Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:34

Yüksək döyüş hazırlığı sabahkı qələbələrin müjdəçisidi

44 günlük Vətən müharibəsində yaxından iştirak edən hərbi hissədəyik. Qarşılaşdığımız hərbçilərin üzündən zəfər ovqatı süzülürdü. Bu da təbiidir, çünki onlar uzun illərdən bəri erməni işğalçılarının əsarətində qalmış torpaqlarımızı azad etmək üçün döyüşüblər. Şəxsi heyət üzərinə düşən müqəddəs borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün irəli atılıblar ki, gələcək nəsillərin üzünə dik baxsınlar, illərdən bəri ağrı-acılarını yaşadıqları Qarabağ müharibəsinə birdəfəlik son qoysunlar, torpaqlarımızı işğalçılardan təmizləsinlər.
Bu müqəddəs amal uğrunda döyüşdüklərinə görə sərrast atəşlə erməni  işğalçılarını məhv ediblər. Üzərlərinə düşən tapşırıqları bacarıqla yerinə yetiriblər. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdən hərbi hissəyə qələbələrlə, zəfərlərlə dönüblər.
Hərbi hissədə həmsöhbəti olduğumuz bütün zabit və əsgərlərin simasında qürur və iftixar gördük. Çünki onlar qalib ordunun qalib əsgər və zabitləridir.  Torpaqlarımızın azad olunmasında igidlik və qəhrəmanlıq göstəriblər. Cəsarətləri ilə adlarını qəhrəmanlıq tarixinin səhifələrinə yazıblar.
- Bizim üçün çox qürurludur ki, hərbi hissənin şəxsi heyəti Vətən müharibəsində böyük igidliklə, qəhrəmanlıqla döyüşüb, - deyə zabit Vasif Həsənov bizimlə söhbətə başladı. - Qəhrəmanlıqla vuruşduqlarına görə də düşməndən üstün oldular, onu diz çökdürərək qalib gəldilər. İnamla deyə bilərəm ki, zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular və əsgərlərimiz əks-hücum əməliyyatlarında üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər. Şəxsi heyət dərk etdi ki, uzun illərdən bəri erməni işğalında qalmış torpaqları azad etmək onun ən müqəddəs vəzifəsidi. Bu müqəddəs vəzifələri yerinə yetirən hərbi qulluqçularımız 44 gün davam edən Vətən müharibəsində düşmənin 30 ilə yaxın  davam edən işğalına son qoydular. Uğurlu döyüşlərin nəticəsində erməniləri illərdən bəri möhkəmləndirdikləri mövqelərdən geri qovdular. Döyüşlər zamanı ermənilərin onlarla canlı qüvvəsini məhv etdilər, döyüş texnikasını sıradan çıxartdılar. Son nəticədə onları ağır məğlubiyyətə uğratdılar. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı düşmən nə qədər cəhd göstərsə də, qüvvələrimiz qarşısında dayanmağı bacarmadı. Çünki hərbçilərimiz qələbə naminə döyüşürdülər. İkinci Qarabağ müharibəsindən hərbi hissəyə qalib qayıtmış zabit və əsgərlərimiz müasir silahların və hərbi texnikaların sirlərinə dərindən yiyələnmək üçün bu gün yenə də təlim keçir, yeni döyüş vərdişlərinə yiyələnirlər. Onlar səmərəli keçən dərs və məşğələlərdə döyüş hazırlıqlarını artırırlar. Daim artan döyüş hazırlığı isə sabahkı qələbələrin müjdəçisidi.
Şərəfli döyüş yolu keçmiş zabitlə zəfərə köklənmiş söhbətdən ürəyimiz qürurla doldu, daha da böyük qələbələrə sevinəcəyimizə əmin olduq. Bu əminlik ruhumuza hopdu, könlümüzə  sığal çəkdi. Deməli, təlim-məşqlərdə daim döyüş hazılığını artıran Azərbaycan şəxsi heyətin ən ülvi amalı və məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış qələbələri daha da böyük uğurla davam etdirməkdir. Ovqatımı bürüyən bu müqəddəs niyyətin, ülvi amalın qəlbimdə yaratdığı xoş duyğuların təsiri altında düşünürəm ki, həmişə müharibədə döyüş hazırlığı yüksək olanlar üstün gələrək rəqibini məğlub edir, zəfər qazanır. Bu, tarixin sınaqlarından çıxmış danılmaz həqiqətdir. Vətən müharibəsində də məhz hərbçilərimizin döyüş hazırlığı yüksək olduğuna görə, düşməni məğlub etdilər, yağıları yurdumuzdan qova-qova, xalqımıza qələbə sevinci yaşatdılar. Sevincini yaşadığımız bu qələbələrin, zəfərlərin davamlı olması üçün hərbi qulluqçularımız təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq dərs keçir, bacarıq və peşəkarlıqlarını artıraraq daha güclü, daha məğlubedilməz olurlar. Məğlubedilməzlik isə həmişə qələbəni təmin edir, zabitə, əsgərə başucalığı gətirir.
Təlim keçən şəxsi heyətə yaxınlaşdıq. İlk həmsöhbətimiz olan polkovnik-leytenant Qafqaz Əsgərov dedi ki, bu gün məşğələ keçən şəxsi heyətin əksəriyyəti Vətən müharibəsində iştirak ediblər. Döyüşlər zamanı onlar düşmən hədəflərini dəqiq atəşlə məhv edərək, qəsbkarlara məğlubiyyət acısını yaşadıblar. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçularla hamımız fəxr edirik. 44 günlük Vətən müharibəsində qazanılan qələbə bizi çox sevindirir, amma  arxayınlaşdırmır. Çünki arxayınlıq yüksək döyüş hazırlığı ovqatına mənfi təsir göstərə bilər. Şəxsi heyət döyüş hazırlığının yüksək olması üçün daim məşq edir, yeni qələbələr qazandıracaq vərdişlərə yiyələnir. Təcrübəli zabitlərimiz məşğələ prosesində 44 günlük Vətən müharibəsində qazandığımız təcrübədən də bəhrələnirlər. Bu amil məşğələləri daha da səmərəli edir. Əsgərlərimiz hərbi bilikləri böyük həvəslə mənimsəyirlər. Bu gün inamla deyə bilərəm ki, hərbçilərimiz həm mənəvi-psixoloji, həm də döyüş hazırlığı yüksək səviyyədədir. Şəxsi heyət günün istənilən vaxtı döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir. Fikir verirsinizmi, əsgərlərimiz məşğələlərdə necə həvəslə, maraqla iştirak edirlər. Bu Vətənə olan sevgidən, yurda olan bağlılıqdan, düşmənə olan nifrətdən irəli gəlir. Məşğələlərdə həvəslə, maraqla iştirak etdiklərinə görə gündən-günə "Qrad" qurğusunun sirlərini öyrənən əsgərlərimizin döyüş hazırlığı yüksəlir. Təcrübə və səriştələri artdıqca daha bacarıqlı olurlar. Daim artan təcrübə və səriştə isə onlara qarşıdakı xidmətlərində uğurlar vəd edir.
Qalib ordunun qalib əsgərinin təlim-məşğələsini izlədik. Döyüş maşınının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əziz Allahverdiyev məşğələnin mövzusunu heyət nəfərlərinə ətraflı izah edirdi. Mövzuya uyğun olaraq qurğuda lazım olan hissə və detalları göstərirdi. Heyət nəfərləri isə təlimin gedişinə diqqət kəsilərək, məşğələnin mövzusunu daha da dərindən öyrənməyə çalışırdılar. Sonra çavuş Ə.Allahverdiyev keçirilən dərslərlə bağlı heyət nəfərlərinə suallar verdi, mövzuları onlardan soruşdu. Əsgərlər heç bir çətinlik çəkmədən verilən sualları cavablandırdılar. Bütün bunlar onu göstərir ki, daim döyüş hazırlığını artıran heyət nəfərləri dərsə maraqla qulaq asır, mövzuları dərindən mənimsəyirlər.
Çavuş Əziz Allahverdiyev dedi ki, bu gün əsgərlərimiz ixtisas hazırlığına uyğun olaraq "Döyüş maşınının tuşlanması" mövzusunu məşq edirlər. Şəxsi heyət tapşırıqları bacarıqla yerinə yetirir, üzərlərinə düşən vəzifələri cəld və çevik hərəkətlərlə icra edirlər. Çox sevindirici haldır ki, hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsində böyük hünər və qəhrəmanlıq göstərdi. Uğurla başa çatan döyüşlərdən sonra işğalçılardan həm torpaqlarımız azad olundu, həm də şəhidlərin qisası alındı. Xalqımıza böyük sevinc bəxş edən qələbənin qazanılmasında döyüşlərdə iştirak edən bütün zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular və əsgərlərimizin payı var. Düşmən üzərində qazanılan qələbə ordumuzun güc və qüdrətindən xəbər verir. Məşğələ üçün ayrılmış vaxtın hər dəqiqəsindən səmərəli istifadə edərək hərbi bilik və döyüş vərdişlərini dərindən mənimsəməyə çalışırıq. Onu yaxşı bilirik ki, döyüş hazırlığı yüksək olan əsgərin nəsibi yalnız uğur və qələbədir.
- İxtisasım tuşlayıcıdır. Döyüşlərdə tuşlayıcının üzərinə böyük vəzifələr düşür, - deyə əsgər Süleyman Əzizov söhbətimizə qoşuldu. - İxtisasımı dərindən bildiyimə görə təlim-məşqlərdə çətinlik çəkmirəm. Vətən müharibəsi zamanı uğurlu döyüşlər bir daha sübut etdi ki, hərbi qulluqçularımızın hazırlığı yüksək səviyyədədir. Cəsur hərbçilərimiz bir daha dünyaya göstərdilər ki, Azərbaycan  Ordusu yenilməzdir, məğlubedilməzdir. Keçirilən təlim-məşqlərdə fəal iştirak edərək, daim döyüş hazırlığımızı artırırıq. İnanıram ki, biz qəhrəmanlıq tariximizə yeni səhifələr yazacağıq.
Heyət nəfərləri əsgərlər Zülqədər Rəşidov, Namiq Atayev və başqaları ilə də söhbət etdik. Onlarla söhbətimizdən bir daha əmin olduq ki, təlim keçib daim döyüş hazırlıqlarını artıran bu oğullar gələcək döyüşlərdə üzərlərinə düşən bütün tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gələcək, düşmən hədəflərinə həmişə dəqiq atəş zərbələr endirəcəklər. Həm təlim-məşqlərdən, həm də döyüşlərdən böyük uğurlarla dönəcəklər.
Təlimdə döyüş hazırlığını artıran əsgərlərlə maraqlı görüş və söhbətimiz yekunlaşdı. Məşğələ isə mövzuya uyğun olaraq öz axarı ilə davam edirdi. Əsgərlər təlim-məşqlərdə fəal iştirak edərək daha da böyük uğurlar qazanmaq üçün döyüş hazırlıqlarını artırırdılar. Onların cəld və çevik hərəkətlərinə diqqət kəsildikcə, bir daha əmin olduq ki, nə qədər çətin olsa da, şəxsi heyət məqsəd və məramına nail olacaq. Zəfərləri və qələbələri ilə xalqımızı sevindirəcəklər. Sələflərinin uğurla başladıqları yolları xidmətlərində qazandıqları yeni-yeni uğurlarla davam etdirəcəklər.

Vahid MƏHƏRRƏMOV

"Azərbaycan Ordusu"

foto

C.CƏFƏROVUNDUR