Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:29

Tükənməyən peşə sevgisi

Kapitan Elşad Məmmədov hərbçi peşəsini seçəndə bunun nə qədər çətin və məsuliyyətli olduğunu dərk etmişdi. Ailəsində, yaxın qohumlarında hərbçi olmasa da, oxuduğu Astara rayonunun Maşxan kənd orta məktəbində müəllimlər şagirdlərdə bu peşəyə dərin maraq oyadır. Qarabağ müharibəsindən, ermənilərin torpaqlarımızı işğal etməsindən də danışırdılar. Şagirdlərdə  Vətənə sevgi ilə bir sırada düşmənə qəzəb, nifrət hissi də formalaşırdı. Elşad böyüyəndə həyat yolunu ordu sıralarından salmağı, Azərbaycan Ordusunun əsgərlərini döyüşə hazırlamağı, işğalında olan torpaqlarımızı azad edənlərin sırasında olmağı arzulamışdı. Bu arzu, bu istək onu Cəmşid Naxçıvanski adına hərbi liseyə gətirmişdi. Valideynləri əvvəl Elşadın bu istəyinə qarşı olsalar da, sonra etiraz etmədilər.   

Zabit Elşad Məmmədov 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib. Bir il Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit ixtisas hazırlığı kursu keçib. Hərbi biliklərin bütün incəliklərini nəzəri cəhətdən mənimsəyib, düşmənlə təmas xəttində yerləşən hərbi hissəyə xidmətə göndərilib. Yüksək dağlıq ərazidə yerləşən döyüş mövqelərində xidmət etməyin özünəməxsus çətinlikləri vardı. O, hərbi təhsil aldığı illərdə mürəkkəb relyef və iqlim şəraitində döyüş postlarımızın olduğunu bilirdi. Elşad daxilən özünü belə yerlərdə xidmətə hazırlamışdı. Hərbi hissəyə gəldiyi ilk gündən nümunəvi xidmət etməyi, bacarıqlı zabit kimi tabeliyində olan əsgərləri döyüşə yüksək səviyyədə hazırlamağı qarşıya məqsəd qoydu. Bu məqsəd, bu amal uğrunda gecə-gündüz çalışdı. 

Torpaqlarımızın 20 faizi Ermənistanın işğalında idi. Hamı kimi, Elşad da düşmənin bu işğalı ilə barışmırdı. Hər dəfə qarşıdakı yüksəkliklərə baxanda erməni mövqelərini görürdü. Onu bilirdi ki, bu dağları, bu dərələri qədim Azərbaycanın əraziləri olduğunu bütün dünya ölkələri də tanıyır. Belə olan halda bizim müharibə yolu ilə doğma torpaqlarımızı azad etmək haqqımız olduğunu yaxşı anlayırdı. Hər dəfə bu acı mənzərəni seyr etdikcə səbirsizliklə Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Bu həm də Vətənimizin minlərlə cəngavər oğlunun arzusu idi. Artıq siyasi arenada dövlətimizin başçısının uğurlu diplomatiyası düşməni ciddi düşündürürdü. Lakin ermənilər əvvəl olduğu kimi, yenə də xarici havadarlarının dəstəyi ilə cəbhədə gərginlik yaradaraq yeni ərazilərimizi işğal etmək iddiasına düşmüşdülər. Güclü Azərbaycan Ordusunun bölmələri düşmənin bütün cəhdlərinin qarşısını qətiyyətlə alırdı. Belə təxribatların birində - düşmən hücum edəndə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks-hücum əmrini verdi/. Ordumuz əks-hücum əməliyyatına başladı. Kapitan Elşad Məmmədov da döyüşün ilk günü komandiri olduğu bölmə ilə qarşıdakı mövqeləri azad etmək üçün döyüşə göndərildi. Verilən bütün döyüş əmrlərini uğurla yerinə yetirdi. İllər uzunu düşmənin möhkəmləndiyi vacib yüksəkliyin azad edilməsində fəal iştirak etdi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuz qısa müddətdə gözlənilən zəfəri qazandı. Bu, dövlətimizin, xalqımızın, ordumuzun birliyinin təcəssümü idi. İkinci Qarabağ müharibəsində düşmənlə üzbəüz döyüşənlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. İllər ötdükcə onların keçdiyi uğurlu döyüşlərdən daha geniş bəhs olunacaq. 

Kapitan Elşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Bu, ona Vətən qarşısındakı xidmətlərə görə verilən ən qiymətli mükafatdı. Zabit xidmətini yenə böyük coşqu və həvəslə davam etdirir, gənc əsgərlərə hərbi xidmətin bütün incəliklərini aşılayır. İnanırıq ki, bu mühüm işdə də kapitan Elşad Məmmədov uğurlar qazanacaq.

 

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"