Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:52

Hərbi xidmətin “əlifba”sı

İsti yay səhəridi. Göylər buludsuzdu. Günəşin şüalarından torpaqdan ilıq bürkü qalxır. İstidən puçur-puçur düşən tər axıb köynəyimizə hopurdu. Bu yerlərin yayı həmişə belə isti keçir. Burada yaşayan insanlar da təsərrüfat işlərini gün çıxmamışdan gün qızana qədər görürlər. İndi hamının yavaş-yavaş kölgəliyə çəkilən vaxtıydı. Hərbi xidmətdə də təbiətlə bağlı xüsusiyyətlər olur - hərbi hissələrdə də şəxsi heyət çöl məşğələlərini səhər ertədən keçib. Onlar çöl məşqlərini axşam saatlarında - günün istisi sovuşandan sonra davam etdirəcəklər. Bu haqda müdafiə nazirinin xüsusi əmri də var. Yay aylarında günün müəyyən saatlarında şəxsi heyətə açıq havada dərslərin keçirilməsi qadağandır. Bu səbəbdən də şəxsi heyət növbəti məşğələlərə üstü bağlı, kölgəli yerlərdə davam edirdi.  
Hərbi hissədə şəxsi heyətin gündəlik fəaliyyətini tənzimləyən "günün nizam qaydaları" mövcuddur. Hər bir komandir bu qaydalara riayət etməklə öz xidmətini bunun əsasında qurur.
Zabit Elşad Məmmədovla onun komandiri olduğu bölmədə görüşdük. - Burada olan əsgərlər hərbi xidmətə yeni gəliblər, - dedi. - Onların hazırlığı ilə bilikli, təcrübəli, şəxsi intizamı daha üstün olan manqa, taqım, bölük komandirləri məşğuldurlar.
Gənc əsgərlər hündür, qollu-budaqlı qovaq ağaclarının kölgəsinə toplaşmışdılar. Hər qrupun qarşısında da manqa, taqım komandiri dayanaraq onlara zəruri təlimatlar verirdi. Sıra, intizam nizamnamələrinin maddələrini çatdırmaqla onun tələblərinə ciddi şəkildə əməl olunmasını izah edirdi.
- Ordu sıralarına gələn əsgərlər arasında ali təhsillilər də var, - deyə zabit Eşad Məmmədov sözünə davam etdi. Biz təhsilindən, yaşından asılı olmayaraq əsgərlər arasında fərq qoymuruq. Hər əsgərə vəzifə borcunu izah edirik. Nizamnamələrin tələblərinə uyğun olaraq hər bir hərbi qulluqçuya intizamlı olmağı, komandirlərin, rəislərin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməyin vacibliyini izah edirik.
Başqa bir qrupun hazırlıq keçdiyi məkana yaxınlaşdıq. Çavuş Samir Abbasov on ildən artıqdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Qubadlıya qədər uğurlu döyüş yolu keçib. Döyüşlərdə xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. Əminik ki, layiqli döyüş yolu keçmiş bu hərbçi gənc əsgərlərə təlim-tərbiyəni yüksək səviyyədə aşılayacaq.
Dərs rəhbəri dedi ki, gənc əsgərlər üçün ən vacib olan sıra məşqləridir. Çünki hər bir əsgər sıra yerişini, rəisə yaxınlaşma, rəisdən uzaqlaşma və məruzə qaydalarını mükəmməl öyrənməlidir. Onların hazırlığı deyəndə biz daha çox bu amillərə önəm veririk. Necə deyərlər, bunlar hərbi xidmətin "əlifba"sıdır.
Əsgərlərin üzündəki təbəssüm onların hərbi xidmətinin yüksək səviyyədə keçməsindən xəbər verirdi. Qısa tanışlıq zamanı məlum oldu ki, gənc əsgərlərin hər biri ölkəmizin müxtəlif bölgələrindən gəlib Vətənə ləyaqətlə xidmət edirlər. Bunun üçün komandirlərin öyrətdiyi bilikləri dərindən mənimsəməyə çalışırlar. Gənc əsgərlərdən Seyidəli Rüstəmli, Əlabbas Baxşıyev, Toğrul Həsənov, Şahin Cəbiyev, Vurğun Sadıqov, Rəhim İsmayıllı, Afiyəddin Məmmədov, Sadiq Fərəcli, Tərlan Tahirzadə və başqaları hərbi xidmət zamanı həm təlimlərdən, həm də komandirlərin xoş münasibətlərindən razıdırlar.
Hərbi hissənin geniş düzülüş meydanında əsgərlərin düzgün addımlamaları üçün çəkilmiş kvadratlar - xətlər onların sıra yerişlərinin tez və mükəmməl öyrənilməsi üçündür. Günün müəyyən saatlarında gənclərin sıra hazırlıqlarını bu meydanda keçirlər. Bir ay öncə hərbi xidmətə başlayan bu gənc əsgərlər sıra və digər hazırlıqlarda xeyli bilik və bacarıqlar qazanıblar. İlkin hazırlıqdan sonra işğaldan  azad edilmiş ərazilərimizdə xidmətlərini davam etdirəcəklər. Onlara hərbi xidmətlərdə uğurlar arzulayırıq.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"