Vətənimizin müdafiəsində dayanan oğulların sırasında istehkamçıların xüsusi yeri var. 44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının uğurla keçirilməsində istehkamçılarımızın fədakarlıq və igidlik nümunələri hər kəsə məlumdur. Bildiyimiz kimi, mühəndis-istehkam bölmələri düşmənə mina-partlayış və digər vasitələrlə zərər vermək, onun hərəkətlərini çətinləşdirmək, eyni zamanda, öz qoşunlarımızın hərəkətini asanlaşdırmaq üçün əsas vasitədir.
İstehkamçılar xidməti vəzifələrini, qarşıya qoyulan tapşırıqları layiqincə icra etmək məqsədilə təlim-məşqlərdə təcrübələrini daha da artırırlar.
"N" hərbi hissəsində mühəndis-istehkamçılarla söhbətləşən zaman öyrəndim ki, hər biri öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Bölüyün şəxsi heyəti xidmətin özəlliyini nəzərə alaraq, ciddi və məsuliyyətli, həm də gərəkli bir sahədə fəaliyyət göstərdiklərini gözəl başa düşür.
Doğrudan da, bölüyün şəxsi heyətinin fəaliyyətindən aydın görünürdü ki, zabit heyəti öz peşə bacarıqlarını tabeliyindəkilərə qısa müddətdə yüksək səviyyədə öyrətməyi bacarıb. İstehkamçıların birbaşa ixtisas hazırlığıyla bağlı apardıqları çalışmalarla yanaşı, onların mənəvi-psixoloji vəziyyətinə də ciddi diqqət yetirildiyi aydın görünür. Bunun nəticəsidir ki, istehkamçıların hər biri Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirmək üçün səylə çalışır.
Müşahidəçisi olduğum son ixtisas dərsində bölüyün hərbi qulluqçuları düşmənin basdırdığı minaların - tank və piyada əleyhinə minaların aşkarlanması və zərərsizləşdirilməsini məşq edirdilər. Şəxsi heyət taktiki-təlim sahəsinə tam hazırlıqlı vəziyyətə gəlmişdi. Təlim üçün ayrılmış sahədə minaaxtaranları, zəruri mühəndis ləvazimatlarını, mühəndis-kəşfiyyat dəstini, xüsusi işarələnmiş lentləri, bayraqları, istehkam qarmaqlarını görürük.
İxtisas dərslərinin və çöl çalışmasının tapşırıqları barədə danışan manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elməddin Əsgərov bildirdi ki, fərdi və manqa hazırlığı mərhələləri artıq arxada qalıb. "Buna görə də hazırkı məşğələni tələb olunan qaydalarla keçirmək bir elə də çətin olmayacaq. Çünki bölüyün şəxsi heyətinin işğaldan azad edilmiş torpaqlarımızdan minaların təmizlənməsində yetərincə təcrübəsi var”.
Çavuş E.Əsgərov uzun illərdir Azərbaycan Ordusunun sıralarında hərbi xidmətini davam etdirir. 44 günlük Vətən müharibəsi zamanı cəbhənin Tərtər, Ağdərə istiqamətində, Çaylı, Suqovuşan, Talış kəndlərinin minalardan təmizlənməsində və keçidlərin açılmasında yaxından iştirak edib. Ağdam işğaldan azad olunduqdan sonra ərazilərin minalardan təmizlənməsində onun da əməyi az olmayıb. Bu ixtisası öz arzusu ilə seçib. Plana uyğun keçirilən təlimlərdə bilik və təcrübəsini daima artırıb. Dəfələrlə yuxarı komandanlığın fəxri fərmanlarına layiq görülüb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.
Təlimin gedişini izlədik, müşahidəmizi davam etdirdik. Əsgərlərə əvvəlcədən məlum olan oriyentirlər göstərilir, üfüqi xətt üzrə müəyyən məsafələrlə göstərilmiş həddəcən mina axtararaq irəliləyir və tapdıqları yeri işarələdikdən sonra bayraq sancırlar. Bu zaman məlum olur ki, aşkarlanan tank əleyhinə minalar yerində zərərsizləşdirilir, piyada əleyhinə minaların partladılması isə sonraya saxlanılır.
İstehkamçıların çalışması onları yeni uğurlara fərəhləndirən yüksək nəticələrlə başa çatdı. Peşə bacarıqlarını ustalıqla yerinə yetirərək xüsusi fəallıqları ilə seçilən əsgərlərdən Taci Əlimmədov və Bəhman Məmmədov Ağdam, Kəlbəcər, Laçın rayonlarının minalardan təmizlənməsi işlərinə kömək məqsədilə göndərildiklərini dedilər. Vətən torpağının hər qarışı doğmadır, deyən əsgərlər minaların təmizlənməsi prosesində iştirak etdikləri üçün qürurlandıqlarını bildirdilər.
Bu gün əsgərlərin qürurla, məsuliyyətlə, böyük həvəslə çalışmaları sayəsində minalardan təmizlənən düşməndən azad olunmuş ərazilərimizdə rayon və şəhərlərimiz daha müasir görkəmdə yenidən qurulur, bərpa olunur. Deməli, onların gərəkli peşə fəaliyyətləri öz bəhrəsini verməkdədir.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"