Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:40

Zabit olmaq arzum gerçəkləşdi

Vətəni vətən edən onun mərd, cəsur oğullarıdı. Erməni vandalları Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa göz dikdiyi vaxtdan xalqımızın igid oğulları silaha sarılaraq doğma torpaqlarımızın müdafiəsinə qalxdılar. Döyüşlərdə nə qədər şəhid versək də, qazilərimiz olsa da, yenə Vətənimizin bütövlüyü, üçrəngli bayrağımızın əbədi dalğalanması naminə hər zaman düşmənə qarşı haqq savaşında öndə oldular. Artıq üç ilə yaxındır doğma Vətənimizin ərazi bütövlüyü bərpa olunub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi altında xalqımızın igid, cəsur oğulları ölüm-dirim savaşına atılaraq ən qısa zamanda düşməni məğlub etdilər. Özünü həmişə güclü hesab edən, özü haqqında yaratdığı miflərə güvənərək məğlubiyyəti heç vaxt ağlına gətirmək istəməyən düşmən ordusu cəmi 44 gün ərzində darmadağın edildi. Tarixdə bu cür qısa müddətdə böyük əraziləri azad edən döyüş əməliyyatları çox az olub. Azərbaycan əsgərinin qəhrəmanlığı, şücaəti bir daha göstərdi ki, xalqımız və dövlətimiz heç zaman işğalla barışmayıb.
 Biz tez-tez ordumuzun ayrı-ayrı bölmələrində oluruq və orada müxtəlif ixtisaslı zabitlərlə görüşürük. Bu dəfə həmsöhbət olduğum baş leytenant Rəhim Rəhimovdur. Rəhim ali təhsillidir. Gəncə Dövlət Universitetini alman dili ixtisası üzrə bitirib. Müddətli həqiqi hərbi xidmətdən sonra orta məktəbdə müəllim işləmək istəməyib. Əksinə, yenidən ordu sıralarına qayıdaraq zabit kimi şərəfli bir peşənin davamçısı olmaq qərarını verib. Bu arzu, bu istək Rəhimi "Ehtiyat zabit hazırlığı kursu"na gətirdi. Həmin ildən də zabit kimi ordu sıralarında xidmətini davam etdirir. Rəhim deyir ki, zabit olmaq arzum gerçəkləşdi.
Zabit Rəhim Rəhimov həm də 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuza əks-hücum əməliyyatı əmri verəndə ilk döyüşə gedənlər sırasında Rəhimgilin bölməsi də olub. Cəbrayıldan başlayan döyüş yolu Laçın rayonunun Güləbird kəndinə qədər davam edib. Ordumuzun döyüşən bölmələri irəliləyib daha böyük əraziləri azad etdikcə onlarda qələbə əzmi artıb. Düşmən kapitulyasiya aktına imza atmaqla aktiv döyüş əməliyyatlarının dayansa da Rəhim işğaldan azad edilmiş ərazilərdə xidmətini davam etdirib.
Baş leytenant R.Rəhimov döyüşlərdəki xidmətlərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.  
Zabit R.Rəhimov onu da əlavə etdi ki, onların başlıca məqsədi gənc əsgərlərə təsdiq olunmuş plana əsasən və tərtib edilən dərs cədvəlinə uyğun mövzu və məşğələləri keçməkdir. Vacib bilik və bacarıqları gənc əsgərlərə aşılamağa çalışmaqdır. Onların da başlıca məqsədi, məramı öyrədilənləri daha yaxşı mənimsəməkdir.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"