Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:29

“Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər bir sahədə olduğu kimi, ölkə səhiyyəsini də daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndər sayəsində respublikamızda səhiyyənin hərtərəfli inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirildi. Aparılan uğurlu islahatlar nəticəsində ölkəmizdə tibb xidməti müasir standartlar səviyyəsinə çatdırıldı. Ölkəmizdə yeni və müasir standartlara uyğun tibb müəssisələrinin inşasına başlanıldı. Mövcud olanlar isə yenidən quruldu, ambulator-poliklinika şəbəkələri genişləndirildi, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verildi və tibb müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirildi. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsi də sürətlə inkişaf edir.
Ordu sıralarında daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz hərbi səhiyyədir. Müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təchiz olunan hospitallar, tibb məntəqələri tikilərək şəxsi heyətin istifadəsinə verilir. Hərbi həkimlərimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar. Bu cür təcrübəli həkimlərimizin qayğısı ilə əhatə olunan Vətən müdafiəçilərimizin sağlamlıqları əmin əllərdədir.
"N" hərbi hissəsinin tibb məntəqəsində dediklərimizin əyani təsdiqini gördük. Müasir tələblərə cavab verən və ən son model tibbi avadanlıqlarla təchiz olunan tibb məntəqəsində əsgərlərimiz hərtərəfli müayinə və müalicə olunurlar. Burada yüksək ixtisaslı, qayğıkeş həkimlərimiz öz bacarıq və peşəkarlığı ilə Vətən müdafiəçilərinin sağlamlıqlarının keşiyində əminliklə dururlar. Məhz belə təcrübəli həkim və feldşerlərimiz Vətən müharibəsi zamanı yaralı döyüşçülərimizə tez bir zamanda ilkin tibbi yardım göstərirdilər. Onların cəsarəti və səyi nəticəsində neçə-neçə yaralının həyati təhlükəsi aradan qaldırıldı. Müalicəsi bitən igidlərimiz isə tez bir zamanda sağalaraq, yenidən döyüş meydanına qayıtmağa can atırdılar. Vətən müharibəsində şəxsi heyətin sağlamlığının keşiyində dayananlardan biri ilə burada tanış olduq. Söhbətimiz zamanı gizir Ziyvər Umarov bildirdi ki, hər bir insan sahib olduğu işinə ürəkdən bağlı olmalıdır. Onun bütün incəliklərini, mahiyyətini və məsuliyyətini dərindən dərk etməlidir.
Tibb işçisinin davranışından söz açan gizir Umarov onu da qeyd etdi ki, biz öz davranışımız, təfəkkürümüz, dünyagörüşümüz və insanlarla münasibətimizlə digər peşə sahiblərindən fərqli olmalıyıq. “Çünki xəstəyə fərdi yanaşma və onun psixoloji xüsusiyyətlərini nəzərə alınması müalicənin mühüm şərtlərindən biridir. Hər birimizə məlumdur ki, insan xəstələnən zaman daha həssas olur. Bu zaman isə xəstənin qayğıya daha çox ehtiyacı olur. Məhz bu səbəblərdən dolayı həkimlər müayinə və müalicə etdiyi insana qarşı diqqətli, nəzakətli və mütləq mülayim olmalıdır. Çünki mehriban rəftar və xoş təbəssüm həkimin xəstələrə olan qayğısının simvoludur".
- Həkimlər insanların sağlamlığının keşiyində, hərbçilər isə Vətənimizin müdafiəsində dayanırlar. Bu səbəbdən də bu gün mən ikiqat qürurluyam. Ona görə ki, həm qalib ordunun hərbi qulluqçusuyam, həm də cəsur Vətən müdafiəçilərimizin sağlamlığının keşiyində dayanıram. Məğrur əsgərlərimizə yüksək səviyyədə və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün müasir şərait və imkanlarımız mövcuddur. Burada müalicə alan xəstələri hər gün vaxtaşırı müayinə edirik. Onların müayinəsi ilə təcrübəli və peşəkar həkimlər məşğul olurlar. Tibb məntəqəmizdə müalicə alan əsgərlərimiz isə qısa vaxt ərzində sağalaraq, bölmələrinə dönüb, xidmətlərini davam etdirirlər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəhla Qasımova uzun müddətdir ki, ordu sıralarında xidmət edir. O da ilk gündən cəsur Vətən övladlarının sağlamlıqlarının keşiyində dayanıb. Ş.Qasımova bildirdi ki, tibb məntəqəsinə müraciət edən şəxsi heyətdən təcrübəli həkimlərimiz analizlər götürür, müayinələr aparır və nəticələrə uyğun düzgün müalicələr təyin edirlər. Müalicə zamanı isə hər kəsə kollektivimiz tərəfindən yüksək nəvaziş göstərilir. Bunun nəticəsidir ki, qısa bir zaman ərzində əsgərlərimiz sağalaraq, xidmətlərini davam etdirmək üçün bölmələrinə yola salınır.
İmişli rayonundan hərbi xidmətə çağırılan əsgər Mərkəz Cavadlı tibb məntəqəsinə baş ağrısı ilə müraciət etmişdi. Təcrübəli həkimlərimizin müalicəsi nəticəsində tez bir zamanda sağaldığını, müalicə müddətində diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. Mərkəz dedi ki, həkimlərimizin bizə göstərdiyi diqqət və qayğıdan çox razıyıq. Əminik ki, səhhətimizlə bağlı hər hansı bir narahatçılıq baş verərsə, peşəkar və qayğıkeş həkimlərimizin sayəsində problemlərimiz qısa zamanda aradan qaldırılacaq.
Beləliklə, tibb məntəqəsində olarkən həkimlərimizin qayğıkeşliyini, xoş təbəssümünü, peşəkarlıqlarını, Vətən müdafiəçilərinə bəslədikləri sevgi və qayğını müşahidə etdiyimiz zaman bir daha əmin olduq ki, məğrur Azərbaycan əsgərinin sağlamlıqları əmin əllərdədir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR