Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:52

“Xidmətimizin düzgün təşkili üçün hərbi hissəmizdə yüksək şərait var”

Hərbi xidmətin uğurlu təşkilini şərtləndirən amillərdən biri də hərbi qulluqçuların yüksək sosial-məişət şəraitinin olmasıdır. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması, onların qayğıları daim dövlət rəhbərliyinin, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun nəzarəti altındadır. Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə erməni işğalından azad edilən torpaqlarımızda təmir-bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Yeni hərbi hissələrin tikintisi, yerləşdiyi yerdən asılı olmayaraq hərbi xidmət keçmək üçün bütün lazımi şəraitin yaradılması orduya və hərbçilərə olan diqqətin bariz nümunəsidir.
İşğaldan azad edilmiş rayonlarımızdan birində yerləşən hərbi hissələrdə şəxsi heyət üçün yaradılan yüksək şəraitin şahidi olduq. Burada əsgərlərin məişət şəraiti, gündəlik fəaliyyəti, keçdikləri məşğələlərlə tanış olduq.
Kiçik çavuş Ümid Əlirzayev ilə əsgər yataqxanasına yollandıq.
Əsgər yataqxanasının təmizliyi və səliqəsi göz oxşadı. Burada olan yeni ikimərtəbəli çarpayılar, təmiz mələfələr, əl-üz dəsmalları əsgərlərin yüksək sosial-məişət şəraitindən xəbər verirdi. Hər bir əsgər üçün ayrılmış fərdi tumbada isə lazımi şəxsi gigiyena vasitələri vardı. "Şəxsi heyətin yataq dəstləri həftədə bir dəfə təmizləri ilə əvəz olunur", - deyə kiçik çavuş Əlirzayev söhbətə başladı:
- Həftə sonu istifadə olunmuş bütün camaşırlar, dəsmallar yığılaraq hərbi hissənin camaşırxanasına təhvil verilir. Orada çalışan qadın işçilər tərəfindən müasir avadanlıqlarla yuyulub ütüləndikdən sonra bölmələrə qaytarılır. Əsgərlərimizin bütün qayğıları və təminatları hər zaman rəhbərliyin diqqətində saxlanılır. Onlar heç nədən korluq çəkmədən yüksək əhval-ruhiyyə ilə xidmət edirlər.
Yataq yerlərini səliqəyə salan əsgərlər Ramil Allahverdiyev və Aydın Abbaslı ilə həmsöhbət olduq. Hərbi xidmətə Biləsuvar rayonundan çağırılan əsgər Aydın Abbaslı sözə başladı:
- Hərbi xidmətə gələn hər gənc kimi, mən də əsgər olmağın məsuliyyətini anlayıram. Vətənin müdafiəsində dayanmaq, hərbi forma geyinmək qürurverici bir hissdir. Xidmətimizin düzgün təşkili üçün hərbi hissəmizdə yüksək şərait var. Təkcə yataqxanamızda deyil, yeməkxanamızda, dərs otaqlarımızda və digər inzibati otaqlarda da müasir tələblərə cavab verəcək bütün şərait yaradılıb. Bizdən nümunəvi xidmət etmək, şanlı ordumuzun adına layiqli əsgərlər olmaq tələb olunur. Mən və digər əsgər yoldaşlarım da bizə olan etimadı doğrultmaq üçün çalışırıq.
"Hərbi hissəyə ayaq basdığım ilk gündən doğma münasibət görmüşəm" - deyən, əslən Zəngilan rayonundan olan əsgər Ramil Allahverdiyev söhbətə qoşuldu. - Vətən qarşısında övladlıq borcumu yerinə yetirmək üçün var qüvvəmlə çalışıram. İllərdir işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad edən hərbçi qardaşlarımızın, şəhid və qazilərimizin bizə əmanət etdiyi bu torpaqları göz bəbəyimiz kimi qorumalıyıq. Bunu bacarmağımız üçün heç bir çətinliyimiz yoxdur. Xidmətimizin yüksək səviyyədə təşkili üçün bizə hər bir şərait yaradılıb.
Azad edilmiş bütün şəhər və rayonlarımızda yenidənqurma işləri sürətlə davam edir. Valideynlərimin doğulub boya-başa çatdığı Zəngilan rayonunda da artıq böyük işlər görülüb. İnanıram ki, yaxın müddətə qədər bütün məcburi köçkünlərimiz doğma ev-eşiklərinə geri qayıdacaqlar. Mən də ailəmlə birlikdə Zəngilan rayonuna qayıdacağıq.
İşğaldan azad edilən torpaqlarımızda əsgərlərimiz üçün yaradılan yüksək məişət şəraitinin olduğunu görmək bizə könül xoşluğu verdi. Belə şəraitdə xidmət etmək şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji durumun yüksəlməsinə də səbəb olur.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"