Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2023 10:27

Təcrübəli zabit, peşəkar döyüşçü

Baş leytenant Rəşad Aslanov Gəncə şəhərində dünyaya göz açıb. Torpaqlarımızın azadlığı uğrunda olacaq döyüşlərdə iştirak edənlərin arasında olmaq istəyi onu ordu sıralarına gətirib. 26 saylı orta məktəbi bitirərək, Gəncə Dövlət Universitetinə qəbul olub. Həmin universitetin məzunu olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbçi olmaq istədiyi üçün müddətli həqiqi hərbi xidmətini başa vurandan sonra "Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunub. Kursantlıq dövründə peşəkar komandirlərin təcrübəsindən bəhrələnərək, hərbin sirlərinə dərindən yiyələnib. Tədris dövründə də bütün dərslərdə fəal iştirak edib. Bunun nəticəsidir ki, buraxılış imtahanında yüksək nəticə göstərərək, "leytenant" hərbi rütbəsi qazanıb.
Zabit kimi xidmətə başladığı gündən etibarən tabeliyində olanları təcrübəli hərbçi kimi yetişdirməyi qarşısına məqsəd qoyub. Onların döyüş, atəş, fiziki və sıra hazırlıqları ilə yanaşı, mənəvi-psixoloji vəziyyətinin də yüksəldilməsi üçün bilik və bacarıqlarını səfərbər edib. Buna görə də gənc zabitin tabeliyində şəxsi heyət cəsur Azərbaycan əsgəri adına layiq formalaşaraq, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən asanlıqla gəlib. Qısa müddət ərzində Rəşad həm komandirlərin, həm də şəxsi heyətin hörmət və rəğbətini qazanıb. "N" hərbi hissəsində olduğumuz zaman bunun canlı şahidi olduq.
Zabitlə söhbət zamanı Azərbaycan əsgərinin vətənpərvərliyindən danışdı. Dedi ki, vətənpərvərlik özü üçün deyil, dövləti, xalqı və milləti üçün yaşamaq, yaşatmaqdır. "Bu gün üçün deyil, gələcək üçün yaradıb və yaratmaqdır. Vətənpərvərlik hər bir kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Bu hiss həm də Vətən naminə çalışmaq, canı bahasına olsa belə qorumağa hər an hazır olmaq, onun yolunda fədakarlıqlar göstərməkdir. 44 günlük Vətən müharibəsində isə Azərbaycan əsgəri, zabiti, giziri əsl vətənpərvərlik nümayiş etdirərək, doğma elimizi-obamızı işğalçılardan azad etdilər. Tarix boyu xalqımıza və millətimizə divan tutan erməni vandallarından bütün şəhidlərimizin qisasını aldılar".
Söhbət zamanı şux duruşlu, iti baxışlı zabitin Vətən müharibəsinin iştirakçısı olduğunu da öyrəndik. Qorxu bilmədən düşmən üzərinə sıçrayan igid zabit ermənilərdən şəhidlərimizin qisasını alanlardan biri olub. Onun təcrübəsi və peşəkarlığı nəticəsində işğalçılar xeyli sayda itki veriblər. R.Aslanov kimi cəsur oğullarımızın qarşısında tab gətirə bilməyən qəsbkarlar məğlubiyyətə düçar oldular. Beləliklə, baş leytenant Rəşad Aslanov Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Daha sonra zabit şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən danışdı. Dedi ki, ordu sıralarında əsas amillərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. "Biz komandir heyətinin üzərinə düşən əsas vəzifələrdən biri də orduda xidmət edənlərin döyüş qabiliyyətləri ilə yanaşı, mənəvi-psixoloji vəziyyətlərini də yüksəltməkdir. Bunun üçün ictimai-siyasi hazırlıq dərslərinə və asudə vaxta xüsusi önəm verilir. Dərslərdə şəxsi heyətlə iş üzrə komandir müavinləri mütəmadi olaraq əsgərlərlə maarifləndirici söhbətlər edirlər. Hərb tariximizə adlarını qızıl hərflərlə yazdıran qəhrəman oğullarımızın həyat yolundan danışırlar. Belə oğullarımızı yaxından tanımaq və gənc nəslə tanıtmaq başlıca vəzifəmizdir. Onların asudə vaxtlarının səmərəli keçirilməsi də vacib şərtlərdəndir. Bu səbəbdən bölmələrdə müxtəlif növ yarış və viktorinalar keçirilir. Şəxsi heyətin dünyagörüşünün artırılmasında kitablar, qəzet və jurnallar böyük rol oynayır. Bu tapşırıqları yerinə yetirmək üçün Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən hərbi hissəmizdə hərtərəfli şərait yaradılıb. Şəxsi heyətin üzərinə düşən vəzifə isə xidmətlərini düzgün təşkil edib, torpaqlarımızın müdafiəsində mətin dayanaraq, Azərbaycan əsgəri adını şərəflə daşımaqdır".

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"