Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:52

Şərəfli yolun astanasında

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətinin bütün illərində ordu quruculuğu istiqamətində apardığı uğurlu islahatların və hərbçilərə göstərdiyi yüksək rəğbətin nəticəsində hərbçi peşəsi gənclərin ən çox sevdiyi və seçdiyi peşələrdən olub. Bu gün də müqəddəs peşə sahibləri cəmiyyətimizdə xüsusi yeri olan, sevgi bəslənən şəxslərdir. Leytenant Xəqani Məmmədov da belə gənclərdəndir. Çətin və şərəfli yolun astasında olan Xəqanini erməni işğalından azad olunan ərazilərimizdəki hərbi hissədə tanıdım. Bölmənin şəxsi heyəti və komandirləri onun haqqında xoş sözlər dedilər. Nümunəvi xidmətindən, peşəsinə bağlılığından, şəxsi keyfiyyətlərindən ağızdolusu danışdılar. Haqqında ürəkaçan sözlər deyilən igidimizi tanımaq mənim üçün də maraqlı oldu. Onun hər cümləsindən Vətəninə və peşəsinə olan sevgisini hiss etmək heç də çətin olmurdu. Bir az söhbətləşdikdən sonra onun barəsində maraqlı məlumatlar öyrəndim.
Xəqani Məmmədov 1999-cu il iyulun 27-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. Üçuşaqlı ailənin böyük övladı olan Xəqani 2005-ci ildə 251 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. İdmana böyük marağının olduğunu deyərək, bu sahədə qazandığı uğurlardan danışdı: "Uşaqlıqdan idmana marağım və həvəsim olub. Valideynlərimin də idman müəllimi olmasının buna təsiri böyükdür. İlk olaraq idmanın cüdo növü ilə məşğul olmağa başladım. Daha sonra üzgüçülük, kikboksinq, şahmat və qaydasız döyüşlə də məşğul oldum. Bu idman növləri arasında ən yüksək nəticəyə Şahmat üzrə nail oldum. Bu stolüstü idman növündə qazandığım dərəcələrdən sonra təhsilimi də bu üzrə davam etdirməyi qərara aldım. 2017-2021-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundum".
İdmanın döyüş hazırlığının tərkib hissəsi olduğunu deyən Xəqani qazandığı idman vərdişlərinin hərbi xidmətində köməyə çatdığını bildirdi. Qeyd etdi ki, fiziki hazırlıq hər bir hərbi qulluqçu üçün vacib keyfiyyətdir.  
"Təhsilimi başa vurduqdan sonra "N" hərbi hissəsində hərbi xidmətə yollandım. Nümunəvi xidmət edib, bacarıqlı əsgər kimi formalaşmağı qarşıma məqsəd qoydum. Komandirlərimin hər bir əmrini ciddi səylə icra edir, onların tapşırıqlarını vaxtında yerinə yetirməyə səy göstərirdim. İdman sahəsində qazandığım vərdişlərim nümunəvi xidmətimdə çox kömək olurdu. Görürdüm ki, təlim-məşqlərdə verilən tapşırıqları cəld, çevik və dəqiq yerinə yetirmək üçün fiziki hazırlıq şərtdir. Ona görə xidmətim zamanı da idmanla məşğul olurdum. Hərbi xidmətə gəlməzdən əvvəl də hərbçi peşəsinə, hərbçilərimizə böyük rəğbət bəsləyirdim. Bu şərəfli peşəyə sevgim formalaşmışdı. Əsgərlikdə olarkən bu sevgim daha da artdı. Hərbi sirlərə və vərdişlərə yiyləndikcə, ordumuzun ürəkaçan şəraitini, şəxsi heyətin yüksək döyüş ruhunu, komandirlərimizin mənəvi keyfiyyətlərini gördükcə mən də hərbçi olmaq qərarına gəldim. Zabit olub Vətənin keşiyində şərəf və ləyaqətlə dayanacağım günün arzusu ilə xidmətimi davam etdirdim. Yuxarı komandirlərimə bu barədə məlumat verdim. Sənədlərim "Ehtiyat zabit hazırlığı kursu”na göndərildi. İmtahanlardan uğurla keçdim. Nəhayət, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu”nu bitirərək "leytenant" hərbi rütbəsi aldım", - Xəqani dedi.
Erməni işğalından azad olunan ərazilərimizdə xidmət etməkdən qürurlandığını bildirən leytenant Xəqani Məmmədov qüdrətli ordumuzun peşəkar zabitlərindən olmağı qarşısına məqsəd qoyduğunu vurğuladı. "Əyninə hərbi mundir geyinən hər kəs üçün Vətəninə, xalqına olan ehtiram onun şərəfidir", - deyən şərəfli yolun astanasında olan gənc zabitimizlə söhbətimizi sonlandırıb, ona xidmətində uğurlar arzulayırıq.

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"