Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:35

Bizə tank sevgisi Həzi Aslanovdan gəlib

Azərbaycan xalqı hər zaman igid döyüşçüləri və qalib sərkərdələri ilə qürurla xatırlanan tarix yaşayıb. Vətən naminə döyüşlərdə zəfər sevinci yaşadanlarımız həmişə olub. Bu tarixdə lap qədimdən başlayaraq Babək də var, Şah İsmayıl Xətai də, Cavad xan da, dövrümüzün qəhrəmanları olan Əliyar Əliyev, Mübariz İbrahimov, general-mayor Polad Həşimov da. Hər bir Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazmış rəşadətli Azərbaycan Ordusunun qalib döyüşçüsüdür. Bu günün əsgərləri 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatan İkinci Qarabağ müharibəsində tarixi torpaqlarımızı erməni işğalından azad edən döyüşçülərin davamçılarıdır. Azərbaycan qəhrəmanlarının şərəfli yolunu özünə örnək bilən gənclərimiz bu gün ordu sıralarında həvəslə xidmət edirlər. Bilirlər ki, Vətənimizin ərazi bütövlüyünün 44 gün ərzində tarix yazaraq təmin edənlərin davamçılarıdırlar.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun döyüş yolu tarixdir. Bizim üçün də, dünya hərb tarixi üçün də. 

Bu günümüzün tankçıları ilə “N” hərbi hissəsində görüşdük. Azərbaycanın Vətən müharibəsində qorxu bilmədən düşmən üzərinə irəliləyən, qarşı tərəfə ağır itkilər yaşadanlarla söhbətləşdik. 

Tankçılarımız ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov haqqında da danışdıq. Onlar qeyd etdilər ki, hər bir azərbaycanlının qəlbində əbədi yaşayan Həzi Aslanovun həyat və döyüş yolu minlərlə gəncin hərb peşəsini seçməsinə səbəb olub. Tank sevdası bizə də məhz Həzi Aslanovdan gəlib. Azərbaycan Ordusunda xidmət edən tankçılar general-mayor Həzi Aslanovun adını daim uca tutur, qalib sərkərdənin şərəfli döyüş yolunu özlərinə örnək bilirlər.  

Söhbət zamanı onların gündəlik fəaliyyətləri ilə də maraqlandıq.

 Elimizin igid oğlunun əfsanəvi döyüş yolunu xatırlayanda tankçılarımız bildirdilər ki, Böyük Vətən müharibəsinin ən ağır döyüşlərindən biri Stalinqrad uğrunda olub. Hətta müharibənin gedişində dönüş sayılır. Bu döyüşlərdə tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun tank alayı xüsusi fəallıq nümayiş etdirmişdi. General Aslanovun qələbələri nə bu döyüşdə başladı, nə də bu döyüşdə sonlandı.

Qüdrətli sərkərdə, görkəmli hərbi xadim Həzi Aslanov faşizm üzərində qazanılan qələbədə müstəsna xidmətləri ilə yadda qalıb. 

Tank bölmələrinin heyət üzvlərinin nəzəri biliklərinin təkmilləşdirməsi prosesini yaxından izlədik. Bölmələrin döyüş hazırlığı məşğələsi hərbi hissədə yerləşən simulyasiya trenajorlarında keçirilirdi. Məşğələ rəhbəri baş leytenant Heydər Paşazadə bildirdi ki, burada xüsusi proqram təminatlı kompüterlərlə şəxsi heyət həm sürücülük, həm də atəş bacarıqlarını artırır. "Müxtəlif məşq qurğularının köməkliyi ilə real döyüşə yaxın şərait yaratmaq mümkündür. Tankçılarımız çətin ərazi relyefinin, məhdudgörmə şəraitinin və digər maneələrin öhdəsindən bacarıqla gəlirlər. Bundan əlavə, simulyasiya trenajorlarında texnikanı yüksək peşəkarlıqla idarə edir, qısa zamanda bütün döyüş hədəflərini məhv edirlər. Bu cür təlim avadanlıqları sayəsində hərbi qulluqçularımız döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirir, təlim-atış çalışmalarını yerinə yetirərək atəş hazırlığını yüksəldir, həmçinin sürücülük vərdişlərini artırırlar. Daha sonra praktiki təlimlərdə bütün gücünü səfərbər edərək ən yüksək nəticələr göstərirlər. Onlar da bilirlər ki, təlimdə tər tökmədən döyüşdə Zəfər qazana bilməzlər”, - deyə  baş leytenant Heydər Paşazadə fikrini tamamlayır.  

Söhbət zamanı onu da öyrəndik ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə baş leytenant Heydər Paşazadə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Zabit bizi dərs prosesində iştirak edən şəxsi heyətlə də tanış etdi. Kiçik çavuş Edvin Qocayev peşəsinin sirlərini dərindən mənimsəmiş hərbi qulluqçulardandır. "Tank bölmələri böyük atəş gücünə malik olduğu üçün hücum və əks-hücum əməliyyatlarında olduqca gərəkli olur. Bu bölmələr həm müstəqil şəkildə, həm də digər qoşunlarla qarşılıqlı formada fəaliyyət apara bilirlər. Yüksək manevr qabiliyyəti və ağır zirehli texnika üçün nəzərdə tutulan sürət sayəsində bölmələr düşmənin üzərinə hücuma keçdikdə böyük üstünlük qazanır. Döyüş məqsədlərinə nail olmaq üçün tanklar asanlıqla düşmənin müdafiəsini dəf edir, dərinliyə irəliləyir, qarşı tərəfin mövqelərini, sığınacaqlarını və ehtiyatlarını dəqiq atəşlə məhv edə bilir. Tanklarımız zirehli ekipajı artilleriya atəşinin təsirindən, habelə lazım olduqda radiasiyanın zədələyici amillərindən xilas edə bilər. 

Tankçını güclü edən onun döyüş maşını ilə bərabər, həm də döyüş əzmi və qələbə ruhudur. Tank bölmələrimiz 44 günlük Vətən müharibəsində bunu nümayiş etdirdi", -  kiçik çavuş Edvin Qocayev dedi.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elvin Cəlilov qalib orduda xidmət etdiyindən fəxrlə danışdı: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hərbçi peşəsini həmişə yüksək dəyərləndirirdi. Biz hərbçilər son nəfəsimizə qədər Vətənə xidmət etməyə hazırıq. Doğma torpaqlarımızı son damla qanımıza qədər qorumağa qadirik".

 

Baş leytenant İbrahim MƏMMƏDBƏYOV

fotolar

çavuş Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"