübuta, uzun-uzadı mübahisələrə də ehtiyac qalmayıb. Moskvadan düşərgəyə qatılan Nazlı Hacıyevanın çıxışı alqışlarla qarşılandı. Gənc qız 44 günlük Vətən müharibəsi dövründə yalnız seyrçi kimi qalmayıb, informasiya savaşının fəallarından olub. Portuqaliyadan, Avstraliyadan qatılan gənclər də danışdı. Görüşün əvvəlindən müşahidə olunan həyəcan kulminasiya nöqtəsinə çatdı.
Diaspor gənclərinin Vətən sevgisi göz önündədir. Hansı ölkədə yaşamalarından asılı olmayaraq onları birləşdirən bir dəyər var: Azərbaycan və azərbaycançılıq. Azərbaycanla ürəyi döyünən gənclərlə qürur duyuruq və onların ölkəmizi layiqincə təbliğ edəcəklərinə əminik!

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru