Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:39

“Tək amalımız nümunəvi xidmət etməkdir”

Yüksək döyüş və mənəvi-psixoloji hazırlıq, möhkəm hərbi intizam qüdrətli ordunun əsas şərtlərindəndir. Azərbaycan Ordusunda da bu amillər daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyətə bu istiqamətdə müxtəlif dərs və məşğələlər keçirilir. Bu amillər arasında isə ən əsası hərbi intizamdır. Çünki hərbi xidmətə gələn gənclərə ilk olaraq hərbi intizam aşılanır, sonra döyüş hazırlığı öyrədilir. Bu iş isə sıradan başlanır. Gənclərin bacarıqlı Vətən müdafiəçiləri kimi formalaşması prosesinin təməli sırada qoyulur. Ona görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi əsasında əsgərlərimizlə daimi olaraq sıra hazırlığı məşğələləri keçirilir. Nizamnamədə qeyd olunub ki, sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün nizamnamə ilə düzülüşünə deyilir. Məşğələlər zamanı şəxsi heyətə diqqətlilik, səliqəlilik aşılanır və sıra hazırlığının fənn və elementləri öyrədilir.
"N" hərbi hissəsində əsgərlərlə sıra hazırlığı məşğələsinin keçirildiyinin şahidi oldum. Əsgərlərin bu məşğələyə olan münasibətləri, məşğələnin necə keçirilməsi böyük maraq yaradırdı.
Söhbətimə ilk öncə gizir Cavid Hüseynov ilə başladıq. O, Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətdən sonra xidmətini gizir olaraq davam etdirmək qərarına gəlib. Cavid məşğələnin necə təşkil edildiyi haqda danışdı: "Azərbaycan Ordusunun hərbi qulluqçusu olmağımla, tabeliyimdə olan əsgərlərə bu şərəfli yolun sirlərini öyrətməklə fəxr edirəm. Bu sırada duran bütün əsgərləri öz qardaşlarım olaraq görürəm və onların intizamlı olmaları, hərb peşəsini dərindən qavramaları, Vətənə layiqli əsgərlər olmaları üçün əlimdən gələni edirəm". Onun bu sözləri mənə komandirlərimizin üstümüzdə nə qədər əziyyətinin olduğunu bir daha xatırlatdı.
Əsgərlərin fikirlərini öyrənmək də çox maraqlı idi. Əsgər Orxan Verdiyev sıra hazırlığının onlar üçün nə qədər vacib olduğundan, nə məna kəsb etdiyindən söz açdı: "Sıra müqəddəsdir! Biz sıra hazırlığı zamanı intizamlı olmağa, Azərbaycan Ordusunun nizamnamələrinin tələblərini öyrənməyə çalışırıq. Bunlar isə bizə, hərbi xidmətdə çox lazım olur və kömək edir. Bu məşğələlər keçirilən zaman mən komandirlərimin tələblərini düzgün və qüsursuz yerinə yetirməyə, müsbət tərəfə fərqlənməyə çalışıram. Asudə vaxtlarımızda əsgər yoldaşlarımla nizamnamələri oxuyur, komandirlərimizin bizə öyrətdikləri sıra hərəkətlərini məşq edirik". Əsgər Orxan Verdiyevin bu fikirdə olması məni çox qürurlandırdı.
Növbəti həmsöhbətim əsgər Hüseyn Hüseynov dedi ki, şanlı Azərbaycan Ordusunda əsgər olmaq çox böyük fəxarətdir və məsuliyyətlidir. Vətəninin keşiyində dayanan mərd oğullarla bir sırada olmaqdan hər zaman qürurlanacağını bildirdi. "Hərb peşəsinə həmişə böyük marağım olub. Həqiqi hərbi xidməti bitirən tanışlarım əsgərlik xatirələrini mənimlə bölüşəndə həsəd aparırdım, bu şərəfli xidmət yolunu, kişilik məktəbini keçmək istəyirdim. Artıq mən də əsgərəm. Yüksək döyüş ruhu ilə xidmətimi davam etdirirəm. Keçirilən bütün məşğələlər kimi, sıra hazırlığı da səmərəli keçir. Hər birimiz ana Vətənimizin keşiyində dayanmağı müqəddəs vəzifə bilirik. Komandirlərimizin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirir, rəşadətli, qalib ordumuzun adına layiqli əsgərlər olmaq üçün can atırıq. Tək amalımız nümunəvi xidmət edib, valideynlərimizin yanına başıuca qayıtmaqdır".
Əsgərlər Nurlan Nəcəfov, Əlhəm Talıblı və başqaları da hərbi xidmətdə bir çox üstün keyfiyyətlərə yiyələndiklərini, vətənpərvər, döyüş vərdişlərinə sahib olan bacarıqlı əsgərlər kimi formalaşdıqlarını qeyd etdilər.
Hər birinin  sıra hazırlığının fənn və elementlərini bacarıqla və düzgün yerinə yetirdiyini izləyirdim. İzlədikcə qürurlanırdım. Üzlərindəki təbəssüm, xoş əhval-ruhiyyə onu göstərirdi ki, hər biri içdiyi Hərbi Anda sadiq olan vətənpərvər, mübariz, igid Vətən keşikçiləridir.       

Elgün ƏLƏSGƏRZADƏ
foto Namiq PƏNAHOVUNDUR