Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

Qələbəmizdən hələ çox danışılacaq...

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, işğaldan azad edilmiş torpaqlarda səhərlərini quruculuğa, yeniden qayıdış xəbərlərinə açır. İllərin əziyyəti və təlimləri nəticəsində əldə edilən bu tarixi Zəfər ordumuzun hər bir zabit və əsgərinə, xidmətə başlayacaq çağırışçılara da ruh yüksəkliyidir.
"N" hərbi hissəsində bu mövzuda söhbət edərkən leytenant Ramin Həmidovla tanış olduq. Əslən Göyçay rayonundan olan Ramin Həmidov döyüşlərlə bağlı düşüncələrini bizlərlə bölüşdü. O qeyd etdi ki, qələbə xəbərini uzun illərdən bəri gözləyirdik. "Təhsil aldığım orta məktəb illərində müəllimlərimiz tarix dərslərində bizlərə Birinci Qarabağ müharibəsi zamanı insanların başına gətirilən müsibətlər haqqında məlumatlar verirdilər. Həmin dövrdən biz də düşmənə nifrət hissiylə xidmətə yollanacağımız günü səbirsizliklə gözləyirdik.
Sinif yoldaşlarımla bir araya gəlib gələcək peşəmiz haqqında müzakirələr apararkən hər zaman zabit olmaq istədiyimi bildirirdim. Düşünürdüm ki, hərbçi olub bu işğalı sonlandıranların sırasında olacam. Bu niyyətlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum. Kursant yoldaşlarımla birgə tək məqsədimiz Qarabağı azad görmək idi. Bu məqsədlə tədris prosesində aktiv iştirak edərək nümunəvi zabit kimi formalaşmaq yolunda qəti addımlar atırdıq. Tək hədəfimiz öyrəndiyimiz bilikləri haqq savaşımızda tətbiq etmək idi.
2020-ci il sentyabrın 27-də hər bir azərbaycanlının gözlədiyi o məqam yetişdi. Vətən müharibəsi vaxtı sonuncu kurs olaraq döyüşlərə qatıla bilməməyimiz kursant yoldaşlarımla məni olduqca məyus etdi. Hər günümüz həyəcanla Ali Baş Komandanın xalqa müraciətini, növbəti qələbə çıxışlarını gözləməklə keçirdi. Eşitdiyimiz müjdəli xəbərlər bizlərin sonsuz sevincimizin tək səbəbinə çevrilirdi. Əsas sevinc payı isə əslən Qarabağdan olub, ancaq o diyarı əsla görə bilməyən kursant yoldaşlarıma düşürdü. Hər bir qələbə xəbəri onların üzlərindəki təbəssüm qığılcımlarını alovlandırıb ürəklərinə rahatlıq toxumu səpirdi. Bu kimi qürur dolu anları heç zaman unutmayacam. Hazırda ali hərbi təhsilimi başa vurub "leytenant" rütbəsində xidmətimi davam etdirirəm. Hərbi hissəmizə yeni gələn hər əsgərin ovqatında bu zəfərin müsbət təsirləri aydın görünür. Mən hazırda xidmətimin ən şərəfli illərini yaşayıram. Bunun üçün qələbəni bizlərə yaşadan Azərbaycan Ordusuna, əsas da şəhid və qazilərimizə dərin minnətdarlığımı bildirirəm".

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"