Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

Ədəbiyyatımızın baş qəhrəmanı - Azərbaycan əsgəri

Tariximizin ən şanlı səhifəsi olan Vətən müharibəsi yavaş-yavaş üzü keçmişə doğru ələnib sovrulduqca, aylar, illər tarixləşir. Şərəf dolu döyüşlər yaddaşlardan qələmin qüdrəti ilə söz-söz, cümlə-cümlə ədəbiyyatın materialı olur, maraqlı əsərlər həm tarix kimi, həm də ədəbi əsər kimi yaşadılır.
Ədəbiyyat yarandığı gündən həmişə həyatımızda baş verən müxtəlif biçimli, ayrı-ayrı seçimli hadisələrdən qidalanıb, mövzusunu yaşadığımız illərdən götürüb, oxucuları ilə daim nəfəs-nəfəsə yaşayıb, onlarla yol yoldaşlığı edib. Ədəbiyyat bu gün də öz yolunda, öz yolçuluğundadı. Həyatın əbədi-əzəli karvanı kimi yoluna davam etməkdədi.
Artıq ədəbiyyatımızın əsas missiyası 44 gün davam edən və qələbəmizlə yekunlaşan Vətən müharibəsindən yeni mövzulu əsərlərə yeni qəhrəmanlar gətirməkdir. Bununla ədəbiyyatımız daha da zəngin və oxunaqlı olacaq.
Otuz il ərzində müharibə mövzusunda yazılmış, yaranmış əsərlərin mətnlərində kövrəklik, kədər və göz yaşları dolaşırdı. Qələmlər sevinmir, sözlərin və obrazların üzü gülmürdü. Yazılan, yaradılan əsərlərdə müəlliflər uğursuzluğu düçar edildiyimiz Birinci Qarabağ döyüşlərinin içində qalibiyyət motivləri, üstünlük işartıları axtarmağa çalışırdılar. Çətin də olsa, əsərlərin baş qəhrəmanlarını qalib göstərməyi bacarırdılar. Bacarıq və istedadlarının sayəsində əsərlərində oxucularına qəhrəmanlıq, vətənpərvərlik hissləri aşılayırdılar. Gələcək döyüşçülərin, 44 günlük Vətən müharibəsinin iştirakçısı olacaq gənclərin ürəklərinə düşmənə qarşı nifrət toxumu səpirdilər, sabahın zabit və əsgərlərini qisasa, intiqama, torpaqlarımızı azad etməyə səsləyirdilər.
Oxuduğu əsərlərdən ruhlanan Azərbaycan əsgəri, Azərbaycan zabiti düşmən təxribatı ilə başlayan İkinci Qarabağ müharibəsində ermənilərə sarsıdıcı zərbələr vurdu. Zəfərləri ilə yurd-yuvalarından didərgin düşmüş insanların üzlərinə təbəssüm, ürəklərinə sevinc ələdilər. Qəhrəmanlıqları ilə yaradıcı insanlar üçün, bütövlükdə ədəbiyyatımız üçün təzə və geniş yollar açdılar.
Zəfərlə başa çatan müharibə ədəbiyyatımızın kədərli üzünü uzun zamanlar güldürəcək, ürəyini açacaq, qəlbini sevindirəcək. Zamanın nəbzini tutan yazıçı və şairlər elə isti-isti, müharibənin davam etdiyi günlərdə Azərbaycan əsgərinin qəhrəmanlığını, igidliyini vəsf edən bir-birindən dəyərli əsərlər yazdılar. Bu dəyərli əsərlərdə hərbçilərimizin qələbələri böyük sevinc içində qələmə alındı.
Müharibə başa çatsa da, yazıçı və şairlər qələmlərini yerə qoymurlar. Çünki qələm onların əbədi-əzəli silahlarıdı, ən etibarlı yol yoldaşıdı. Bu "silahları" ilə əsgərlərin şərəf dolu döyüş yollarını dəyərli əsərlərinə köçürürlər. Artıq ədəbiyyatımızın baş mövzusu, baş qəhrəmanı Vətən müharibəsində böyük zəfər qazanmış Azərbaycan Ordusunun hərbi qulluqçularıdır. Azərbaycan Ordusunun belə şərəfli qəhrəmanlığı ilə bütün dünya azərbaycanlıları fəxr edəcəklər. Oxucular əsgərlərimizin cəsarətindən, hünərindən bəhs edən minnətdarlıq hissi ilə yazılan əsərləri sevə-sevə oxuyacaq, oxuduqca da igidlikdə həmin bədii əsərlərin qəhrəmanlarına bənzəməyə çalışacaqlar.

Vahid MƏHƏRRƏMOV
"Azərbaycan Ordusu"