Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:26

“Həsrətin sonu sevincdir...”

Fərhad Əkbərli 1993-cü il fevralın 26-da Tovuz şəhərində doğulub. O da uşaqlığından hərbçi olmağa niyyətli olub. Sonralar tay-tuşlarına deyir ki, mənim də hərbçi olmaq xəyalım var. Xəyalları gerçəkləşib...
Vətən müharibəsi iştirakçısı olan kiçik leytenant Fərhad Əkbərli müharibə günlərini xidmət illərinin ən şərəfli dövrü bilir. Döyüş xatirələrinin onu həm kədərləndirdiyini, həm də qürurlandırdığını bildirdi.
Hərbçi olmaq xəyalı 2017-ci ildə gerçəkləşib. "Hərbçi olmaq istəyimi eşidənlər bu peşənin çətinliyindən və məsuliyyətindən söz açırdılar. Mən istəyimə çatmaq üçün əlimdən gələni etdim. 2017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başladım. Xidmət etdiyim müddət ərzində həmişə düşünürdüm: "Görəsən, işğal olunmuş torpaqlarımızı işğaldan azad etmək üçün mən də döyüşlərin iştirakçısı ola biləcəmmi?"
2020-ci ilin Tovuz döyüşlərini mən də, əsgər yoldaşlarım da həyəcanla izləyirdik, döyüşənlərin sırasında biz də olmaq istəyirdik. Bu döyüşlərdə iştirak edə bilmədik. Ordu hissələrimiz qətiyyətlə döyüşdü, qələbə qazandı".
"Həsrətin sonu sevincdir", - deyən Fərhad Əkbərli Vətən müharibəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. O da döyüşlərdə iştirak etdi, cəsarətlə döyüşdü. Qələbə qazanılacağına hamı kimi əmin idi, şəhidliyin mənəviyyat ucalığı olduğunu bilərək mərdliklə vuruşurdu. Fərhad Əkbərli dedi ki, əzəli torpaqlarımızı işğaldan azad edə-edə irəliləməyin fəxri sözlə ifadə oluna bilməz". Döyüşlərdən sonra Fərhad Əkbərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. O, müharibə başa çatdıqdan sonra ehtiyat zabit hazırlığı kursu keçərək kiçik leytenant hərbi rütbəsi alıb.
Vətənin hər qarış torpağı müqəddəsdir. Düşmən əlləri bir də Vətənimizə uzana bilməyəcək. Bir vaxtlar səslənən həsrət nəğməsini indi Zəfər nəğməsi əvəzləyir. "İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış quruyan bulaqların, bağrı yarılmış ağacların yaralarına məlhəm olacaq...", - zabit Fərhad Əkbərli dedi...  

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR