Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:27

“Uğurlarımızla xalqımızı sevindirəcəyik!”

Nümunəvi xidmət edən hərbi qulluqçulardan söz düşəndə mayor Bəhruz Məmmədov ilk olaraq əsgər Ruslan Həbibovun adını çəkdi. Adını çəkməklə kifayətlənməyərək həm də haqqında xoş sözlər dedi. Bildirdi ki, Ruslan xidmət zamanı, bir qayda olaraq, üzərinə düşən tapşırıq və vəzifələri bacarıqla yerinə yetirir. Təlim-məşqlərdə fəallıq göstərir, hərbi bilik və döyüş vərdişlərini həvəslə mənimsəyir. İnanıram ki, Ruslan bundan sonra da xidmətində yeni-yeni uğurlar əldə edəcək, nümunəvi xidmətilə komandirlərinin rəğbətini qazanacaq.

Zabitin ünvanına xoş sözlər dediyi əsgər Ruslan Həbibovla görüşüb söhbət etdik. Tanışlıq zamanı öyrəndik ki, o, 9 aprel 2004-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra yaşıdları ilə bərabər ordu sıralarına çağırılıb. Sevinc dolu həmin günlərdən söz açan əsgər dedi: 

- 2022-ci ilin aprelində böyük həvəslə hərbi xidmətə yola düşdüm.  Xidmətə ona görə həvəslə gedirdim ki, hələ kiçik yaşlarımdan Vətənə əsgər olmaq istəyirdim. İkinci Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Həmin günlər məktəbimizdə böyük canlanma var idi. Müəllimlər, şagirdlər, bir sözlə, hamı düşmənlə vuruşan ordumuza yardım edirdi. Biz şagirdlər də yardımın toplanmasında, yola salınmasında fəallıq göstərirdik. Yardımla kifayətlənməyib döyüşçülərimizə mənəvi dayaq olmaq üçün onlara məktub da yazırdıq. Yazırdıq ki, torpaqlarımızı erməni işğalçılarından təmizləyin, düşməni məhv edin. Döyüşlərdən geriyə qələbə ilə dönün. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsi ordumuzun böyük zəfəri ilə başa çatdı. Otuz ilə yaxın işğalda qalmış torpaqlarımız zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində emənilərdən azad edildi. Xalqımız sevinc dolu günlər yaşadı, qələbə xəbərlərinə sevindi. Artıq mən böyümüşəm, Vətənə əsgər olmuşam. Bir ildən çoxdur ki, gündən-günə qüdrətini daha da artıran və dünyanın ən güclü orduları sıralarında layiqli yer tutan ordumuzun  sıralarında xidmət edirəm. Xidmətə gələn gündən hərbi bilik və döyüş vərdişlərini həvəslə öyrənməyə başladım, təcrübə və səriştəmi artırdım. Bir müddətdən sonra təntənəli surətdə Hərbi Andı qəbul etdik. And içdik ki, yurdumuzu göz bəbəyimiz kimi qoruyacağıq, hərbi sirləri dərindən öyrənəcəyik. Vətənə sədaqət andı içdiyim gün yaddaşımda dərin iz saldı. İçdiyim anda sadiq qalaraq keçirilən təlim-məşqlərdə artilleriya qurğusunun sirlərinə dərindən yiyələndim. Qısa müddət ərzində bacarıqlı, peşəkar bir əsgər oldum. Mən heyət nəfəriyəm. İstər təlim, istərsə də döyüş zamanı üzərimə məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri tələb olunan normativlərə uyğun olaraq vaxtlı-vaxtında və qüsursuz yerinə yetirirəm. Bu günlərdə "Ən yaxşı artilleriya divizionu" yarışlarına qatıldıq. Yaxşı nəticə göstərmək üçün bütün güc və bacarığımızı səfərbər etdik. Səylərimiz hədər getmədi. Nəticələr elan olunanda öyrəndik ki, əsgəri olduğum divizion birinci pilləyə layiq görülüb. Qazandığımız uğur hamımızı sevindirdi. Yarışlar bir daha göstərdi ki, zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirik.

Əsgərlik həyatımın ilk günlərində onu da öyrəndim ki, xidmət etdiyim hərbi hissənin şəxsi heyəti 44 günlük Vətən müharibəsində fəal iştirak edib. Hərbçilərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qələbə naminə üzərlərinə düşən tapşırıqları cəsarətlə yerinə yetiriblər. Əks-hücum əməliyyatları zamanı böyük qəhrəmanlıqlar göstəriblər. Qanları və canları bahasına içdikləri anda sadiq qalıblar. Qələbələri ilə xalqımıza böyük sevinc yaşadıblar. Bu sevincdən biz əsgərlərə də pay düşür. 

Belə sevincli anlarımda düşünürəm ki, biz əsgərlər də Vətən qarşısındakı övladlıq borcumuzu yüksək bacarıqla yerinə yetirməli, sələflərimizin döyüş ənənələrini şərəf və ləyaqətlə davam etdirməliyik. Əminliklə deyə bilərəm ki, üzərimizə düşən bütün vəzifələrin öhdəsindən peşəkarcasına, hər addımda uğur qazana-qazana gələcəyik. Uğurlarımızla düşmənləri xar edəcək, xalqımızı sevindirəcəyik.

 

Vahid MƏHƏRRƏMOV

"Azərbaycan Ordusu"