Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

İctimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür

Rəşadətli Azərbaycan Ordusunun sıralarında qürurla xidmət edən cəsur Vətən müdafiəçilərinin döyüş, atəş və fiziki hazırlıqları ilə yanaşı, mənəvi-psixoloji vəziyyətlərinin də daim yüksək səviyyədə saxlanılması üçün profilaktik tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri də günün nizam qaydalarına uyğun olaraq keçirilən ictimai-siyasi hazırlıq dərsləridir. Bu cür dərslər sayəsində şəxsi heyət hərb tariximizi, qəhrəmanlarımızın və sərkərdələrimizin həyat və döyüş yollarını öyrənirlər. Nəticədə məğrur əsgərlərimizin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı daha da yüksəlir. Keçirilən dərslər sayəsində Azərbaycan əsgərində ruh yüksəkliyi yaradılır və peşəkar hərbçi kimi formalaşdırılır. Məhz bu səbəblərdən Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ictimai-siyasi hazırlıq dərslərinin keçirilməsinə xüsusi önəm verilir.
Beləliklə, "N" hərbi hissəsinin ideoloji otağında olduğumuz zaman ictimai-siyasi hazırlıq dərslərinin gedişatı ilə yaxından tanış olduq. Dərs üçün nəzərdə tutulmuş ideoloji otaqda Azərbaycan dövlətinin rəmzləri, tarixi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti, dövlət və ordu quruculuğu sahəsində fəaliyyəti, Müzəffər Ali Baş Komandanın və müdafiə nazirinin əsgərlərlə görüşlərini əks etdirən fotostendlər göz oxşayırdı. Həmçinin hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsi zamanı çəkilən şəkillər də diqqətimizdən yayınmadı. Əlbəttə, bütün bu amillər bölmədə təbliğat və təşviqat işinin yüksək səviyyədə aparıldığının aydın göstəricisidir.
Dərs prosesi bitdikdən sonra şəxsi heyətlə həmsöhbət olduq. Əsgər Fərid Alyarzadə bildirdi ki, hərbi mundiri şərəf və ləyaqətlə daşıyan hər kəs öz xalqının, ölkəsinin tarixini dərindən bilməlidir. "Təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq keçirilən ictimai-siyasi hazırlıq dərslərinin köməkliyi ilə hərb tariximizi dərindən öyrənirik. Həmçinin torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında şücaət nümayiş etdirən oğullarımızı tanıyırıq. Xain düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksələn soydaşlarımız haqqında dəyərli söhbətlər edirik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsindən danışırıq. Haqq savaşımızda xalq-ordu birliyi də diqqətimizə çatdırılır. Əlbəttə, bütün bu amillər mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edir. Dərslər zamanı mühazirələri maraqla dinləyirik".
Əsgər Rəvan Əsgərov ictimai-siyasi hazırlıq dərslərinin mənəvi-psixoloji hazırlıqlarının daha da artırılmasında böyük rolu olduğunu dedi. "Günün nizam qaydalarına uyğun olaraq komandirlərimizin rəhbərliyi altında hər həftənin bazar ertəsi və cümə günlərində keçirilən dərslər sayəsində hərb tariximizi, mədəni irsimizi, erməni təcavüzkarlığı və faşizmi haqqında biliklərimizi artırırıq. Haqq savaşımızda xain düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn oğulları, 44 günlük Vətən müharibəsində işğalçılara göz açmağa imkan verməyən qəhrəmanlarımızı tanıyırıq. Onların hər birinin döyüş yolu bizə örnəkdir".
Əsgər Hacı Əliyev isə dedi ki, keçirilən bütün dərs və məşğələlərin mövzularını dərindən öyrənirik. Komandirlərimizin peşəkarlığı sayəsində hərbin bütün incəliklərini mənimsəmişik. Bunun nəticəsidir ki, dərs prosesləri və təlimlərdə qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən asanlıqla gəlirik.
Əsgərlər Bayram Əhmədov, Səxavət Əkbərli və digərləri əsgəri xidmətlərindən, Vətən qarşısında övladlıq borclarını ləyaqətlə yerinə yetirmələrindən, hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsindən, ictimai-siyası hazırlıq dərslərinin mahiyyətindən ətraflı söhbət etdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"