Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:36

Onlar şərəfli peşə yolundadırlar

Vətənə, xalqa daha çox gərəkli olan zabit peşəsi həmişə yüksək qiymətləndirilib. Bu peşəni seçənlər Vətəninə, torpağına məhəbbəti və sevgiləri ilə fərqləniblər. Onlar həmişə Vətəni, torpağı qorumağı ömürlərinin mənası hesab ediblər.
Ulu Öndər Heydər Əliyevin yüksək diqqət və qayğı göstərdiyi sahələrdən biri də ordu quruculuğu idi. O, hakimiyyətinin bütün dövrlərində gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsinə ciddi diqqət yetirərək: "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır", - demişdir. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin sahibləri Vətən müdafiəçiləridirlər.
Dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev zabit peşəsini həmişə yüksək qiymətləndirmişdir. Sovet hakimiyyəti illərində xalqımızın övladlarının müxtəlif ali hərbi məktəblərdə təhsil almasına köməklik göstərmişdir. Bakı şəhərində C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdur. Müstəqilliyimizin ilk illərində məlum oldu ki, Dahi Şəxsiyyətin uzaqgörənliklə hərbi kadrların hazırlanmasına ayırdığı diqqət öz bəhrəsini verdi. Onun qayğısı sayəsində hərbi təhsil alanlar ordu quruculuğunda fəal iştirak etdilər. Ulu Öndər demişdir: "Zabit peşəsi ən şərəfli peşədir. Bu peşəni seçənlərə xalqımız həmişə minnətdar olacaqdır".
Böyük quruculuq işləri Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Onun diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu regionun ən güclü və qüdrətli ordusuna çevrilmişdir. Ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır.
Hərbi təhsilin inkişaf etdirilməsi daim diqqətdə saxlanılır. Ulu Öndərin adını daşıyan Hərbi institutda zabit kadrlarının hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Hərbi təhsilin təkmilləşdirilməsinə, elmi əsaslarla inkişafına böyük səy göstərilir. Müdafiə Nazirliyinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, genişmiqyaslı təlimlər, çöl məşğələləri və dərslər keçirilir.
Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarına "Komando başlanğıc kursu"nun təlim və məşğələlərində zabit peşəsinin sirləri öyrədilir. Onlar çöl təlimlərində kifayət qədər bilik və təcrübə toplayırlar. Mayor Ramin Əliyev bildirdi ki, tədris planına uyğun olaraq, kursantlara müəyyən müddət ərzində komando təlimi keçirilir. İlkin olaraq onların fiziki hazırlığı yoxlanılır. Sınaqlardan sonra dərslər başlayır. Burada hərbi qulluqçulara yaşayış məntəqəsində döyüş aparma, atəş və dağ hazırlığı, ümumi və xüsusi hazırlıqlar, uzaq məsafəyə yürüşlər, eləcə də müxtəlif maneələrdən keçid və digər fəaliyyətlərin aparılması öyrədilir.
Məşğələləri yüksək təcrübəyə və döyüş hazırlığına malik olan zabitlər aparırlar. Zabitlərdən İlkin Ağazadə, Sədi Bədəlov, Şamil Tahirli, Emin Cəfərov, baş gizir Nəbi Nəbiyev üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Zabit və gizirlər həm də xalqımıza böyük qələbə sevincini yaşadan mətin, qorxmaz Vətən müdafiəçiləridirlər.
Təlim və məşğələlərdə fərqlənən kursantlarla həmsöhbət olduq. Kursant Adil Mirzəyev Ordubad rayonunda anadan olub, Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi İnstituta daxil olub. O dedi:
- Vətənə, xalqa daha çox gərəkli olan zabit peşəsini seçmişəm. Qalib ordunun sıralarında xidmət etmək məni daha cox qürurlandırır. Həmişə çalışacağam ki, göstərilən etimadı doğruldam.
Sabiq Hacılı Goranboy rayonunda doğulub, boya-başa çatıb. Zabit peşəsinə yiyələnməyi qarşısına məqsəd qoyub. Yüksək bilik nümayiş etdirərək Ulu Öndərin adını daşıyan Hərbi instituta qəbul olub.
Cəlil Əliyev isə Ağdam rayonunun Seyidli kəndindəndir. O, ürək sözlərini belə ifadə etdi:
- Qürur duyuram ki, arzu etdiyim yoldayam. Təcrübəli komandir və zabitlərimizdən hərb sənətinin sirlərinə dərindən yiyələnirəm. Bir müddətdən sonra bizə də Azərbaycan Ordusunun zabiti kimi şərəfli adı daşımaq nəsib olacaq.
Əhməd Həsənov da silahdaşları ilə həmrəydir:
- Vətənimizin bu günü və gələcəyi naminə zabit peşəsinə yiyələnməkdən qürur duyuram.
Növbəti məşğələ keçirilən əraziyə daxil olduq. Bütün məşğələlər nizamnamələrə uyğun olaraq aparılırdı. Hiss olunurdu ki, atəş hazırlığı məşğələsində də kursantlar böyük həvəslə iştirak ediblər. Baş leytenant Hüseyn Bədəlov bildirdi ki, hazırda onlar atış çalışmasını yerinə yetirirlər. Çalışmanın şərtlərinə uyğun olaraq, müxtəlif məsafələrə avtomat silahından atışlar icra olunur. Kursantlar qarşıya qoyulan tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Anar Qəhrəmanov, Babək Həsənov, Nicat İsmayılov, Əli Mehdizadə, Aslan Məmmədov və başqaları sınaqdan uğurla çıxdılar.
Müşahidə etdiklərimiz onu göstərirdi ki, ordumuzun gələcək zabitlərinin mükəmməl hazırlanmasına zabitlərimiz  həyat əhəmiyyətli məsələ kimi baxır. Çünki onlar Vətənimizi, torpaqlarımızı qoruyan qəhrəman oğulların layiqli davamçıları olacaqlar.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"
fotolar C.CƏFƏROVUNDUR