Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:42

“Cəsur oğullarımıza qulluq etməyi özümə borc bilirəm”

"N" hərbi hissəsində müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxana ilə tanış olduq. Son model avadanlıqlarla təchiz olunan camaşırxanada qadın operatorların səliqəli geyim forması və göz oxşayan təmizlik xidmətin yüksək səviyyədə təşkil olunmasından xəbər verirdi. Vaxt itirmədən operatorlarla həmsöhbət olduq. Operator Ruhiyyə Hacıyeva əsgərlərimizə xidmət göstərməkdən qürur duyduğunu deyərək, söhbətə başladı. "Gecə-gündüz, isti-soyuq, yağış-qar demədən Azərbaycan xalqının və dövlətinin keşiyində dayanan Vətən müdafiəçilərinə qulluq etdiyimiz üçün hər birimiz fəxr edirik. Çünki onlar bizi xain düşməndən qoruyurlar. O düşmən ki, illər öncə dinc xalqımıza qarşı vəhşiliklər edib, qoca, qadın, körpə demədən hər kəsi güllələyiblər. Onların törətdiyi vəhşilik nəticəsində milyonlarla soydaşımız evlərindən didərgin düşdü. Xain erməni əsgəri isə dinc əhalinin üzərində qazandığı qələbədən hər zaman fəxr edirdi. Lakin onlar anlamaq istəmirdilər ki, biz bunun qisasını alacağıq, doğma el-obamıza geri dönəcəyik. Nəhayət ki, illər sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz əks-hücum əməliyyatına başladı. Uzun illər gerçək sahibindən uzaq qalan tarixi torpaqlarımız əzəli sahibinə qovuşdu. Bununla da biz bütün dünyaya göstərdik ki, heç kim və heç bir qüvvə bizim torpaqlarımıza əl uzada bilməz".
Daha sonra isə camaşırxananın fəaliyyəti barədə danışan Ruhiyyə xanım dedi ki, dövlətimizin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqəti, qayğısı nəticəsində hərbi hissənin ərazisində inşa edilən camaşırxanada şəxsi heyətin camaşırlarının çeşidlənməsi, yuyulması, qurudulması və ütülənməsi prossesi həyata keçirilir. Həmçinin burada dərzi otağı da fəaliyyət göstərir. Bura daxil olan camaşırlar təmizləndikdən sonra çeşidlənir və anbara yerləşdirilir. Hər həftənin sonunda isə bölmələrə göndərilir.
Operator Şəfəq Salahova da bizimlə öz fikir və düşüncələrini bölüşdü. O da Vətən övladlarına göstərdiyi xidmətdən qürur duyduğunu dedi. "Torpaqlarımızın müdafiəsində mətin dayanan cəsur oğullarımıza qulluq etməyi özümə borc bilirəm. Çünki onlar istənilən an Vətən, torpaq naminə canlarından keçməyə hazırdılar. Məhz onların sayəsində hər birimiz evimizdə rahat oturub, firavan yaşayırıq. Buna görə də biz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq".
Digər həmsöhbətim dərzi Afaq Qasımova isə öz bacarığı ilə camaşırlarda və əsgərlərimizin formalarında yaranan problemləri aradan qaldırır. Afaq xanım söylədi ki, dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində camaşırxanada paltarların, dəsmalların, yataq dəstlərinin yuyulub-ütülənməsi üçün müasir aparatlar quraşdırılıb. “Məhz bu müasir aparatlar sayəsində hər birimizin işi olduqca asanlaşır və qısa bir müddət ərzində həyata keçirilir. Camaşırxanamıza daxil olan paltar və yataq ləvazimatları ilk öncə çeşidlənir. Yuyulub və qurudulduqdan sonra  ütüləmə prosesi həyata keçirilir. Bütün ləvazimatlar yüksək səviyyədə ütüləndikdən sonra qablaşdırılıb müvəqqəti saxlanca göndərilir".
Operatorlar Südabə Hacıyeva, Elnurə Dadaşova, Nüşabə Məmmədova, Zülfiyyə İbrahimova və başqaları camaşırxananın fəaliyyəti barədə geniş söhbət etdilər. Həmçinin rəşadətli Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçuya göstərilən qayğıdan fəxarət hissi duyduqlarını dedilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR