Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

“Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq başlayan Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə yekunlaşdı. Cəmi 44 gün müddətinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə haqq-ədalət bərpa olundu. Otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız düşməndən azad edildi. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiyasını əks etdirən sənəd olmaqla yanaşı, bir çox baxımdan da mühüm əhəmiyyətə malikdir.
Bunlardan biri Ağdam, Kəlbəcər və Laçının qeyd-şərtsiz Azərbaycana qaytarılmasıdır. Ağdam 2020-ci il noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Müharibənin bitməsindən və üçtərəfli Bəyanatın imzalanmasından sonra da qarşı tərəf qeyri-konstruktiv mövqe sərgiləyərək üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyə laqeyd yanaşdı. 2022-ci il avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni separatçı erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Onlar Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və yeni döyüş mövqeləri qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki Ermənistan silahlı birləşmələrin qalıqlarından ibarət hərbi hissəyə zərbə endirildi. Düşmənin canlı qüvvəsi, hərbi texnikası və döyüş sursatları məhv edildi. Azərbaycan Ordusu öz gücünü bir daha düşmənə göstərərək "Dəmir yumruq"un yerində olduğunu xatırlatdı.
44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra məcburi  köçkünlərin tezliklə öz el-obasına geri dönüşünü təmin etmək dövlətin prioritet məsələlərindən birinə çevrildi. Qarşıda duran bu mühüm məsələnin həlli üçün ermənilərin işğal müddətində kütləvi şəkildə minalarla çirkləndirdiyi əraziləri təmizləmək, tamamilə dağıdıb, yerlə-yeksan etdikləri şəhər və kəndləri, yaşayış məntəqələrini yenidən qurub bərpa etmək üçün Azərbaycan dövləti qələbədən sonra dərhal bu istiqamətdə mühüm addımlar atdı. Dağıntıların miqyasının böyük olması, torpaqlarımızın minalarla çirkləndirilməsi dövlətimiz üçün çətinlik yaratmadı. Azərbaycan dövləti vaxt itirmədən bütün bu işlərə sıfırdan başlayaraq mümkünsüzü reallaşdırmağı bacardı. Bir bölgədə deyil, bütün istiqamətlərdə eyni anda yenidənqurma işlərinin aparılması, qısa zaman ərzində böyük işlərin görülməsi Azərbaycan Respublikasının qüdrətinin təzahürüdür.
Otuz ilə yaxın işğala məruz qalmış torpaqlarımızın 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunması və Zəfərə aparan hər bir gün tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində əldə olunmuş qələbəni əbədiləşdirmək üçün dövlət başçısı tərəfindən bir çox qərarlar qəbul olunub. Onlardan biri də 31 iyul 2023-cü il tarixdə verilən Sərəncam oldu. Sərəncama əsasən müəyyən təqvim günləri işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq. Qeyd olunan tarixlərdən biri də 26 avqust - Laçın şəhəri günüdür.
Dağlar qoynunda yerləşən Laçın şəhərində təmir-bərpa, yenidənqurma işləri dayanmamaqdadır. Eyni zamanda, məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası böyük sürətlə davam edir. Laçınlıların bir qismi dövlət tərəfindən müasir tələblərə cavab verən yeni tikilən evlərinə köç edir. Bir sözlə, Laçın şəhəri laçın vaxtlarına geri dönür.
2023-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə ilk qayıdışı baş tutdu. Birinci mərhələdə şəhərə 20 ailə, yəni, 97 nəfər köçürüldü. Onlar doğma torpaqlarına böyük sevinc və fərəh hissi ilə qayıtdılar.
Laçına qayıdışın 28 May - Müstəqillik Gününə təsadüf etməsi, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin şəxsən həmin gün Laçın şəhərinə qayıdan sakinlərlə görüşü, onlara evlərin açarlarını təqdim etməsi də rəmzi məna daşıyır. Dövlət başçısı sakinlərlə görüşündə bu barədə geniş danışdı: "Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək".
Doğrudan da, 44 gün müddətinə düşmən işğalında olan torpaqların azad olunduğu kimi, qısa zaman ərzində azad olunan torpaqların böyük bir hissəsinin minalardan təmizlənməsi, yenidən qurulması, yeni-yeni yaşayış yerlərinin salınması və məcburi köçkünlərin öz yurd-yuvalarına köçürülməsi Azərbaycan Respublikasının güclü və qüdrətli olmasının sübutudur.

"Azərbaycan Ordusu"