Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:30

“İntizam sıra hazırlığından başlayır”

"N" hərbi hissəsində əsgərlərin sıra hazırlığı məşğələsi idi. Əsgərlərin  addım səslərini onların mütəşəkkilliyinin, Nizamnamənin tələblərinə necə əməl edildiyinin təsdiqi bildim. Gənc əsgərlər məşğələ rəhbərlərinin əmrlərinə əsasən, sıra hərəkətləri edirdilər. Əllərin, ayaqların hərəkətlərinin bir-biri ilə uzlaşması bizə də könül xoşluğu yaşatdı. 

Sıra hazırlığı bitdikdən sonra məşğələ rəhbəri kiçik çavuş Elməddin Nağıyevdən öyrənirik ki, o, 2020-ci ildən ordu sıralarında xidmətdədir. Hər bir əsgərə diqqətlə yanaşıldığını deyən Elməddin Nağıyev bugünkü məşğələnin hərbi xidmətin başlanğıcı olduğunu dedi. "Xidmətə başlayan hər bir əsgəri Hərbi nizamnamələrin, bu sıradan İntizam nizamnaməsinin tələblərini mənimsəyir, bunun üçün onlara həm nəzəri məlumatlar veririk, həm də praktiki məşğələ keçirik. Sıra hazırlığı ordunun intizamından xəbər verən əsas tələblərdən biridir. Gənc əgərlər bəzən ilk günlər verilən elementləri icra etməkdə çətinlik çəkirlər. Bizim əsas vəzifəmiz onların tapşırıqları qüsursuz yerinə yetirmələrinə nail olmaqdır. Sıra hazırlığı üzrə nəzəri və praktiki bilikləri olan əsgər intizamlı olur", - kiçik çavuş Elməddin Nağıyev belə dedi. 

Məşğələ rəhbəriylə söhbətimizi tamamlayıb kənarda dayanan əsgərlərlə söhbətləşdik. Əsgər Kənan Yusifov dedi ki, hərbi xidmətə başladığım ilk gün mənə çətin gəlirdi. “Narahatlığımın əsas səbəbi komandirlərimin əmrlərini yerinə yetirməkdə çətinlik çəkmə düşüncəsi idi. Ancaq xidmətdə olduğum müddətdə istər komandirlərimin, istərsə də xidmət yoldaşlarımın mənə qayğıyla yanaşması bütün narahatlığımı aradan qaldırdı. Həmişə düşünürdüm ki, əsgərin duruşu, intizamı onun sıra hazırlığı məşğələlərindən başlayır. İndi mən də öyrəndiyimiz sıra hazırlığı məşğələlərini qüsursuz yerinə yetirməyə çalışıram". 

Əsgərlər Altay Əliyev də, Hikmət Əliyev də sıra hazırlığının döyüş hazırlığının başlanğıcı olduğunu bildirdilər.

Qalib ordunun əsgərləri belə bir amalla xidmət edir - yüksək döyüş hazırlığına malik olmaq, Vətənin keşiyində ayıq-sayıq dayanmaq...

 

Hüsniyyə NƏSİROVA

"Azərbaycan Ordusu"