Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2023 16:51

“Təlimdə də döyüş ruhu ilə iştirak edirik”

Yaydı. İstidi. Bürküdü. Hamı əmindir ki, qışda soyuq-sazaq, yayda isti-bürkü xidməti vəzifələrini yerinə yetirənə yaxın düşə bilmir. Bu, Vətənə sevginin - Vətən sevgisinin qüdrətidi. Bunu 44 günlük Vətən müharibəsindən əvvəl dekabrın sonlarında Murovdağda müşahidə eləmişəm,  Gədəbəydə, dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə də, yayın "qorabişirən"ində Haramı düzündə də, başqa ərazilərimizdə də. Hamı 30 il ruhumuzun fəslini arzulayıb. Ruhu rəvanlar bu fəsli təbiətdən gözləməyib, bilib ki, (və əmin idi ki!) bu fəsli Azərbaycan əsgəri gətirəcək. Dünya ictimaiyyəti Azərbaycan əsgərinin bu qüdrətindən heyrətlənəcək. Torpaqlarımızın işğaldan qurtuluşuyla tamamlanan döyüşlərin sonuncu gülləsinə bu heyrətin başlanğıcı deyəcək...
Təlimə bu düşüncələrin gözəlliyini yaşadığım anlarda təlim başlanır. Əsgərlər elə bil bir az əvvəl gördüyüm əsgərlər deyil; hərəkətlərində inam var, davamlılıq var, qarşılıqlı anlaşma var və bu qarşılıqlı anlaşılma sözsüz yerinə yetirilir. Əminəm: əsgər əsgəri baxışından anlayır. Buna da qüdrət deyirəm.
 "Topun "döyüşə" və "səfərə" hazırlanması" mövzusunda keçirilən təlimi maraqla izləyirik. Bizə elə gəlir ki, 2020-ci il sentyabrın 28-idi. Bu divizion da döyüş əmrini yerinə yetirir.  Düşmənin komanda məntəqəsinin koordinatları verilib. Əsgərlərin baxışlarında dönməz bir qətiyyət hiss olunur. Bu qətiyyət yüksək döyüş hazırlığının yaratdığı döyüş əzmidi, qələbə ruhudu. Onlar topu şərti düşmənin şərti komanda məntəqəsini artilleriya mərmisi ilə dağıtmağa hazırlayırlar. Hərəkətlər rəvandır. Hər mərhələ təlimata müvafiq müddətdə yerinə yetirilir. Top komandiri çavuş Taleh Tomayev növbəti əmrdən əvvəl top heyətinə müvafiq göstərişlər verir. Bu göstərişlər əmrin daha rəvan, daha səlis, təlimata müvafiq yerinə yetirilməsi üçündü. Göstərişlər nəticəsiz qalmır. Döyüş əmri bütün heyətin hərəkətlərində sezilməsi çətin olmayan bir inam yaradır. Bu inam əmrin yerinə yetirilməsinin təminatçısı olur. Döyüş əmrindən atəşin başa çatmasına qədər keçən müddət komandiri qane edir. Mayor Bəhruz Məmmədov razılıqla top heyətini süzür. Bizə elə gəlir ki, gerçək bir döyüş gördük. Top heyətinin hər birinin baxışında Göyəzənə boy verməyən qürur var. Bu qürur sevincdir: "Komandirimiz bizə inanır". Qalib əsgərlərin döyüş yolunun davamçılarına baxırıq.  Bizə elə gəlir ki, bu əsgərlər 44 günlük Vətən müharibəsində iştirak edən artilleriyaçılarımızın döyüş əzmini, qələbə ruhunu, qətiyyətini, məsuliyyətini sədaqətlə davam etdirir...
Mayor Bəhruz Məmmədov İkinci Qarabağ müharibəsinin ilk günlərində düşmənin iki komanda məntəqəsini necə dağıtdıqlarını xatırladır və əsgərlərə baxır. Bu baxışlarda sevgi var, inam var, bir də etibar var:
- Təlim şərti döyüşdür. Şərti döyüş tapşırıqlarını da gerçək döyüş ruhu ilə yerinə yetirənlər yüksək döyüş hazırlığına malik olan əsgər kimi formalaşır. Müxtəlif mövzuları əhatə edən hər təlimin döyüş hazırlığının yüksəldilməsində əhəmiyyəti də həmişə bu baxımdan dəyərləndirilir. Divizionumuzla Müdafiə Nazirliyinin, Quru Qoşunları komandanının, birlik komandirinin müəyyənləşdirdiyi təlimlərdə də, hərbi hissədaxili təlimlərdə də məsuliyyətlə iştirak edirik. Nəzəri bilikləri mənimsəmiş əsgərlərimiz təcrübi vərdişləri təlimlərlə mənimsəyir, peşəkarlaşırlar.
Əsgərlər xoş ovqatla göy üzünə baxır, mən əsgərlərə, onların Murova boy verməyən inamına, inamı ilə qoşa dayanan sevincinə, bu sevincin haləsinə dönən sevgisinə. Bu sevgi Vətənə sevgidi...
- Biz həmin əsgərlərin davamçılarıyıq. Biz də onlar kimi əmri qətiyyətlə yerinə yetiririk. Təlimlərdə özümüzü döyüşdəki kimi hiss edirik. Komandirimiz deyir ki, bu, əsgər üçün olduqca vacib şərtdir. Əsgər hər təlimdə qarşıya qoyulan tapşırıqları  gerçək döyüş məsuliyyəti ilə yerinə yetirməlidir. Əminəm ki, düşmən təxribata meyillənsə, onların qarşısını kəsmək bizim diviziona tapşırılsa, döyüş əmrini yüksək məsuliyyətlə yerinə yetirəcəyik, - çavuş Taleh Tomayev belə deyir.
Əsgər Aqşin Abdullayev hərbi xidmətin ilk aylarını bu günün xidmətindən xatırlayır:
- İlk təlimlərdə nəzərdə tutulan tapşırıqları yerinə yetirirdik, ancaq komandirimiz qarşılıqlı fəaliyyətimizi bəyənmirdi. Təlimin tələbləri ilə bağlı verilən əlavə biliklər əhəmiyyətli olmuşdu. Bir neçə təlimdən sonra qarşılıqlı fəaliyyəti də peşəkarlıqla öyrəndik.
Əsgər Rəsul Abdullayev deyir ki, hərbi xidmətin ilk vaxtlarında bizə də gərəkli hərbi biliklər öyrədilmişdi. Bu biliklər müxtəlif təlimlərlə vərdişlərə, bacarığa çevrilib. Təlimlər peşəkarlığımızı yüksəldir. Biz də topun istismar xüsusiyyətlərini öyrənmişik. Aqşinin sözünün qüvvəti, ilk təlimdə hamımız həyəcanlı idik. Bizə elə gəlirdi ki, bildiklərimizi də unutmuşuq. Onda komandirimiz Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) ilk çöl çıxışlarını xatırladaraq dedi ki, biz də ilk təlimdə həyəcanlı idik. İlk şərti tərəfi nişan aldıq. Komandirimiz heç birimizi danlamadı. Tövsiyələrini bildirdi. Bu, bizim öyrəndiklərimizin də, öyrənəcəklərimizin də düsturuna döndü. Növbəti əmri bir qədər ləngliklə də olsa, dəqiq yerinə yetirdik. Bu, bizim son çətinliyimiz oldu. Komandirimizin dedikləri bizim həyəcanımızı sovuşdurdu. Biz növbəti şərti atışı komandiri razı salacaq səviyyədə yerinə yetirdik.
Əsgərlərin dedikləri mənə bir gerçəkliyi yenidən yaşadır: əsgərlər təlimi öyrənmə prosesinin nəinki davamı bilir, həm də onu tamamlayan proses hesab edir.
Əsgər Sənan Şükürov müharibənin ilk vaxtlarında Füzuli uğrunda gedən döyüşlər haqqında eşitdiklərindən danışır:
- Bölməmizdə müharibə iştirakçısı olanlardan İkinci Qarabağ müharibəsinin təəssüratlarını maraqla dinləyirik. Bunların hər biri Vətən müharibəsinin tarixidir. Biz artilleriyaçı olduğumuz üçün zabitlərimiz bizə daha çox artilleriyaçıların döyüşlərindən danışırlar.
Əsgərlər zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının İkinci Qarabağ müharibəsində iştirakını qürurla xatırlayırlar. Dünənlərlə bağlı olan bu qürur sabahların qürurudu:
- 44 günlük Vətən müharibəsində bizim hərbi hissə də iştirak edib. Hərbi hissənin şəxsi heyəti neçə-neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsində, düşmənin neçə-neçə komanda məntəqəsinin dağıdılmasında, döyüş texnikalarının, canlı qüvvəsinin məhv edilməsində qətiyyətlə döyüşüblər. Biz hərbi xidmətdə onların döyüşlərini də sevgilərlə öyrənirik. Bizdən sonra da müharibə tarixi kimi həmişə öyrəniləcək, - əsgər Rəsul Abdullazadə belə deyir.
Əsgər Sənan Şükürov deyir ki, mərminin atışa vaxtında hazırlanması da, hədəfin dəqiq nişan alınması da, atışın vaxtında aparılması da, hədəfin dəqiq vurulması da top heyətinin hər üzvündən eyni dərəcədə asılıdır. Ona görə öyrədilənləri mükəmməl öyrənir, təlimlərlə təkmilləşdiririk.
Əsgər Aqşin Abdullayev deyir ki, Füzuli istiqamətində düşmən ciddi müqavimət göstərirmiş, artilleriyası ilə, döyüş texnikaları ilə döyüşçülərimizin səngərlərdən döyüşə çıxmasına, irəliləməsinə imkan vermirmiş. Ağır döyüş gedirmiş. Komandanlıq düşmənin qruplaşmasını, müdafiə sistemini dağıtmağı indi mənim də xidmət etdiyim bu diviziona tapşırıb. Əmr qətiyyətlə, dəqiqliklə yerinə yetirilib. Mərmilərdən biri döyüşçülərimizin döyüşə-döyüşə irəliləməsinə imkan verməyən həmin tankın üstünə düşüb. Bu, düşmənin qətiyyətini çilik-çilik edib, müdafiəsi zəifləyib, geri çəkilməyə məcbur olub. Komandirimizin danışdığı döyüş təəssüratlarından bir daha əmin olduq ki, İkinci Qarabağ müharibəsində artilleriyamız döyüşlərdə qüdrət göstərib.
Top heyətinin topu döyüşə hazırlamasını da maraqla izləyirik, səfərə hazırlamasını da. Bütün hərəkətlərdə inam duyulur, yüksək peşəkarlıq duyulur. Belə peşəkarlıq İkinci Qarabağ müharibəsində düşmənin komanda məntəqələrini dağıtmışdı, iri birləşmələrini, döyüşənlərinə hərbi sursat daşıyan maşın karvanını məhv etmişdi. O döyüşləri, döyüşçülərimizə atəş dəstəyi verənlərin qəhrəmanlığını, peşəkarlığını xatırladan mayor Bəhruz Məmmədovun qüruru könüləyatımlı qürurdu: Azərbaycan Ordusunda əsgərlərin sələf-xələf sədaqəti Vətənə xidmətin tərkib hissəsi kimi yaşadılır. "Bugünkü təlimin hansı mərhələsini daha böyük istəklə yerinə yetirdiniz?" sorğuma bir anlıq cavab verən olmur. Az sonra Nicat Cəfərov deyir ki, bütün əmrləri yerinə yetirmək bizim vəzifə borcumuzdur. Topun atışa hazırlanması döyüşün başlaması olduğu üçün ona sevgimiz bir qədər fərqlidir. Topun səfərə hazırlanmasında da döyüş ovqatı var. Ancaq o, bir müddətdən sonra olur.
Bu fikirlər də Azərbaycan əsgərinin Vətən naminə döyüş əzminin, qələbə ruhunun ifadəsidir.
Təlim başa çatır. Top heyətinin topu səfərə hazırlamasını da, döyüşə hazırlamasını da təlimata uyğun müddətlərdə yerinə yetirməsi bir divizionun timsalında ordu quruculuğunun yüksək səviyyədə davam etdiyinin təsdiqidir. Əsgərlər öyrənir, öyrəndikləri təlimlərlə təkmilləşdirilir, peşəkarlıqları yüksəlir...
Yayın istisində-bürküsündə əsgərlər nizamnamələrlə müəyyənləşdirilmiş müddətlərdə topu  “döyüşə” və “səfərə” hazırladılar. Zabitlər təlim tapşırıqlarını gerçək döyüş ruhu ilə yerinə yetirən əsgərlərin nəzəriyyədən bildiklərinin təcrübi tətbiqindən razı qalıblar...
Həzin-həzin meh əsir...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"