Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:02

“Torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanırıq”

Bir yay gününün dan yeri yenicə sökülür. Hər tərəfdə sakitlik hökm sürür. Təkcə quşların gözəl təranəsindən savayi. Bu təranə-nəğmə insan könlünə sanki sığal çəkir. Sübh tezdəndi, hava hələ tam isinməyib. Gecədən əsən xəfif meh də, narın-narın yağan yağış da sərinlik gətirir. Göy çəmənə düşən şeh də hələ qurumayıb. Belə əsrarəngiz mənzərəyə vurğunluq içində səhərimizi Şuşada açırıq. Şuşanın təbiətinə, mənzərəsinə, möhtəşəmliyinə bir daha heyran oluruq. Yaşıllığı, ekzotik gözəlliyi, suyu, havası ekoloji təmizliyi ilə insanın ruhunu da ovsunlayır.

Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə xüsusi yeri olan Şuşa gözəlliyi ilə təkcə Vətənimizdə deyil, onun hüdudlarından kənarlarda da belə məşhur olub. Burada dünyanın heç bir yerində bitməyən Xarıbülbül gülünə rast gəlmək olar. Bu gül - gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngdədi... 

Hər ilin may ayında Cıdır düzündə Xarıbülbül festivalı keçirilərdi. Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. 

Toxunsan uşağa

Qarabağda sən,

Muğamat üstündə

ağlar deyirlər, -

beyti həm də Şuşaya xasdır... Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmışdı, ədəbiyyatı, musiqisi və arxitekturası ilə sevilirdi. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi.

Bu düşüncələrin ağuşunda "N" hərbi hissəsinə çatırıq. Baş leytenant Səid Hümbətov şəxsi heyətin döyüş hazırlığından, vətənpərvərliyindən söz açır. "Vətənimizin keşiyində dayanan cəsur oğullarımızın döyüş hazırlığı olduqca yüksək səviyyədədir. Vətənpərvər ruhda formalaşan məğrur əsgərlərimiz düşməni daim nəzarətdə saxlayırlar. İstənilən təxribatın qarşısını almağa hər an hazır və qadirdilər. Ordumuzun gücünə və şəxsi heyətimizin iradəsinə bələd olan erməni əsgəri isə təxribata əl atmaqdan çəkinir. Üç il öncə onların təxribatları ordumuzun qələbəsi ilə nəticələndi. Cəmi 44 gün ərzində düşmən ordusu darmadağın edildi. Tarixi torpaqlarımız gerçək sahibinə qovuşdu. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi: "...Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Döyüş növbətçiliyi aparan şəxsi heyətimizin yanındayıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elxan Nəbiyev məğrurdur, Vətənimizi və xalqımızı müdafiə etməyi özünə müqəddəs borc bilir. "Gördüyünüz kimi, hal-hazırda qarşımızda düşmən mövqeləridir. Onların bütün hərəkətləri şəxsi heyətimiz tərəfindən daim müşahidə altında saxlanılır. Erməni əsgərinin necə hiyləgər olduğunu yaxşı bilirik. Xidmətimizi düzgün təşkil edir, hər an mövqeyimizdə ayıq-sayıq dayanırıq. Şəxsi heyətimiz üzərinə düşən bütün vəzifələrin öhdəsindən bacarıqla gəlir. Keçirilən dərslərin, çöl çıxışlarının və təlimlərin sayəsində əsgərlərimiz peşəkar döyüşçü kimi formalaşıblar. Əminliklə deyə bilərəm ki, məğrur Azərbaycan əsgəri döyüş tapşırıqlarının öhdəsindən asanlıqla gəlməyə hazır və qadirdir. Hərb tariximizə qızıl hərflərlə yazılan, xalqımızın yaddaşında ömürlük həkk olunan Vətən müharibəsi bunun bariz nümunəsidir. Cəmi 44 gün ərzində bütün dünya məğrur, qorxmaz, cəsur əsgərlərimizin gücünü gördü. Düşmən də, onun havadarları da anladı ki, heç kim torpaqlarımıza əl uzada bilməz", - deyə əsgər bildirdi.

Ordu sıralarına Gəncə şəhərindən çağırılan əsgər Eltun Mahmudov xidmətin əsl kişilik məktəbi olduğunu xatırladır: "İşğaldan azad edilən tarixi torpaqlarımızda xidmət etmək qürurvericidir. Bu qüruru, bu şərəfi bizə qəhrəman hərbçilərimiz yaşadırlar. Onların sayəsində illərin işğalına son qoyuldu. Biz də onlara dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizi ehtiramla xatırlayırıq. Xidmətimizi düzgün təşkil edib, Azərbaycan əsgəri adını şərəflə daşıyacağıq".

Əsgər Rəvan Şükürov hərbi xidmətə Cəlilabad rayonundan çağırılıb. Xidmətinin ilk günündən etibarən peşəkar komandirlərinin köməkliyi ilə hərbi sirlərə dərindən yiyələnib. Verilən bütün əmr və tapşırıqları vaxtında və məsuliyyətlə icra edib. Əsgər yoldaşlarını özünə həm qardaş, həm də sirdaş bilib. Məhz bu səbəblərdən də həm əsgər yoldaşlarının, həm də komandirlərinin böyük hörmət və rəğbətini qazanıb. Cəsur əsgər onlar üçün yaradılan şəraitdən söz açır: "Yuxarı komandanlığın bizə göstərdiyi diqqət və qayğı göz önündədir. Düşmənlə yaxın məsafədə xidmət edirik. Sosial-məişət şəraitimiz yüksək səviyyədədir. Komandirlərimiz mütəmadi olaraq ailəmizlə əlaqə saxlamağa şərait yaradırlar. Günün nizam qaydalarına uyğun olaraq, asudə vaxtımızı səmərəli keçiririk. Kitab və jurnallar mütaliə edirik. Bunlarla yanaşı, "Azərbaycan Ordusu" qəzetini də daim izləyirik. Gənc əsgər hazırlığında tanışdığımız əsgərlər haqqında yazılan məqalələri oxuyuruq. Onların uğurlu xidmətini görmək könlümüzü oxşayır".

Hərbi xidmətə Gəncə şəhərindən çağırılan əsgər Cavid Rzayev düşmən mövqelərini müşahidə edir. Bir an da olsun fikri düşməndən yayınmır. Onun növbəsinin bitməsini gözləyirik. İti baxışlarından və duruşundan hiss olunur ki, Cavid əsl döyüşçü kimi formalaşıb. Komandiri deyir ki, nümunəvi əsgərlərdəndir. Xidməti və şəxsi keyfiyyətləri ilə fərqlənir. Əsgər növbəsini təhvil verir. Fürsətdən istifadə edib, ona yaxınlaşırıq. Həmişə işğaldan azad edilmiş torpaqlarımızda xidmət etmək istədiyini bildirən Cavid Rzayev deyir: "Tarixi torpaqlarımızın müdafiəsində dayanmaq, düşməni daim nəzarətdə saxlamaq vəzifəmiz və borcumuzdur. Komandirlərimizin bizə aşıladığı hərbi biliklər sayəsində üzərimizə düşən vəzifənin öhdəsindən məsuliyyətlə gəlir, torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanırıq".

Əsgər Anar Abdullayev ilk dəfə döyüş növbətçisi çıxdığı günün həyəcanından söhbət açır: "O an çox həyəcanlı idim. Çünki sərhəddə torpaqlarımızın, xalqımızın, həmçinin silahdaşlarımın müdafiəsində dayanırdım. Növbədə olduğum zaman gözümü bir an belə olsun düşməndən çəkmirdim. Bilirdim ki, gözdən yayınan ən cüzi bir şey ağır fəsadlara səbəb ola bilər. Hər bir Azərbaycan əsgəri kimi, mən də üzərimə düşən vəzifənin öhdəsindən bacarıqla gəldim. Əminliklə deyə bilərəm ki, xidmətim müddətində üzərimə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələcəm. Torpaqlarımızın müdafiəsi uğrunda istənilən an döyüşə hazıram".

Digər əsgərlərlə hərbi xidmətdən, peşəkar komandirlərinin qayğıkeşliyindən, sosial-məişət şəraitlərindən, azad olunmuş torpaqlarımızda xidmət etməyin qürurundan danışırıq. Belə vətənpərvər, cəsur və qəhrəman oğullarımızla qürurlanırıq. Onların xidmətlərini düzgün təşkil etdiklərini, hərbi sirlərə dərindən yiyələndiklərini, erməni işğalçılarını daim nəzarətdə saxladıqlarını və vətənpərvər olduqlarını görüb bir daha əmin oluruq ki, Azərbaycan əsgəri torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanır. Onların ayıq-sayıqlığı sayəsində düşmən təxribata əl ata bilməyəcək. Əgər belə bir hadisə baş verərsə, rəşadətli Azərbaycan Ordusu bir daha öz gücünü və qüdrətini göstərəcək. Müzəffər Ali Baş Komandanın dediyi kimi: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

 

Kapitan Orxan HÜSEYNLİ

"Azərbaycan Ordusu"

fotolar 

C.CƏFƏROVUNDUR