Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

Hərbi xidmət övlad üçün Vətən borcu, ata-ana üçün qürur mənbəyidir

Bütün zamanlarda xalqın ordusuna böyük sevgisi, məhəbbəti olub. Çünki ordu ölkənin dayağı, müstəqilliyin ən etibarlı təminatçısıdır. Bu günlərdə hərbi hissələrdə keçirilən Hərbi andiçmə mərasimləri zamanı həmsöhbət olduğumuz valideynlərin və ictimaiyyət nümayəndələrinin dediklərindən bir daha əmin olduq ki, xalqın ona zəfər sevinci yaşadan ordusuna sevgisi, məhəbbəti heç vaxt tükənməyəcək.
Valideynlər üçün ən yaddaqalan günlərdən biri də oğul övladının hərbi xidmətə çağırıldığı gündür. İllərlə boyunu oxşadığı əzizinin Vətənin keşiyində dayanmağa getməsi övlad üçün Vətən borcu, ata-ana üçün qürur mənbəyidir. Hər dəfə gənc əsgərlərin təntənəli Hərbi andiçmə tədbirini böyük sevgilərlə, bənzərsiz ovqatla izləmişik. Bu tədbirə hər bir əsgərin valideynləri, dostları, qohumları böyük həvəslə, qürurlanaraq gələr, Hərbi And içən gənc əsgər də öz növbəsində bu qələbəliyi, bu coşqunu hərbi xidmətinə əlavə məsuliyyət bilər.
Musa Musayev şəhid Telman Abbasov adına 225 saylı tam orta məktəbi bitirib. Qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq Qərbi Kaspi Universitetinə daxil olub. Poliqrafiya mühəndisi fakültəsinin məzunu olan Musa bu gün artıq Hərbi Andı qəbul etmiş əsgərdir.
"Təhsilim Hərbi Nizamnamələri daha mükəmməl öyrənməyimdə vasitə olacaq. Qoşunlarda komandirlərimin və bizdən əvvəl xidmət edən əsgərlərin tövsiyələri ilə hərbi biliklərimizi də artıracağıq, təlimlərdə də fəal iştirak edəcəyik. Hərbi And içəcəyimiz gün ömrümüzün ən gözəl günlərindən biri olacaq", - Musa dedi.
Gənc əsgərlərin Hərbi andiçmə tədbirində əsgər Musa Musayevin anası da iştirak edirdi. Bakı Dövlət Universitetinin dosenti, fizika üzrə fəlsəfə doktoru Təranə Musayeva bu tədbirə təkcə oğlunun andiçmə mərasimi üçün gəlməyib, Azərbaycan əsgərinin Vətənə sevgisini bir daha görməyə, bu sevginin dönməzliyinə bir daha əmin olmağa gəlib. "Hər ana oğlunun kamil insan olması üçün illərlə cəfalara qatlaşır. Onun hər uğuru ata-ana ömrünün işığına dönür. Oğlum Musa universitetə qəbul olanda, oranı bitirəndə necə sevinmişdimsə, hərbi xidmətə çağırılanda da elə sevindim. Musanın fərəhini duyanda sevincim daha da kükrədi. Qürurlandım ki, oğlum Vətəni bizim arzuladığımız səviyyədə sevir. Onun Hərbi And içməsi özünə də, bizə də bir əminlik yaşatdı: Musa Vətənə layiqli oğul kimi nümunəvi xidmət edəcək...", - Təranə xanım bildirdi. Əsgər anasının sevinci də, qüruru da gözlərindən sezilirdi.
2020-ci ilin 27 sentyabrında Universitetdə təhsil alan oğlum da döyüşlərə getmək istəyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu rayon şöbəsinə müraciət edib. Onun xahişini yerinə yetirməyiblər. "Sən təhsilini davam etdir, ehtiyac yoxdur", - deyiblər.
"İndi əsgərdi, komandirlərinin bütün əmrlərini məsuliyyətlə yerinə yetirə bilər. Mən oğluma inanıram. Əminəm ki, ona komandirləri də inanacaq, güvənəcək...", - əsgər anası belə dedi...
Əsgər Musa Musayevin qoşunlarda nümunəvi əsgər olacağına biz də inanırıq, anası da inanır...
"Oğlum nümunəvi əsgər olacaq!" qətiyyəti bir ananın timsalında bütün əsgər analarının əminliyidir...
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"
Bu gün xalqımızın övladları güclü, qüdrətli Azərbaycan Ordusunda xidmət edir. O ordu ki, 30 ilə yaxın erməni işğalçılarının əsarətində qalmış, ev-eşikləri talan edilmiş torpaqlarımızı 44 gün ərzində öz azadlığına qovuşdurdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, diplomatik bacarığı, qəhrəman, igid, vətənpərvər Azərbaycan hərbçilərinin sayəsində rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. 44 günlük Vətən müharibəsi xalqımıza bir daha həmrəylik nümayiş etdirdi. Cəsur oğullarımız səfərbər olunaraq Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatıldılar. Ordu xalqın dayağıdır. İllərlə gözlədiyimiz an gəlib çatmışdı. Yenilməz ordumuzun gücü qarşısında düşmən aciz qaldı, öz qüvvələrini geri çəkməyə məcbur oldu. Bu ağır döyüşlərdə düşmənin  minlərlə canlı qüvvəsi, texnikası, çoxlu sayda hərbi birləşmələri ordumuzun gücüylə məhv edildi. Şəhidlərimizin qanı, canı bahasına rayonlarımız, kəndlərimiz və yaşayış məntəqələrimiz bir-bir azad olundu.  Bu gün erməni barbarlarının dağıtdığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa və digər ərazilərimizdə həyat yenidən qaynayır. Quruculuq, bərpa işləri aparılır. Bu mənzərələri görəndə qəlbimiz dağa dönür, qürur hissi keçiririk.  
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vətənimizin musiqi beşiyi hesab olunan Şuşa "Mədəniyyət paytaxtı" elan olunub. Eləcə də 2022-ci il "Şuşa ili" kimi yaddaşlarımızda qaldı. Bu tarixi günlərin illərlə həsrətini çəkmişik. Nə qədər arzulayırdıq ki, gün o gün olsun doğma Şuşaya, Ağdama gedək, oralarda mədəniyyət günləri keçirək, böyük konsert proqramları ilə çıxışlar edək. Arzularımıza çatmışıq. Şuşada "Vaqif" poeziya günləri, "Xarıbülbül" festivalı keçirilir. Şəhərlərimiz yenidən qurulur, tikilir, abadlaşır, İnşallah, bu yerlərdə mədəniyyət ocaqlarımız da öz qapılarını yenidən xalqın üzünə açacaq.
Onu da qeyd edim ki, tələbələrimə hər zaman Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışıram. Gənclərimizin bu sahədə bilgiləri çox olmalıdır. 44 günlük Vətən müharibəsi haqqında məlumatları bilməlidirlər. Bu gün ordumuz dünyanın ən güclü orduları sırasındadır. Ali Baş Komandanın orduya ayırdığı yüksək diqqət və qayğı gözlərimiz önündədir. Mən fəxr edirəm ki, nəvəm Səbuhi Məmmədzadə belə güclü, yenilməz ordunun əsgəridir. Bu günlərdə nəvəmin andiçmə mərasimində ailəmizlə birlikdə iştirak etdik. İlk nəvəmizdir, qızımın övladıdır. Ağıllı, bacarıqlı, savadlı gəncdir. İnanıram ki, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirib, sağ-salamat doğmalarının yanına dönəcək.   
Möhlət MÜSLÜMOV Xalq artisti, professor, Prezidentin fərdi təqaüdçüsü
Xatırlayıram ki, atam uşaqlığımızda bizə iştirakçısı olduğu Birinci Qarabağ müharibəsindən də danışırdı. Böyüyəndə dərk etdik ki, bizim Vətən sevgimiz həm də ataların döyüş təəssüratları ilə formalaşıb. Atalarımız sevdikləri Vətəni bizə də sevdirdilər. Vətəni sevdik. Böyüdük, oxuduq, Vətəni daha böyük sevgilərlə sevdik. Təhsil aldıq, ailə qurduq, övladlarımızı da bu ruhda böyütdük, babalarının sevdiyi Vətəni onlar da sevdilər.
Birinci Qarabağ müharibəsini də xatırlayıran. 44 günlük Vətən müharibəsini daha yaxşı xatırlayıram. İllərlə gözlədiyimiz müharibə idi. Gənclər də, orta yaşlılar da, məktəblilər də döyüşə getmək istəyirdilər. Onda oğlum Kamranın təəssüfü bir ana kimi, vətəndaş kimi qəlbimi göynətdi: Kaş üç yaş böyük olaydım...
Kamran böyüdü, onu da hərbi xidmətə çağırdılar. Həmin günü özü də heç zaman unutmayacaq. Biz də unutmayacağıq. Mən xoşbəxt ana kimi həmin gün qonşularımıza qürurla deyirdim: Oğlum hərbi xidmətə gedir"...
Oğlumun Hərbi andiçmə mərasimində fərəhlənirdim, qürurlanırdım ki, oğullar hərbi xidməti təkcə ömürdən keçən aylar hesab etmir, bu ayları Vətən üçün yaşanılacaq ömrün başlanğıcı bilirlər. Bəs analar? Analar oğullarının Vətən borcunu yerinə yetirməsini Vətən üçün yaşanılacaq ömrün başlanğıcı bilirlər.
Bizə də, övladlarımıza da məktəbdə "Ana", "Vətən", "Ana Vətən" öyrədiblər, ailədə də bu müqəddəslik haqda danışılıb. Hərbi xidmətin başlanğıcında gənc əsgərlərin baxışlarında bu müqəddəs kəlmələrə gözəl sevgi görəndə mən də qürurlandım. Gənc əsgərləri, onların valideynlərini Hərbi andiçmə münasibətilə təbrik edəndə komandirləri əmin olduğunu bildirdilər ki, gənc əsgərlər qoşunlarda nümunəvi xidmət edəcəklər. Bu əminlik həm də bizim əminliyimizdir. Əminlik yaşadan bu ovqat içində sıra meydanına bir də baxdım.
Oğlum Kamran ali təhsillidir, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Əminəm ki, o da nümunəvi əsgər kimi Hərbi Anda sədaqətli olacaq. Sırada onu digər əsgərlərdən fərqləndirə bilmədim. "Bütün əsgərlər bütün əsgər analarının oğludu..." - düşündüm.
Hərbi andiçmə tədbirində mən də digər analar kimi İkinci Qarabağ müharibəsini, qazanılan Zəfəri, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini xatırladım. Oğlum Rəvan da əsgərdi, qardaşı Kamran da. Ataları Birinci Qarabağ müharibəsi iştirakçısı olub...
Mən əsgər anası kimi Hərbi And içən bütün əsgərlərin analarını da, sıraları genişlənən əsgərləri də, onların komandirlərini də təbrik edirəm...
Ruhiyyə KAZIMZADƏ Ağdam rayonu, Xındırıstan kəndi
Səhər yenicə açılmışdı. Hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında insan axını vardı. Sıxlığa baxmayaraq gələnlərin ardı-arası kəsilmirdi. Yaşlı nəslin nümayəndələrindən tutmuş uşaqlara qədər hər kəs hərbi hissənin ərazisinə buraxılacaq anı səbirsizliklə gözləyirdilər. Onlar nəvələrinin, övladlarının, qardaşlarının Hərbi andiçmə mərasiminə gəlmişdilər. Çoxları üçün əsgərlərin Hərbi andiçmə anını izləmək yenilik idi.
...Sıra meydanında Vətənə sədaqət andı içən əsgərlərə baxıb ixtiyarsız olaraq sevincdən göz yaşları axıdan nənələrin, anaların dilindən: "Tanrım, nər oğullarımızı özün qoru!" və s. bu kimi kəlmələr eşitmək olurdu. Yaşlı anaların dilindən bu xeyir-dualar düşmürdü.
Rübabə Aslanova Quba rayonunun Qonaqkənd qəsəbəsindən nəvəsi Gülağanın andiçmə mərasimində iştirak etməyə gəlib. Rübabə xanım deyir ki, sırada qrup-qrup dayanmış əsgərləri gördükcə ürəyi dağa dönür. Əsgərlərə yaratdıqları bu cür şəraitə görə komandirlərə yalnız təşəkkür düşür.
Hərbi hissənin ərazisinə daxil olan qonaqların buradakı səliqə-sahmanı gördükdə könülləri açılır. Əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana dayanmadan Vətənimizin müdafiəçilərinə xidmət göstərir. Ucqar rayonlardan gələn valideynlər övladlarının qulluq yerindən məmnun qalmışdılar. Onlar əsgərlərə bu cür yüksək şərait yaratdığı üçün Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Ucar rayonundan gələn  əsgər atası Taleh Səmədov isə deyir ki, o, Azərbaycan Ordusunun ilk əsgərlərindən biri olub. Amma əvvəllər əsgərlər üçün bu cür şərait yox idi. Bir yandan müharibə gedirdi, digər tərəfdən yeni yaradılan ordumuzun möhkəmləndirilməsi naminə peşəkar zabitlərə ehtiyac duyulurdu. Həmin vaxtlar dövrün ağır dönəmini yaşayırdıq. Çox şükürlər olsun ki, bu gün ordumuz peşəkar, təcrübəli hərbi kadrlarla təmin olunub. Azərbaycan Ordusu o zaman düşmənin işğal etdiyi əraziləri  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlyi ilə azad etdi. Bu bizi çox sevindirdi.
Əsgər Elvin Səmədovun anası Günel xanım da həyat yoldaşı Talehin fikirləri ilə razıdır. Deyir ki, oğlu Elvindən hər dəfə hərbi xidmətlə, əsgərin təminatıyla bağlı hansı çətinliklərin olduğunu soruşanda həmişə hər şeyin yüksək səviyyədə olduğunu eşidib. Övladlarımıza göstərilən bu cür diqqət, qayğı bizi çox sevindirir. Bir ana kimi bütün əsgərlərə Vətən qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə başa vurub əzizlərinin yanına alnıaçıq qayıtmalarını arzu edirəm.
Hərbi xidmətdə olan övladlarıyla görüşüb xoş ovqatla ayrılan, əminliklə evlərinə dönən valideynlərin üzündəki təbəssüm komandirlərin əvəzsiz xidmətinin nəticəsi idi.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"