Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

“Hərbçi olmağımla qürur duyuram”

İnsan həyatı arzularıyla yaşayır. Bu arzular onun ömrünü müəyyənləşdirir. Ona görə arzulara gələcəyə düşən işıq deyirik. Seçimlər gələcəyə təsirsiz ötüşmür; inamla seçilənlər həmişə uğur gətirir...
Belə seçimlərdən biri də ixtisas, peşə seçimidir. Peşə könlüncə olmalıdır ki, ondan zövq ala biləsən. Uşaq yaşlarından bu seçimlər həkim, polis, müəllim, ya da əsgər, zabit olmaq istəyindən ibarət olur. İstər bağça, istərsə də məktəbdə aşılanan Vətən, millət sevgisi onlarda torpağa bağlılıq hisslərini formalaşdırır. İxtisas seçəndə də bu sevgi ilə seçirsən. Gənclər ixtisas seçdilər, həkim oldular, müəllim oldular, zabit oldular - Vətənə layiq vətəndaş oldular. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Azərbaycanda hamıda Vətəni müdafiə əhval-ruhiyyəsi olmalıdır"  kəlamı bu gün də ömürlərdədi. Çoxu bir amal uğrunda Vətən uğrunda cəbhəyə yollandı. Tarixi ədalət belə vətənpərvərliklə bərpa edildi.
"N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəlil Mövsümov bacarıqlı, ixtisasına tam yiyələnmiş, ətrafındakılara xüsusi diqqət və qayğı göstərən hərbçidir. "2016-cı ildən hərbi xidmətimi ciddi məsuliyyətlə davam etdirirəm. Vətənin keşiyində ayıq-sayıq dayanır, mənə tapşırılanları layiqincə yerinə yetirməyə çalışıram. Hərbçi olmağımla qürur duyuram", - əsgər Cəlil Mövsümov belə deyir.
"Bir vaxtlar hər birimizin Qarabağ dərdi vardı. Mən də bilirdim ki, gün gələcək, haqq öz yolunu tapacaq. Bu tarixi anın iştirakçılarından biri olmaq fikri həmişə məni həyəcanlandırırdı. Mənim də tarix yazanlardan olmaq xəyalım 2020-ci il sentyabrın 27-də gerçəkləşdi. Ordumuz Azərbaycan Respulikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmrini qətiyyətlə yerinə yetirərək Zəfər qazandı. Döyüşlərdə iştirak edən qardaşım müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu  Cabir Mövsümov mənə həm ruh yüksəkliyi, həm də qürur hissi yaşatdı. Döyüşlərdə ayrı-ayrı istiqamətlərdə vuruşsaq da, inamımız, əqidəmiz bir idi..."
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq əsgər Mövsümov Cəlil Nurəli oğlu "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Qardaşı Cabir Mövsümov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Vətən müharibəsində qazanılan Zəfər işğalı sonlandırdı. Cabir və Cəlil Mövsümov qardaşları da qələbənin iştirakçısı olmalarıyla qürurlanırlar...

Hüsniyyə NƏSİROVA
"Azərbaycan Ordusu"