Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:52

“Bir vaxtlar Şuşa uğrunda döyüşməyi arzulamışdım”

2003-cü ilin yaz günlərində Oğuz rayonunun Muxas kəndindəki orta məktəbin 9-cu sinfini bitirib C.Naxçıvanski adına Hərbi Liseyə üz tutan Məmmədov Bəhruz Tofiq oğlunun məqsədi hərbçi olmaq idi. Onun ürəyində bu peşəyə həvəs hələ kiçik yaşlarından oyanmışdı. Bəhruz  illərcə əvvəl ürəyində özünə yer eləmiş bu arzusuna çatmaq üçün Bakı şəhərinə gəlmişdi. Biliyi, bacarığı yüksək səviyyədə olduğuna görə arzusuna çatacağına əmin idi. İmtahanların nəticələri elan olunanda sevinənlərdən biri də Bəhruz olmuşdu. Artıq ordumuzun gələcək zabiti olmaq arzusuna çatmışdı. 2003-cü il Bəhruz Məmmədov üçün çox yaddaqalan olmuşdu.   
Gələcəyin zabiti qəbul olunduğu C.Naxçıvanski adına Hərbi Liseydə üç il təhsil aldı. Bu müddət ərzində həm dərslərini oxudu, həm də zəruri hərbi vərdişlərə yiyələndi. Oxuduğu kitablar, mənimsədiyi bililklər onu uğurlara doğru aparırdı. 2006-cı ildə Bəhruz Məmmədov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldu. 2010-cu ildə təhsilini uğurla başa vurub. "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başladı.
İllər keçdikcə gənc zabit bacarığı və çalışqanlığı ilə hərbi xidmətdə böyük uğurlar qazandı. Söhbət zamanı onu da öyrəndim ki, mayor Bəhruz Məmmədov ordumuz üçün böyük uğurla başa çatan Aprel döyüşlərində də iştirak edib. Füzuli rayonunun Alxanlı kəndi istiqamətində vuruşub, üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. Düşmən mövqelərinə dəqiq zərbələr endirib. Əməliyyatlar zamanı göstərdiyi igidliyə görə komandanlıq tərəfindən vaxtından  əvvəl "kapitan" hərbi rütbəsinə layiq görülüb.
Mayor Bəhruz Məmmədov 44 günlük Vətən müharibəsinin də iştirakçısıdır. Əks-hücum əməliyyatları zamanı komandanlığın onun qarşısına qoyduğu döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış həmin günlərdən söz açan zabit dedi:
- Torpaqlarımızın uzun illərdən bəri erməni işğalında qalması bizi çox narahat edirdi. Yaxşı bilirdik ki, bu əraziləri düşmənlərdən azad etmək bizim müqəddəs borcumuzdu və bu borcu yüksək peşəkarlıqla yerinə yetirməyə hazır idik. 27 sentyabr 2020-ci ildə düşmənin bütün cəbhə boyu genişmiqyaslı təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Erməni qəsbkarları yeni ərazilərimizi işğal etmək məqsədilə mövqelərimizə hücuma keçdilər. Bütün gücümüzlə yurdumuzun müdafiəsinə atıldıq. Döyüşlərin elə ilk dəqiqələrindən düşmənə sarsıdıcı zərbələr vurduq. Ermənilərin hücumlarının qarşısı qətiyyətlə alındı. Bundan sonra komandanlıq əks-hücuma keçmək barədə əmr verdi. Azərbaycan Ordusunun şəxsi heyəti böyük cəsarət və igidlik göstərirdilər. Bölüklərimiz Füzuli rayonunun Əbdülrəhmanlı kəndi istiqamətində vuruşurdu. Yeri gəlmişkən deyim ki, ən ağır döyüşümüz də elə Əbdülrəhmanlı kəndi uğrunda oldu. İşğalçılar illərdən bəri idi ki, bu istiqamətdə kifayət qədər möhkəmlənmişdilər. Amma düşmən nə qədər möhkəmlənsə də, qarşımızda çox dayana bilmədilər. Dəqiq atəş zərbələri ilə yağıların müdafiə xəttini yarıb, ordu hissələrinin irəliləməsi üçün şərait yaratdıq. Aramsız və dəqiq artilleriya zərbələrindən sonra işğalçılar geri çəkilməyə məcbur oldular. Sonra Cəbrayıl, Xocavənd və mədəniyyət beşiyimiz olan Şuşa şəhəri istiqamətində irəlilədik. Hadrut qəsəbəsinin işğaldan azad olunmasında da hərbi qulluqçularımız böyük igidliklə döyüşürdülər. Həmin vaxtlar Şuşa uğrunda vuruşmağı arzulamışdım. Şükür, bu arzuma da çatdım. Şuşanın azadlığı uğrunda vuruşduğum günlər əbədi olaraq yaddaşımda yaşayacaq. Müharibənin ilk günündən bizimlə çiyin-çiyinə vuruşan Tomayev Qoşqar Seyran oğlunun cəsarətini xüsusi olaraq qeyd etmək istəyirəm. Uzun illər erməni işğalında qalmış torpaqlarımız məhz belə cəsur oğulların qəhrəmanlığı sayəsində azad olundu. Qoşqar müharibənin son gününədək igidliklə vuruşdu. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görüldü. Noyabrın 8-də şanlı ordumuz neçə illərdən bəri həsrətini çəkdiyimiz Şuşanı erməni işğalçılarından azad etdi. Bu döyüşlərdə ermənilər ordumuzun gücü, qüdrəti qarşısında aciz qalaraq geri çəkilməyə məcbur oldular. Demək olar ki, 44 günlük Vətən müharibəsində biz Ermənistan ordusunu məhv etdik.
Döyüşlərdə göstərdiyi igidliyə, şücaətə görə Məmmədov Bəhruz Tofiq oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"