Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:52

Döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur

Hərbi xidmətin düzgün təşkili hərbi qulluqçuların vəzifə borclarını məsuliyyətlə, vaxtında yerinə yetirməsinə şərait yaradır. Bu, mahiyyət etibarilə ordunun döyüş hazırlığı ordu quruculuğunun dönməzliyi deməkdir.
Birlik və birləşmələrdə döyüş hazırlığını yüksəltmək istiqamətində görülən müxtəlif tədbirlər Müdafiə Nazirliyinin təsdiq etdiyi hazırlıq planı əsasında tənzimlənir. Belə tədbirlər digər tədbirlərlə birlikdə ordu quruculuğu üçündür.
Birinci yarım ilin yekunlarına görə birliyin taborları arasında döyüş növbətçiliyinin təşkili, aparılması və digər hərbi tapşırıqların yerinə yetirilməsi yoxlanılıb. Bu, döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində olduqca vacib bir tədbir kimi həyata keçirilib. Səlahiyyətli komissiyanın üzvləri taborlarda hərtərəfli baxış keçirib, hər taborun müxtəlif istiqamətlər üzrə fəaliyyətinin səviyyəsini müəyyənləşdirib. Mayor İbrahim Qasımov bu tədbirin bilavasitə ordu quruculuğunda gərəkliyini bildirdi:
- Bu tədbir təkcə taborlararası qeyri-rəsmi yarış mahiyyətli tədbir deyil, o, həm də hərbi hissənin döyüş hazırlığının müəyyənləşdirilməsində vacib bir tədbirdir. Belə baxışlar olmasa da, döyüş növbətçiliyi yüksək səviyyədə aparılmalıdır, aparılır da. Həm də işğaldan azad edilmiş ərazidə, düşmənlə yaxın məsafədə. Düşmən düşmənçiliyindən əl çəkmirsə, yenə işğala meyil edirsə, üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmirsə, taborlarda döyüş növbətçiliyi daha məsuliyyətlə təşkil olunmalıdır. Xidmət etdiyim taborda bu amilə həssaslıqla hərbi xidmətin vacib bir mərhələsi kimi yanaşılır.
Kapitan Xalid Bayramov bu məqama bir qədər əhatəli münasibət bildirdi:
- Taborun yerinə yetirdiyi hərbi tapşırıqları əsgərlər icra edirlər. Bu baxımdan taborda döyüş növbətçiliyinin təşkili səviyyəsi əsgərin döyüş hazırlığı, məsuliyyəti, döyüş növbətçiliyi aparma bacarığı ilə müəyyənləşdirilir. Xidmət etdiyim taborda hər əsgərin fərdi döyüş hazırlığı yüksək səviyyədə olduğuna görə taborun da döyüş hazırlığı yüksəkdir. Ona görə tabor istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Birlik üzrə birinci yarım ilin yekunlarına görə bu tabor birinci yerə layiq görülüb, birliyin bu nominasiyalar üzrə kuboku bu tabora verilib, yüksək xidməti nəticə dəyərləndirilib. Baş gizir Zal Əkbərov qürurla bildirdi ki, tabor döyüş tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirməyi bacarır, buna qadirdir. Bu kubok bizim məsuliyyətimizi daha da artırır. Əsgərlərimiz 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış döyüşçülərin davamçıları kimi məsuliyyətlə, Vətənə sədaqətlə xidmət edirlər. Bu xidmətin mahiyyəti də Zəfəri yaşatma, davam etdirmə niyyətidir.
Birlik üzrə döyüş növbətçiliyinin  təşkilində, digər hərbi tapşırıqların Nizamnamələrin tələbləri əsasında yerinə yetirilməsində fərqlənən tabor yüksək döyüş hazırlığı ilə istənilən döyüş əmrini yerinə yetirmə qüdrətindədir.

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"