Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:52

Təcrübəli sürücü

Erməni işğalından azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimiz öz mövqelərini daha da möhkəmləndirib. Döyüş növbətçiliyinin fasiləsiz təşkili və sosial-məişət şəraiti yüksək səviyyədədir. Şəxsi heyət yüksək döyüş ruhunda, qələbə əzmində xidmətini davam etdirir. Coğrafi mövqeyi, ərazisi çətin olan dağ relyefində xidmətin aparılması nə qədər ağır və məsuliyyətli  olsa da, bir o qədər qürurvericidir. Üç il öncəyə qədər əlçatmaz olan o dağlar, o doğma yurd yerlərimizdə bu gün rəşadətli Azərbaycan Ordusunun bölmələri xidmət edir. O müqəddəs yerlər uğrunda gərgin döyüşlər gedib. Ordumuzun şəxsi heyəti bu döyüşlərdə rəşadətlə vuruşub.  
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Aslan Məhərrəmov da həmin bölmələrimizdən birində sürücü kimi xidmət edir. 44 günlük Vətən müharibəsində fəal iştirak edən Aslanın qardaşı Əmiraslan da hərbi qulluqçudur. Onlar Göygöl rayonundandırlar. Komandirləri Aslanın nümunəvi xidməti, intizamı, məsuliyyəti ilə seçildiyini deyir.
Aslan Məhərrəmov dörd ildir ki, sürücü ixtisasında xidmət edir. Sənətinin peşəkarıdır, hərbi maşını çox məharətlə, bacarıqla idarə edir. Həmçinin idarə etdiyi avtomobilin daim saz və işlək vəziyyətdə olması üçün vaxtlı-vaxtında texniki qulluq göstərir. Buna görə də komandirlərini həmişə mənzil başına vaxtında və sağ-salamat çatdırır. Aslan deyir ki, erməni işğalından azad edilmiş ərazilərimizdə yerləşən bölmədə xidmət etmək hər birimiz üçün qürurvericidir. "30 ilə yaxın həsrətini çəkdiyimiz doğma yerlərimizdə indi xidmət etmək hamımızın ürəyincədir. Hazırda xidmət etdiyimiz ərazilər uğrunda neçə-neçə qəhrəman, cəsur oğullar canından, qanından keçdi, yaralandı. Amma döyüş mövqeyindən geri çəkilmədi. Verilən döyüş tapşırığını cəsarətlə yerinə yetirdi. Bu gün erməni işğalçılarının əvvəlki illər viran qoyduğu yurd yerlərimiz azaddır, yenidən qurulur, yerlərdə tikinti işləri günü-gündən genişlənir. Bütün bunları gördükcə  çox sevinir, fərəhlənirik, xidmətimizdə məsuliyyətimizi daha da artırırıq".
Onu da qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə hərbi qulluqçu Aslan Məhərrəmov Vətən müharibəsində iştirakına görə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Hərbçi olmaqdan, işğaldan azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyan təcrübəli sürücü Aslana şərəfli, çətin və məsuliyyətli xidmətində uğurlar arzulayıram. Ümid edirəm ki, o bundan sonra da üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gələcək.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"