Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:23

Milli Qurtuluşdan başlanan Zəfər yolu

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbilə Bakıya, ölkə rəhbərliyinə qayıdışı respublikamızın ictimai-siyasi baxımdan sabit, iqtisadi baxımdan isə tərəqqiyə doğru qəti addımlarla irəliləyən bir dövlət kimi dayaqlarının əsaslı şəkildə möhkəmləndirilməsinə səbəb oldu. Özünün proqram xarakterli çıxışlarında dahi rəhbər respublika qarşısında duran taleyüklü problemləri açıqladı və çıxış yollarını göstərdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqı qarşısında Vətənə sədaqət andı içdi.
Görkəmli tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin 15 iyul 1993-cü il tarixli iclasındakı çıxışında səslənən tarixi bir məqamı xatırlayıram: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və hər kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olum, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm".
Ulu Öndər Heydər Əliyev keçmiş Sovetlər İttifaqının rəhbərliyinə seçilib Moskvaya dəvət olunanda tikili-qurulu, zəngin respublika qoyub getmişdi. Fabrik və zavodlar işləyir, kəndli əkin-biçinlə məşğul olur, insanlar öz firavan güzəranlarını təmin edirlər, Azərbaycanımızın nəbzi ahəngdar vururdu. Bu qurucu insan geriyə - Vətəninə geri dönərkən respublikada həyat sanki dayanmışdı. Ölkədə xaos, anarxiya qanunsuzluq baş alıb gedirdi. İnsanlar sabaha inamı itirərək ümidsiz vəziyyətə düşmüşdülər. Dahi rəhbər belə qanunsuzluğun, hərc-mərcliyin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə başladı. İlk növbədə, illərdən bəri erməni silahlı birləşmələrinə qarşı ordumuzun apardığı mübarizədə qan tökülməsinin qarşısını almaq məqsədilə cəbhədə atəşkəs elan olundu. Atəşkəs razılaşması (12 may 1994-cü il) Azərbaycanda nizami ordu quruculuğuna başlamağa və ölkənin iqtisadi potensialını gücləndirməyə, eləcə də siyasi sabitlik yaratmağa imkan verdi. Xalqımızın itirilmiş ümidi, sabaha inamı məhz Ulu Öndərin yüksək əzmkarlığı sayəsində yenidən özünə qaytarıldı.
Dahi rəhbərin ilk mühüm uğurlarından biri, şübhəsiz ki, respublikada ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olması idi. Çünki bu amil yalnız vətəndaşların təhlükəsizliyini və dövlətin mövcudluğunu qorumaq üçün yox,  həm də ölkənin iqtisadi qüdrətinin və insanların rifahının təmin olunması baxımından kifayət qədər böyük əhəmiyyət kəsb edirdi. Qanunsuz silahlı birləşmələrin ləğvi və cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində əldə edilmiş ciddi nailiyyətlər nəticə etibarilə respublikamızda həyat ritminin öz axarına düşməsinə, cəmiyyətdə ümumi  sabitliyin möhkəmləndirilməsinə gətirib çıxardı.
Ulu Öndərin birbaşa qayğısını, yardımını görmüş şəxslərlə yanaşı, həm də bu gün azad, müstəqil, demokratik Azərbaycanda təhlükəsiz və sosial rifahı təmin olunmuş şəraitdə yaşayan milyonlarla insan, böyük himayədarının,  dostunun diqqətini hər an hiss edən, onunla təsəlli tapan, doğma yurduna onun siyasəti sayəsində qayıdacağına əmin olan yüz minlərlə qaçqın və məcburi köçkün, bir sözlə, bütün sosial zümrələrin təmsilçiləri "Heydər Əliyev mənim həyatımda müstəsna rol oynayıb" həqiqətini böyük minnətdarlıq hissi ilə ifadə edirlər.
Ulu Öndərə  inam, qətiyyət, güc verən canından artıq sevdiyi xalqı idi. 1993-cü ildə dahi şəxsiyyət xalqın dəstəyi ilə ölkəni böhran vəziyyətindən çıxararaq vətəndaş qarşıdurmasını aradan qaldırdı.
1994-cü ilin oktyabrında Ulu Öndərin bir çağırışı ilə on minlərlə insan gecə yarısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ətrafına yığıldı, öz dövlətini, öz prezidentini qorumağı vətəndaş borcu saydı. Xalqın inamına söykənən dahi rəhbər Azərbaycanı ağır vəziyyətdən çıxardı, ölkəni qorudu, hüquqi, dünyəvi, demokratik dövlət qurdu.  Məhz Heydər Əliyev kimi rəhbərə malik olması ilə Azərbaycan dünya birliyində layiqli yer tutdu, beynəlxalq ictimaiyyəti öz həqiqətlərinə inandırdı, zəngin sərvətləri, əlverişli coğrafi mövqeyi ilə əzəmətli energetika, nəqliyyat layihələrinin təşəbbüsçüsünə və icraçısına çevrildi. Demokratik və hüquqi dövlət kimi Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevdən xalqımıza qalan ən böyük yadigardır. Ulu Öndərin Azərbaycanla bağlı arzuları sonsuz idi. Xalqımızın hələ neçə-neçə nəsli dahi şəxsiyyətin zəngin irsini öyrənəcək, ondan bəhrələnəcəkdir.
Ulu Öndər Heydər Əliyev xalqımızın mili-mənəvi dəyərlərinin qorunmasına çox böyük əhəmiyyət verirdi. 13 avqust 2001-ci ildə verdiyi bəyanat bu fikri bir daha təsdiqləyir. Bu bəyanatda Azərbaycan xalqının zəngin mədəni dəyərlərini, çoxəsrlik tarixə malik adət-ənənələrini, dünyanın ən qədim xalqları ilə müqayisəolunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi bir daha öz əksini tapmışdır. Ulu Öndərin bu bəyanatı Azərbaycan xalqının öz tarixi keçmişinə bağlılığının və milli adət-ənənələrinə sədaqətinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Azərbaycan dünyaya sürətlə inteqrasiya olmaqla, Avropa dəyərlərini əks etdirməkdədir. Lakin inteqrasiya xalqımızın milli köklərindən uzaqlaşması fonunda deyil, məhz öz tarixi keçmişinə bağlılığı kontekstində baş verməkdədir. Çünki Ümummilli Lider Azərbaycan xalqının inkişafı və dövlətimizin beynəlxalq aləmdə layiqli yer tutması üçün dünyaya inteqrasiya prosesinin milli-mənəvi dəyərlərə sədaqət amilinə köklənməsinin zəruriliyini dəfələrlə çıxışlarında vurğulayırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  öz siyasətində bu prinsipə sadiq olduğunu təsdiqləmişdir.
Dahi rəhbər Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmağı həyatının mənası hesab edirdi. Bu amal uğrunda daima mübarizə aparan Ulu Öndərin yorulmaz fəaliyyətini, siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində ölkəmiz dünya düzənində öz xüsusi yeri olan bir dövlətə çevrilərək, xalqımızın xoşbəxt gələcəyinə  bütün təminatlar yaradılıb, dönməz ictimai-siyasi sabitliyə və əmin-amanlığa nail olunmuşdur.
Bu gün Azərbaycanın müdafiə qüdrətinin güclənməsi sahəsində qazanılan nailiyyətlərin təməlində Ulu Öndər müdrikliyi, Ulu Öndər dühası dayanır.
Bu gün qazandığımız qələbələrin, uğurların təməlində Azərbaycan xalqının Ümummilli Liderinin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. O siyasi kurs ki, Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır. Ulu Öndərin işıqlı ideyaları daima yaşayacaqdır. Xalqımız Azərbaycan və Heydər Əliyev adlarını əsrlər boyu qoşa səsləndirəcək. Dahi rəhbərin nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldaraq, Ulu Öndər Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətlə uğurla davam etdirir. Son 20 ilə yaxın müddətdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Azərbaycanın Milli Qurtuluşdan başlanan yolu Böyük Zəfərlə sonunclandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində Ulu Öndər yoluna sədaqətini belə ifadə edirdi: "Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".

Lalə HÜSEYNOVA Azərbaycan Ordusu"