Həyatda elə anlar olur ki, yaddaşımızda silinməz izlər buraxır. Həmin anları isə gülümsəyərək, sevinclə, qürurla xatırlayırıq. Xidmət dövründə də belə anlar çox olur. Və hər kəsin yaddaşına qızıl hərflərlə yazılır. Kimisi hərbi formanı geyindiyi anı, kimisi təlimlərdə silahdan ilk dəfə atəş açdığı dəqiqəni, kimisi də əsgər adı qazanmaq üçün Hərbi Andı qəbul etdiyi günü unutmur. Əsgərlərə "xidmətin zamanı unudulmaz günün hansıdır?" sualını ünvanladıqda çoxları Hərbi Andı qəbul etdiyi günü söyləyir.
"N" hərbi hissəsində əlamətdar bir gün idi. Gənc əsgərlərimiz Hərbi Andı qəbul edərək ordu sıralarına daxil oldular. Onlarla söhbətləşmək, fikirlərini bölüşmək, valideynlərin gözlərindəki sevinc qığılcımını görmək üçün səbirsizlənirəm. Mərasim başladı və rituallara uyğun olaraq davam etdi. Sıra meydanının kənarında dayanan valideynlərin gözləri öz övladlarını axtarırdı. Övladlarına baxan valideynlərin "əsgər balam", "igid balam", "Yaşasın Azərbaycan əsgəri" pıçıltılarını eşidirdim. Mərasim başa çatdı və hər kəsin səbirsizliklə gözlədiyi an yetişdi. O an gördüyüm mənzərə məni qürurlandırdı. Övladını bağrına basıb ağlayan analar, nəvəsinin əllərindən öpüb kövrələn nənələr, əsgər papağını başına qoyub "Ən böyük əsgər bizim əsgər" deyərək səslənən qardaşlar... Yaşanan izdihamda diqqətimi daha çox çəkən gənc əsgərin atasına dediyi sözlər oldu. "Ata, oğlun Elgün bu gün Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edəcəyinə, Vətən torpaqlarını öz namusu kimi qoruyacağına, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qanı və canını əsirgəməyəcəyinə and içdi".
Əsgər sözünü bitirdikdən sonra onlara yaxınlaşıb həmsöhbət oldum. Söhbət zamanı əsgər atası övladıyla qürur duyduğunu bildirdi. "Mən sevinirəm ki, oğlum Vətənin keşiyində dayananlar sırasındadır. Təkcə oğlumla yox, bütün Azərbaycan əsgəriylə fəxr edirəm. Çünki Vətənimiz, o cümlədən ordumuz bu cür Azərbaycan gənclərinin çiyinləri üzərində yüksəlir. Bu gəncliklə nə qədər qürur duysaq azdır. Hər bir valideyni bugünkü gün münasibətilə təbrik edirəm".
Gənc əsgər Elgün Həsənli də düşüncələrini bizimlə paylaşdı. O, Vətənimizin hər bir qarışını qorumaq üçün hər zaman ayıq-sayıq olacağını, cəsarətlə xidmət edəcəyini qeyd etdi:
- Hərbi Andı içərək Azərbaycan əsgəri adını qazandıq. Bundan sonra hərbin sirlərini dərindən öyrənməyimiz üçün məsuliyyətimiz daha da artacaq. Vətənimizin keşiyində qürurla dayanacağıq. Qəhrəman oğullarımız Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdilər. Bizim vəzifəmiz isə torpaqlarımızın azadlığının daimi olması üçün onun müdafiəsində möhkəm dayanmaqdan ibarətdir. Hərbin sirlərinə dərindən yiyələnərək güclü hərbçi olmalı və hər an istənilən təhdidin qarşısını almağa qadir olmalıyıq!
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"