Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:36

Adı qəlblərdə əbədiləşən qəhrəman

Mahmudlu Babək Süleyman oğlu da tarix yazan oğullarımızdan biridir.  O da Biləsuvar rayonundan olan şəhidlərin şərəf dolu döyüş yoluna sadiq qalaraq, 44 günlük Vətən müharibəsinin əfsanəvi döyüşçülərindən birinə çevrildi.
Babək  27 noyabr 1995-ci ildə Biləsuvar rayonunda Birinci Qarabağ müharibəsi veteranı Süleyman Mahmudovun ailəsində dünyaya göz açmışdı. Ona Vətən sevgisi böyüyüb boya-başa çatdığı ailəsindən, elindən, obasından aşılanmışdı. İgidliyi, qorxmazlığı, döyüşkənliyi atasından öyrənmişdi.  Atası Süleymanın Şuşadan, Laçından, Qubadlıdan, Füzulidən, Ağdərədən keçən şərəfli döyüş yolunu qəhrəmanlıqla davam etdirən Babək yaşıdlarının və silahdaşlarının qəlbində xalqımızın sərkərdə oğlu  əsl Babək kimi qaldı.
2011-ci ildə Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Babək  Sumqayıt Texniki Kollecinə  qəbul olur. Orta ixtisas üzrə aldığı təhsili başa vurduqdan sonra Vətənə övladlıq borcunu vermək üçün hərbi xidmətə yollanır. Hərbi xidmət dövründə nümunəvi, intizamlı, vətənpərvər  əsgər kimi komandirlərinin, şəxsi heyətin hörmətini qazanır. Vətənə namusla, ləyaqətlə xidmət edərək alnıaçıq, başıuca doğmalarının yanına qayıdır. Sonra Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində hərbi xidmətini davam etdirmək məqsədilə qəbul olunmuş qaydalara müvafiq imtahan  verir. İmtahandan yüksək nəticələr əldə edən Babək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətini davam etdirir. Manqa komandiri Babək Mahmudlu xüsusi kursu da uğurla başa vurur. Naxçıvanda keçirilən Türkiyə və Azərbaycan birgə hərbi təlimlərində atıcılıq yarışlarında birincilik  qazanır.
27 sentyabr 2020-ci ildə erməni təxribatı ilə başlayan 44 günlük Vətən  müharibəsinin ilk günlərindən  Vətən sevdalısı Babək döyüşə atılır. Onun erməni işğalçılarına qarşı ilk döyüşləri Cəbrayılda olur. Babəkin döyüş yolu Cəbrayıldan Zəngilana, Qubadlıya, Xocavəndə, Şuşaya qədər uzanır. Ağır keçən döyüş əməliyyatlarında hünər, qəhrəmanlıq göstərir. Xeyli sayda düşmən qüvvəsini məhv edir.  Oktyabrın 31-də Şuşa uğrunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalan Babək doğma yurduna əbədiyyət qazanaraq dönür. Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu  Mahmudlu  Babək Süleyman oğlu noyabrın 1-də Biləsuvar rayonunda torpağa tapşırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Babək Mahmudlu döyüşlərdə göstərdiyi cəsarət və hünərə görə ölümündən sonra  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid Babək Mahmudlunun yaşadığı küçə indi onun adını daşıyır. Türkiyə Cümhuriyyətində "Palmali" yeni gəmilərindən birinə "Babək Mahmudlu"  adı verilib.
Cəsur döyüşçü Babək də ölümü ilə ölümsüzlüyə qovuşaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində hünəri ilə tarix yazdı. Atalar gözəl deyib: "İgid ölər, adı qalar". Babək kimi cəsur oğulların adı həmişə qəlblərdə yaşayacaq.
                                                                                                                                              
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"