Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

“Döyüşlərdə də şəxsi heyətin yanında olduq”

İstər döyüşlər zamanı, istərsə də adi xidmət günlərində hərbçilərin sağlamlığı qayğısına qalınır. Müdriklər əbəs yerə deməyiblər ki, sağlam bədəndə sağlam ruh olar. Hərbçilərin sağlamlığı daim komandanlığın diqqət mərkəzindədir. Yalnız hospitallarda deyil, hərbi hissə və birləşmələrdəki tibb məntəqələrində də zabit və əsgərlərin müayinə və müalicəsi üçün hərtətəfli şərait yaradılıb.
"N" hərbi hissəsində şəxsi heyətin sağlamlığı keşiyində dayanan həkimlərlə görüşmək, yaradılmış şəraitlə yaxından tanış olmaq üçün tibb məntəqəsinə getdik. Məntəqəyə daxil olanda elə ilk addımda hiss etdik ki, zabit və əsgərlərin sağlamlığına burada da böyük qayğı göstərilir. Tibb məntəqəsinin rəisi, tibb xidməti mayoru Emil Nəbiyev dedi ki, şəxsi heyətin sağlamlığı biz həkimlər üçün böyük önəm daşıyır. Çalışırıq ki, zabit və əsgərlərimiz daim sağlam olsunlar, xidməti vəzifələrinin öhdəsindən bacarıqla gəlsinlər. Təlimlərdə, məşqlərdə, dərslərdə fəal iştirak etsinlər, döyüş təcrübələrini artırsınlar. Xidməti vəzifələrimizə məsuliyyətlə yanaşdığımıza görə məqsədimizə yüksək səviyyədə nail oluruq. Şəxsi heyətin sağlamlıq durumunu daim diqqət mərkəzində saxlamaq üçün anında zəruri addımlar atırıq. Tibb məntəqəsinə müraciət edən hərbi qulluqçular diqqətlə müayinə olunurlar. Müayinə zamanı zərurət yaranarsa, hospitala göndəririk. Onlar müayinə və müalicə olunub sağlam vəziyyətdə hərbi hissəmizə dönürlər. Biz vəzifələrimizi bununla bitmiş hesab etmirik. Şəxsi heyət arasında daim maarifləndirici söhbətlər də aparılır. Müntəzəm olaraq sanitar-gigiyenik mövzuda dərslər keçirilir, əsgərlərə şəxsi gigiyena ilə bağlı ətraflı məlumatlar verilir. Bölüklərdə xidmət edən tibb qardaşları da bu istiqamətdə zəruri işlər aparırlar. Maarifləndirmə söhbətləri müsbət nəticələr verir. Şəxsi heyətin sağlamlığı üçün bütün imkan və vasitələrdən səmərəli istifadə edirik. Hərbi həkim kimi zabit və əsgərlərimizin sağlamlığını qorumağı özümüzün ən müqəddəs borcu hesab edirik. Üzərimizə düşən bu borcu şərəf və ləyaqətlə yerinə yetiririk. 44 günlük Vətən müharibəsində də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda vuruşan zabit və əsgərlərlə çiyin-çiyinə dayandıq. Hərbi hissəmizin şəxsi heyəti Murovdağ istiqamətində mövqe tutmuşdu. Döyüşlərin getdiyi günlərdə məntəqəmizin həkimləri yaralanan hərbi qulluqçulara ilkin yardım göstərərək hospitala çatdırırdılar. Yaralanmış hərbçilərimizin həyatını xilas edirdik. Həkim kimi üzərimizə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirdik. Döyüşlərdə yaralanan hərbi qulluqçularımızın həyatını ölümün əlindən alırdıq.  
Əsgəri müayinə edən tibb qardaşı gizir Məhəmməd Mansırov dedi ki, əsgər Əmir Talışxanov iki gündür məntəqədə müalicə olunur. Onun sağlamlıq durumunu yoxlamaq üçün müayinə aparıram. Müalicə səmərəli keçib. Əsgər özünü yaxşı hiss edir, qayıdıb xidmətini davam etdirə bilər. Diqqət və qayğının nəticəsidir ki, hərbçilərimiz tez bir zamanda sağlamlıqlarını bərpa edib xidməti yerlərinə qayıdırlar. Biz həkimlər yalnız  tibb məntəqəsində deyil, 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə də zabit və əsgərlərimizin sağlamlığı keşiyində dayandıq. Vətən müharibəsi başlayan kimi həkim və tibb qardaşlarımız da şəxsi heyətlə birlikdə döyüşlərə göndərildilər.  Hərbi tibb işçilərinin yüksək bacarığı sayəsində yaralıların həyatı xilas olundu. Döyüşlərdə fərqlənən həkim və tibb qardaşlarından tibb xidməti leytenantı Elməddin Əliyev, gizir Vüsal Abdullayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuşlar Ayaz Hüseynov, Sahil Dərvişov, kiçik çavuş Akif Qocayev və başqaları döyüşlərdə döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər. Biz bu gün də yorulmaq bilmədən şəxsi heyətin sağlamlığının keşiyindəyik.
Hərbi hissənin tibb məntəqəsində gördüklərimizdən və  eşitdiklərimizdən bir daha əmin olduq ki, burada çalışan həkimlər və  digər tibb personalı yorulmaq bilmədən şəxsi heyətin sağlamlığı keşiyində dayanırlar.

Vahid MƏHƏRRƏMOV
"Azərbaycan Ordusu"