Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:37

Eli igidlər tanıdır

Erməni işğalından azad edilmiş ərazilərimizdə dislokasiya olunan "N" hərbi hissəsinin döyüş növbətçiliyi aparan bölməsində əsgərlərlə həmsöhbət olduq. Bölmə sərhədlərimizin müdafiəsində yıxılmaz qala kimi dayanıb. Bu qalanı qorxmaz, mərd Azərbaycan əsgərləri qoruyurlar. Bölmədə gördüyüm şərait, intizam xidmətin düzgün təşkil olduğundan xəbər verirdi. Şahidi olduqlarımız bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmədə günün nizam qaydalarına uyğun olaraq sutka boyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır. Həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma və mənəvi-psixoloji vəziyyətin daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Dövlətçiliyinə və millətinə bağlı, Hərbi Anda sadiq olan gənclərimiz də hərbi xidmət keçməyin vacibliyini yaxşı dərk edərək, Vətən qarşısında borcun öhdəsindən layiqincə gəlirlər. Nümunəvi xidmət edərək ərazi bütövlüyümüzün müdafiəsində inamla dayanırlar. Onların xidmətləri ilə yanaşı, qətiyyətli sözləri də bu inamın bir daha təsdiqi oldu.
Əsgər Allahverdi Qasımov: Hər gənc kimi, mən də əsgər olmağın qürurunu yaşayıram, həm də bu qürurum ikiqatdır. Çünki işğaldan azad olunan torpaqlarımızda döyüş növbətçiliyi aparıram. Bunun qürurlu tərəfi ilə yanaşı, məsuliyyətini də yaxşı başa düşürəm. Vətənimizin keşiyində inamla dayanmışam. Hər döyüş növbətçiliyində bu ərazilərin azadlığı uğrunda şəhid olan qardaşlarımızı düşünürəm. Onların qəhrəmanlığından, igidliyindən ilham alıram. Canları bahasına azad etdikləri torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanıram. Təlim və məşqlərdə qazandığımız biliklərimiz döyüş növbətçiliyinin təşkilində köməyimizə çatır. Belə ki, gecə və gündüz müşahidələri zamanı kəşfiyyat hazırlığında əldə etdiyimiz biliklərdən istifadə edərək, gecəgörmə cihazları olmadan belə hər hansı bir səsin hansı istiqamətdən gəldiyini, hansı məsafədə olduğunu asanlıqla təyin edirik. Mühəndis hazırlığında öyrəndiklərimizdən istifadə edərək, səngərdə müxtəlif cür maneələri düzəldə bilirik. Atəş hazırlığında silahımızın təyinatını, taktiki-texniki xüsusiyyətlərini mənimsəmişik. Hər kəs öz silahından sərrast atəş açmağı bacarır. Bir sözlə, biz yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşmışıq və ərazi bütövlüyümüzü inamla qoruyuruq.
Əsgər Məmməd Həsənov: Əsgəri xidməti mənəviyyat borcu bilirəm. Vətən ülvi varlıqdır. Bizi qoynunda bəsləyir, torpağının nemətləri, havası, suyu ilə qidalandırır. Vətən hər birimiz üçün anadır. Əsgər olmaq da hər birimiz üçün vətəndaşlıq, ana Vətənimizə övladlıq borcudur. Bu borcun öhdəsindən layiqincə gəlmək mənəviyyat borcumuzdur. Hərbi xidmət hər birimizə dözümlülük, mərdlik, qorxmazlıq kimi, əsil kişiyə xas xüsusiyyətlər qazandırır. Burada həm yüksək mənəvi-psixoloji və döyüş hazırlıqlı əsgərlər kimi, həm də cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşırıq. Bütün məsuliyyətimlə çalışıram ki, bu borcun öhdəsindən layiqincə gələrək Vətənimə layiqli əsgər olum. Komandirlərimiz bizə hərbi bilikləri, döyüş hazırlığının sirlərini öyrədir, vətənpərvərlik aşılayır, həmçinin qayğılarımızla da yaxından maraqlanırlar. Tez-tez fərdi söhbətlər aparır, mənəvi-psixoloji hazırlığımızın yüksək tutulması istiqamətində işlər görürlər. Buranın çətin relyefi və mürəkkəb iqlimi var. Lakin heçnə bizə çətinlik törətmir. Çünki bütün təminatlarımız qaydasındadır. Döyüş növbətçiliyini də yüksək səviyyədə aparırıq. Bir an belə qarşı tərəfi nəzarətsiz qoymuruq. Tək amalımız nümunəvi xidmət etmək, sərhədlərimizin qətiyyətli müdafiəsini təşkil etməkdir.
Əsgər Dönməz Həmdəmov: Vətənimiz qəhrəmanlar diyarı, igidlər məskənidir. Xalqımız tarix boyu Vətən uğrunda canından keçmiş, doğma yurdunu göz bəbəyi kimi qorumuş öz mərd oğul və qızları ilə tanınıb. Biz də qəhrəman əcdadlarımızın davamçılarıyıq. Mərdlik, igidlik genlərimizə hopub. Vətən sevgimizdən güc alaraq torpaqlarımıza keşik çəkirik. Müqəddəs vəzifələr yerinə yetirdiyimizi bilirik. Buna görə də hər birimiz intizamlı olub, komandirlərimizin dediklərinə sözsüz əməl edirik. Biz bilirik ki, qarşımızda dayanan düşmən xaindir, təxribata əl atmaq üçün məqam gözləyir, tez-tez atəşkəsi pozur. Lakin bizim ayıq-sayıqlığımız hər dəfə onları susdurur. Burada xidmət etdiyim üçün mən də fərəhlənirəm. Əsgər yoldaşlarımla və komandirlərimlə birlikdə düşmənə keçilməz çəpər çəkmişik. Burada keçirtdiyim günləri heç zaman unutmayacağam. Silahdaşlarımla milli bayramlarımızı, ad günlərimizi  və digər xoş günləri qeyd edirik. Çiyin-çiyinə verib döyüş növbətçiliyi aparırıq. Bu anların hər biri daim qürurla xatırlayacağım xatirələr kimi yaddaşıma yazılıb. Komandirlərimizin öyrətdiyi hərbi vərdişlər müqəddəs vəzifələrimizin öhdəsindən uğurla gəlməyə kömək edir. Artıq döyüş vərdişlərinə yiyələnən bacarıqlı əsgərlər kimi formalaşmışıq. İstənilən döyüş tapşırığını qələbə ilə tamamlamağa hazır və qadirik.
Əsgər Rəvan Sadıqov: Artıq tərxis olunmağıma bir neçə ay qalıb. Vətəni qorumaq kimi müqəddəs vəzifənin öhdəsindən uğurla gəlib, ailəmin yanına başıuca qayıdacağım üçün qürurluyam. Hərbi sirlərə sadiq qalacağıma, Vətənimə layiqli övlad olacağıma, onun mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacağıma and içdiyim günü heç vaxt unutmaram. Komandirlərimizin zəhməti nəticəsində hərbi bilik və vərdişlərə yiyələndik. Keçirilən məşğələlərin, təlimlərin nəticəsində bacarıqlı əsgərlər kimi formalaşmışıq. Şükürlər olsun ki, bu gün xidmətimlə o qüruru doğrulda bilirəm. Fəxr edirəm ki, bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmişəm. Xidmətə təzə başlayan silahdaşlarıma da intizamlı, məsuliyyətli olmalarını, ayıq-sayıq xidmət etmələrini arzulayıram.  Biz qalib və rəşadətli Azərbaycan Ordusunun əsgərləriyik. 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi zəfərdən ilhamlanaraq, yüksək döyüş ruhunda xidmətimizi davam etdiririk.

Baş leytenant Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"