Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:42

“İdman insanı tək fiziki deyil, eyni zamanda, ruhi cəhətcə də tərbiyələndirir”

44 günlük Vətən müharibəsində igid oğullarımızın dillərə dastan olan, şücaətilə işğaldan azad edilən dilbər güşələrindən birində yerləşən hərbi hissədə şəxsi heyətin fiziki hazırlığının təmin edilməsi üçün yaradılan şəraitlə tanış olduq. Müasir standartlara uyğun qurulan idman şəhərciyi hərbi qulluqçularımızın fiziki cəhətdən sağlam, gümrah, güclü olmalarına şərait yaradır. Gəlişimiz günün nizam qaydalarına uyğun olaraq əsgərlərin fiziki hazırlıq məşğələsi saatına təsadüf etdiyindən onların idmanla məşğul olmalarının şahidi olduq.
- Şəxsi heyət fiziki hazırlıq məşğələsi zamanı idman normativlərini böyük həvəslə və peşəkarlıqla yerinə yetirir, - deyə gizir Şamxal Əlizadə bildirdi. Ordu sıralarına Biləsuvar rayonundan çağırılan Şamxal keçirilən idman məşğələləri barədə bizə geniş məlumat verdi.
"Əsgərlərimiz idman qurğularından yararlanaraq fiziki güclərini artırır, bununla da idman normativlərini yüksək peşəkarlıqla yerinə yetirirlər. 100 və 3000 metr məsafələrə qaçış, turnikdə dartınma, paralel qollarla hərəkət, gövdənin uzanaraq yerdən qaldırılması (pres) və s. normativlər hər bir əsgərimiz tərəfindən rahatlıqla, həvəslə və vaxtında icra olunur. Fiziki hazırlıq məşğələləri əsgərlərimizi təkcə fiziki güclü deyil, həm də qətiyyətli, özünə inamlı, sağlam düşüncəli, gümrah olmalarına köməklik edir. Necə deyərlər, sağlam bədəndə, sağlam ruh olar. Şübhəsiz ki, fiziki cəhətdən güclü olan əsgər döyüş meydanında çətin vəziyyətlərdən qalib çıxacaq. 44 günlük Vətən müharibəsi zamanı igid oğullarımız ürəklərindəki Vətən sevgisinin və qollarındakı gücün köməkliyi ilə sıldırım qayaları, keçilməz yolları asanlıqla  keçib doğma torpaqlarımızı işğaldan azad etdilər. Xidmətdə olan əsgərlərimiz bu gün də qəhrəmanlıqları ilə tarix yazan həmin oğulların xidmət yollarını özlərinə nümunə bilirlər, işğaldan azad olunan torpaqlarımızda əsgər olmağın xoşbəxtçiliyini yaşayırlar".
Şəki rayonundan ordu sıralarına çağırılan əsgər Əhməd Əhmədov dedi ki, kiçik yaşlarından idmana böyük maraq göstərib. Həvəskar olaraq idmanın güləş növü ilə məşğul olub. "Hərbi xidmətə gəlməmişdən əvvəl mütəmadi olaraq idmanla məşğul olurdum. Düşünürdüm ki, xidmət zamanı idman etməyə vaxt olmayacaq. Ancaq yanılmışam, burada bizim üçün hər bir şərait yaradılıb. Günün nizam qaydalarına uyğun olaraq hər gün iki dəfə - səhər və axşam idmanla məşğul oluruq. Bu da bizim gün ərzində gümrah olmağımıza, həmçinin  fiziki cəhətdən güclü hərbçi kimi formalaşmağımıza kömək edir".
Digər müsahibim isə hərbi xidmətə Masallı rayonundan çağırılan əsgər Yasərağa Ağayev oldu. "İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin insanda ruh yüksəkliyi əmələ gətirir, insanın zirək, çevik və dözümlü olmasına səbəb olur. İdman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. Sirr deyil ki, idmanla məşğul olan insanlar daha intizamlı olurlar. Bundan əlavə idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini də yüksəldir" - deyə əsgər bildirdi.
"İdman insanı tək fiziki deyil, eyni zamanda, ruhi cəhətcə də tərbiyələndirir", - deyə əsgər Ağalar Məmmədli söhbətimizə qoşuldu. "Bizim hər birimiz anlayırıq ki, hərbi qulluqçu gərək sağlam, çevik və güclü olsun. Ona görə də  fiziki hazırlıq saatlarında və asudə vaxtlarımızda bizim üçün yaradılan bu gözəl şəraitdən maksimum yararlanmağa çalışırıq. Gündəlik müəyyən məsafəni qaçır, turnikdə dartınma və digər alətlərdə normativləri yerinə yetiririk. Bütün bunların nəticəsində zəif uşaqlar da sağlam və güclü bir cavana çevrilirlər".
 Ağstafa rayonundan ordu sıralarına çağırılan əsgər Zeynal Həsənovun da idmana böyük həvəsi var. Ən çox idmanın boks növünə maraq göstərən Zeynal mülki həyatda müəyyən qədər bu idman növünün sirlərinə yiyələnib. Əsgər tərxis olduqdan sonra daimi idmanla məşğul olacağını bildirdi.
"Respublikada gənclərin idmanla məşğul olmaları üçün bütün lazımi şəraitlər yaradılıb. Hər il yeni-yeni stadionlar, idman zalları və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ordumuzda da idmanla məşğul olmaq üçün hər bir şərait yaradılıb. Bizim üzərimizə düşən vəzifə isə fiziki hazırlıq məşğələrində bütün gücümüzlə iştirak etmək, komandirlərimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirə bilməkdən ibarətdir. Fiziki cəhətdən hazırlıqlı olan hərbi qulluqçu qarşıya qoyulmuş çətin tapşırıqları asanlıqla yerinə yetirməyə qadirdir. Bizim ordumuza qələbə, qalibiyyət yaraşır. Qalib olmaq üçün isə hər zaman güclü olmaq lazımdır. Bunun üçün də hər birimiz güclü ordunun güclü əsgərləri olmaq üçün var qüvvəmizlə çalışmalıyıq. "

Baş leytenant Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"