Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:43

Biz əmin əllərdəyik

Bir aydan artıqdır hərbi hissədəyəm. Hərbi andiçmə gününə sayılı günlərimiz qalır. Hazırlığımız uğurla davam edir. Əsgər olmaq, hərbi forma geyinmək hər birimizin uşaqlıqdan istəyi olub. Atam birinci Qarabağ döyüşlərinin iştirakçısı olub, müharibə veteranıdır. Qardaşımla mənə tez-tez döyüş xatirələrindən danışır, xalqımızın necə mərd, igid oğulları olduğunu deyirdi. Təhsilimizi başa vuran kimi, ilk məqsədimizin hərbi xidmət keçmək olduğunu vurğulayırdı. Bir sözlə, bizi hərbi vətənpərvərlik tərbiyəsində böyüdürdü. Bakalavr və magistr təhsilimi başa vurub hərbi xidmətə gəldim. Ordumuzun sosial şəraitinin, təminatlarının yüksək səviyyədə olduğunu eşidirdim. Hərbi hissədə bunların canlı şahidi oldum. Əvvəlcə onu deyim ki, hərbi hissənin kollektivi arasında sağlam mühit, səmimi və mehriban münasibət var. Yeni gələn hər kəslə komandir heyəti yaxından maraqlanır, fərdi söhbətlər aparırlar. Bizə göstərilən yüksək diqqəti hərbi hissəyə gələn ilk gündən hiss etmişik. İlk gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi bizi hərbi hissəyə təhvil verdi. Hərbi hissədə ilk öncə uçot-qeydiyyat işləri aparıldıqdan sonra psixoloqlarla görüş oldu. Sonra tibbi yoxlanışdan keçdik və əşya anbarına yollandıq. Burada hər birimizə tam komplekt hərbi geyim forması təqdim olundu. Həmçinin yuyunma ləvazimatları da verildi. Sonra bölməmizə yollandıq. Komandir heyəti və əsgər yoldaşlarımızla tanışlıq oldu.  Hərbi hissənin sosial-məişət şəraitinin yüksək səviyyədə olduğuna, yataqxanalarının, yeməkxanasının və digər iaşə obyektlərinin müasir avadanlıqlarla təmin olunduğunu gördük. Gördüklərimizdən bir daha əmin olduq ki, xidmətimizi uğurla keçmək üçün hər cür şərait yaradılıb. Sonra dərslərə başladıq. Sıra və atəş hazırlığından məşğələlərə cəlb olunduq.
Günün nizam qaydalarına uyğun olaraq bütün fəaliyyətlərimiz səmərəli təşkil olunur. Səylə hərbi andiçmə gününə hazırlaşırıq. Sıra hazırlığının fənn və elementlərini həvəslə öyrənirik. Hər birimiz yüksək əhval-ruhiyyədəyik. Şəraitimizin yüksək olması, komandir heyətinin qayğıkeşliyi hərbi hissəyə tez adaptasiya olunmağımıza zəmin yaradır. Mütəmadi olaraq hərbi həkimlər də bölməmizə gəlir, bizi müayinə edir, isti yay günlərində günvurmalardan qorunmaq üçün təlimatlar verir, səhətində narahatçılığı olanları tibb məntəqəsinə aparıb müalicə edirlər.  Analarımızın ürəyi rahat olsun, biz əmin əllərdəyik. Bilirəm ki, onları ən çox düşündürən məsələlərdən biri qidalanmağımızdı. Çünki anam da məni yola salanda, bu məsələdən narahatçılığını bildirmişdi. Yeməyimə, içməyimə diqqət etməyimi dönə-dönə tapşırmışdı. İndi öz anamın timsalında bütün analara səslənirəm ki, narahat olmayın bütün təminalarımız kimi yeməklərdən də çox razıyıq. Qadın aşpazlar bizə milli mətbəximizin gözəl təamlarından hazırlayırlar. Xörəkləri çox dadlı və keyfiyyətli bişirirlər. Evdə yediyimiz yeməklərdən fərqlənmir.  Həmçinin gündəlik olaraq mövsümə uyğun meyvələr də verilir. Andiçmə mərasiminə gələndə dediklərimin canlı şahidi olacaqsınız. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusunda gənc əsgər hazırlığı çox yüksək səviyyədə təşkil olunur. Asudə vaxtlarımızda əsgər yoldaşlarımızla söhbətləşəndə, hər kəs burada əsgərlərə yüksək dəyər verildiyini deyir, hərbi hissənin şəraitindən və komandirlərin münasibətindən razılığını vurğulayır.
Bizim üçün yaradılan belə yüksək şəraitə görə dövlət başçımız Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Hər birimiz qalib ordumuzun sıralarında olduğumuz üçün qürur duyuruq. Gənc əsgər hazırlığını uğurla başa vurub erməni işğalına məruz qalan torpaqlarımızda Vətənimizin müdafiəsində dayanmağı arzulayırıq.

Əsgər
Tərlan TAHİRZADƏ