Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:38

Bu niyyət də Vətənə sevgidi

2020-ci ilin payızına kimi çağırışçılar hərbi xidmətə Vətən borcunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə başlayacaq döyüşlərin iştirakçısı olmaq niyyətiylə gəlirdilər. O da torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istəyirdi. Ezamiyyətlərdə komandirlərin təqdimatı ilə görüşdüyüm, söhbətləşdiyim əsgərlərin hamısını bir xarakter eyniləşdirirdi: yüksək döyüş hazırlığı, qətiyyətli döyüş əzmi, dönməz qələbə ruhu. Zəfərdən sonra bu əzmi, bu ruhu qaliblərin döyüş yolunu sədaqət əvəzləyib; Azərbaycan əsgərinin yüksək döyüş hazırlığında bu dönməz sədaqətin də, Vətən sevgisinin də qüdrəti var. Bunu söhbətləşdiyim bütün əsgərlərdə müşahidə etmişəm...
Əsgər Sənan Şükürov Bilgəhdə anadan olub, 5 saylı Bakı İncəsənət təmayüllü peşə məktəbində təhsil alıb. Bu illərdə İkinci Qarabağ müharibəsi haqqında danışılanları maraqla dinləyib, döyüş təəssüratlarını maraqla oxuyub, televiziya verilişlərinə maraqla, sevgilərlə baxıb. İndi aradan illər keçəndən sonra deyir: "Həmyaşıdlarım kimi, mən də üç yaş böyük olmadığıma təəssüflənirdim". Belə bir təəssüf yaşamaq da Vətənə sevgidi; bu günün əsgərləri çağırış yaşına bu duyğularla çatıb...
2022-ci ilin iyulunda Sənan da hərbi xidmətə çağırılıb. Gənc əsgər hazırlığı kursunu bitirib, qoşunlarda xidmətə göndərilib, artilleriya divizionunda xidmətə başlayıb. Əsgər Sənan Şükürov baş leytenant Eldəniz Qasımovu ehtiramla (buna ustad-şagird duyğusu da deyə bilərik) xatırlayır: İlk sıra düzülüşündən, sırada yerişdən başlayan hərbi xidmətimdə onun da tövsiyələri var. Artilleriyaçı kimi hazırlığımda da ondan çox şey öyrənmişəm.
Qoşunlarda xidmət gənc əsgər hazırlığının davamıdır. Mən də xidmətə yüksək hazırlıqlı əsgər kimi başladım. Tapşırılanları məsuliyyətlə, vaxtında yerinə yetirirəm. "Ən yaxşı artilleriya divizionu" adı uğrunda yarışda qalib gəldik. Komandirimiz mənə də təşəkkür elan etdi.
Əsgərin bu qürurunu Hərbi Anda sədaqət bildim.
Sənan Şükürov əsgər dostluğunu da hərbi xidmətin şərti hesab edir. Özü haqqında deyil, əsgər dostları haqqında danışdı, onların yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu bildirdi. Aqşin Abdullayevlə dostluğundan da söz açdı: "Bu dostluğu mülki həyatda da davam etdirəcəyik", - dedi.
Əsgərlərin hamısı topun istismar xüsusiyyətlərinin nəzəri əsaslarını hərbi xidmətə başlayana kimi öyrənir. İlkin təlimlərdə onların təcrübi vərdişlərini də mənimsəyir. Hərbi xidmətdə həm nəzəri bilikləri genişləndirilir, həm də təcrübi vərdişləri təkmilləşdirilir - əsgər peşəkar artilleriyaçı kimi formalaşır. Artilleriya hərbi hissəsində xidmət edən əsgərlər də belə mühüm formalaşma prosesindən keçib. Komandirləri əsgər Sənan Şükürovun timsalında dedi ki, top heyətlərimiz istənilən döyüş əmrini məsuliyyətlə, dəqiqliklə yerinə yetirməyə qadirdir.  
Mayor Bəhruz Məmmədov Sənan Şükürovun intizamlı, nümənəvi əsgər olduğunu dedi. "Hərbi Nizamnamələrlə tənzimlənən hərbi xidmət həm də əsgəri mətin xarakterli vətəndaş kimi formalaşdırır. Bu günün əsgəri sabah cəmiyyətdə əsgəri intizamla vətəndaşlıq vəzifələrini yerinə yetirəcək. Qürurlanırıq ki, bu gün Vətənə xidmət edənlərin vətəndaş kimi formalaşmasında hərbi xidmətin böyük rolu olur..."...
Əsgər Aqşin Abdullayev sözarası dedi ki, hərbi xidmət məni həm mətinləşdirib, həm də mənə Sənan kimi dostlar qazandırıb. Biz ona görə güclüyük ki, həm yüksək döyüş hazırlığına malikik, həm də yüksək mənəvi dəyərlərimizi qoruyuruq...
Bu niyyət də Vətənə sevgidi. Bu gözəl niyyətin əsgəri olmaq da səadətdi, bu niyyətlə xidmət edənlərlə söhbətləşmək də...

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR