Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

“Dəmir yumruq” yerindədir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏLİYEV:
Biz, sadəcə olaraq, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq.

Azərbaycan tərəfindən regionda sülhə töhfə verməyə yönəlik atılan müsbət addımların fonunda mənfur qonşularımız vəziyyəti çətinləşdirməyə və qeyri-adekvat hərəkətlər etməyə davam edir. Böyük Qələbə ilə başa çatmış İkinci Qarabağ müharibəsindən artıq 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq ərazilərimizdə qalan qanunsuz erməni silahlı birləşmələri müxtəlif təxribat xarakterli hərəkətlərə əl atır və münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə kölgə salmağa çalışır. Bu gün birmənalıdır ki, Ermənistanın əl atdığı təxribatlar iki tərəf arasında sülh sazişi üzrə danışıqları yubatmaqla, regionda firavanlığın təmin olunması yolunda ciddi əngəl və maneədir. Sülh danışıqlarından və sərhədlərin delimitasiyası prosesindən müxtəlif bəhanələrlə yayınmağa çalışan xain qonşularımız axı nə düşünür? Nəyə nail olmağa çalışır?
Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən son günlər Azərbaycan Ordusuna qarşı təxribatların sayı artıb. Belə ki, Azərbaycan Ordusunun Kəlbəcər, Ağdam, Xocavənd, Gədəbəy rayonu, habelə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən bölmələri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun adıçəkilən istiqamətlərdə yerləşən bölmələri tərəfindən dərhal təxirəsalınmaz adekvat cavab tədbirləri görülüb, qarşı tərəfin təxribatlarının qarşısı alınıb. Bundan əlavə son günlərdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.
Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.
Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.
Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildirilib ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Artıq iki ildən çoxdur ki, öz kapitulyasiyasına qol qoymuş erməni siyasi-hərbi rəhbərliyi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmir, əksinə, çirkin təxribatlara əl atır, tez-tez fikir dəyişdirməklə məsuliyyətdən boyun qaçırmağa çalışır. Sual yaranır - iki ildən çox vaxt keçməsinə baxmayaraq qanunsuz erməni silahlı birləşmələri niyə hələ də Azərbaycan ərazisindədirlər? Rusiya hərbçilərinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində separatçı qanunsuz silahlı dəstələrinin hələ də qalması 2020-ci il 10 noyabr tarixində imzalanan sənədin müddəalarına ziddir. Bəllidir ki, imzalanan sənəddə Azərbaycan tərəfindən başqa heç kim öz üzərinə düşən vəzifəni icra etmək üçün səy göstərmir.  Belə olan halda, cari vəziyyət bir daha onu göstərir ki, vəziyyətin bu yerdə olmasında birbaşa erməni havadarlarının və təəssüf ki, mənfur qonşuların "böyük rolu" var. Azərbaycan ilk dəfə deyil belə ədalətsizliklə üzləşir. Dünyada Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçılarından biri kimi tanınan BMT Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə - 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Hansı ki, bu qətnamələrdə Azərbaycan ərazilərinin işğalı qəti şəkildə pislənilib, suverenliyi və sərhəd toxunulmazlığı bir daha təsdiq edilib və erməni silahlı birləşmələrinin işğalda olan ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Həmçinin erməni separatçılarının törətdiyi əməllərin qəbuledilməzliyi vurğulanıb. Bu cür mühüm və əhəmiyyətli dünyəvi təşkilatın qəbul etdiyi qətnamələrin nəticəsi nə oldu? Yenə təəssüf, qətnamələr icrasız qaldı. Azərbaycan öz sülhsevərliyini, humanizm dəyərlərinə hörmətini və polad səbrini dünya auditoriyasına hər zaman nümayiş etdirib. Dünya bizim səbrimizi də gördü, 44 gün ərzində yazılan şanlı tariximizi də, düşməni məğlub etməmizi də.
Tarix boyu vassal, marionet dövlətlər mövcud olub. Bu cür dövlətlərin heç bir müstəvidə ciddi bir uğur qazanması mümkün deyil. Müharibə vaxtı istədiyi və gözlədiyi dəstəyi ala bilməyən Ermənistan bu gün də müxtəlif dairələrin əlində oyuncağa çevrilib. Lakin əsas məsələlərdən biri də faktlığında qalır - ətrafımızda düşmənə hərbi, iqtisadi və digər sahələrdə dəstəyini göstərən qüvvələrin olması regionun daim gərgin vəziyyətdə saxlanmasına, geostrateji maraqları olan qüvvələrin ərazilərimizlə bağlı çirkin planlar qurmasına hesablanıb. Bir sözlə, bəziləri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasını həzm edə bilmir. Belə olan təqdirdə də törətdiyi terror-təxribat aktlarına, apardığı antihumanist əməllərinə görə dünyanın aparıcı qurumları tərəfindən cəzasız qalan Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyərək Azərbaycana qarşı təxribatlarının miqyasını və şiddətini daha da artırır. Erməni qanunsuz silahlı birləşmələrinin törətdiyi son əməllərdən əldə olunan qənaət budur ki, 44 günlük haqq savaşımızda darmadağın edilən erməni ordusu üzləşdiyi rəzil məğlubiyyətdən ibrət götürmək və yürütməyə çalışdığı işğal siyasətindən əl çəkmək istəmir. On illər boyu mümkünlüyü sıfıra bərabər, erməniyə xas işğalçı xülyadan imtina edə bilməyən mənfur qonşularımız müxtəlif sabotajlara əl atmağa çalışsa da, hamısı uğursuzluqla nəticələnir. Təxribatların qarşısı qətiyyətlə alınır, çünki Azərbaycan əsgəri çiynində daşıdığı məsuliyyətin fərqindədir. Törədilən təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh prosesində maraqlı deyil və erməni siyasi-hərbi rəhbərliyi vəziyyətin ciddiliyinin fərqinə çox da varmır.
Dünya təcrübəsində rast gəlinib ki, vaxtında cəzasız qalan cinayətkarlar regional olmaqla yanaşı, qlobal miqyasda da təhlükə mənbəyinə çevrilə bilər. Lakin bizi istəməyən qüvvələr bilməlidir, Azərbaycan Ordusu xalqının etimadını doğrultmağı, ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağı özünə müqəddəs amal bilərək hər bir xain təxribatın qarşısını uğurla almağa qadirdir. Hamı bilsin, səbrimiz sonsuz deyil. Və Azərbaycan Müdafiə Nazirliyinin təxribatların gələcəkdə cavabının daha sərt və təsirli olması ilə bağlı qarşı tərəfə verdiyi xəbərdarlıq, əbəs yerə deyilmiş söz deyil. Azərbaycan Ordusu uzun illər ərzində tarixi ərazilərimizdə "möhkəmlənmiş" separatçı qüvvələri 44 günə darmadağın etdisə, yerdə qalan qalıqların məhv edilməsinə lazım olan müddət və qüvvət daha az olacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının birində işlətdiyi "Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür" ifadəsindən qarşı tərəf ibrət götürməlidir. Respublikamızın ərazi bütövlüyünə qarşı istənilən təhdid və təxribat Ermənistana baha başa gələcək. Çünki Qalib Azərbaycan Ordusu üzərinə düşən müqəddəs missiyanı ləyaqətlə və layiqincə yerinə yetirməyə qadir və qabildir. Danışıqlar bir daha nəticəsiz qalacağı, sülh müqaviləsi imzalanmayacağı və qonşularımız öz məkrli niyyətlərindən əl çəkməyəcəyi təqdirdə, nəticə qarşı tərəfin xeyrinə olmayacaq. Belə olan təqdirdə yenə son sözü Ali Baş Komandanın əmrinə müntəzir olan Azərbaycan əsgəri deyəcək! Azərbaycan xalqının firavanlığı, dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"