Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2023 12:23

Kursant düşüncələri

Müstəqil həyata qədəm qoyan hər yeniyetmə müxtəlif seçimlərlə üzləşir. Seçimlərin bizim gələcək həyatımızda, iş karyeramızda, cəmiyyətimizə yararlı vətəndaş kimi formalaşmağımızda mühüm əhəmiyyəti olur. Bu seçimlər arasında ən əsaslarından biri peşə seçimidir ki, böyük məsuliyyət tələb edir. Atalar yaxşı deyib: "Yüz ölç, bir biç".  Bundan savayı, dahi yazıçımız Nizami Gəncəvinin

Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan

misralarına istinadən deyə bilərəm ki, həyat yolunu müəyyənləşdirən zaman hamı öz sevdiyi, öhdəsindən gələ biləcəyi bir ixtisası seçməlidir. Bu seçimimizə isə iki amil təsir edir. Elə şagirdlər olur ki, hansı fənləri yaxşı mənimsəyə bilirsə, fikri ona uyğun peşələrə yönəlir. Bəzi insanların isə qəlbində hansısa bir peşəyə sevgi olur. Valideynlərinin, ya da hansısa yaxın qohumunun, tanıdığının çalışdığı bir peşəyə olan rəğbəti onu istiqamətləndirir. Mən də bu gənclərdən idim ki, qəlbimdə müqəddəs bir peşəyə yiyələnmək arzusu ilə böyüyürdüm.
Hələ orta məktəbdə oxuyarkən artıq həyat yolumu müəyyənləşdirmişdim. O zamandan bu seçimin gələcəkdə mənim üçün yaxşı olacağını və bu sahədə müvəffəqiyyətlər qazanacağıma əmin idim. Balaca ürəyimə böyük sevgi hakim olmuşdu. Hərbi formaya olan bu sevgim gələcək arzularımı formalaşdırmışdı. Mən zabit olmaq, Azərbaycan Ordusunun sıralarında xidmət etmək istəyimi qətiləşdirmişdim. Bu sevgim, arzum isə boşuna yaranmamışdı. Dayım da zabit olub. Birinci Qarabağ müharibəsi döyüşlərində iştirak edərək Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıb. Mən də "Şəhidlər heç vaxt ölmür, xatirələrimizdə daim yaşayır" sözlərini çox eşitmişəm. Bu, həqiqətən də belədir. Dayımın şəhid olmasından illər sonra dünyaya gəlmişəm. Kəndimizdə, evimizdə, qohumlar arasında onun haqqında o qədər danışıblar ki,  sanki  aramızdadır kimi hiss etmişəm. Həmişə onun haqqında danışanların necə fəxr hissi keçirdiklərini görürdüm. Onlar dayımın vətənpərvər, ləyaqətli, öz Vətəninə, torpağına bağlı biri olduğundan söz açardılar. Həmçinin hərbçi peşəsinin ən şərəfli peşə olduğunu, Vətəni qorumağın müqəddəs vəzifə olduğunu, dayımın da bu peşəyə ürəkdən bağlı olduğunu qeyd edirdilər. Mən də bunları eşitdikcə bu peşəyə olan sevgim gündən-günə artırdı. Artıq valideynlərimin də razılığı və dəstəyi  ilə belə şərəfli yolun izindən gedə bilmək üçün Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmaq qərarına gəlmişdim. İmtahanlardan uğurla keçərək arzuma çatmaq üçün ilk addımımı atdım. Tədris ili başlayanda artıq kursant formasında sırada dayanmışdım. Çox fərqli hislər keçirirdim, sevincimin həddi-hüdudu yox idi. Sanki, dayım da məni izləyib qürurlanırmış kimi gəlirdi mənə. Liseydə oxuyan zaman bunun necə ciddi, məsuliyyət tələb edən bir peşə olduğunu bir daha başa düşdüm. Əzmkarlıqla çalışır, dərslərimi həvəslə oxuyur, Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunacağım günü səbirsizliklə gözləyirdim. Çalışqanlığım və zəhmətim bəhrəsini verdi.
Kursant getdiyi hər yerdə, atdığı hər addımda hərbçi olduğunu xatırlayır və ona uyğun hərəkətlərini nizamlayır. Hər mühitdə digərlərindən fərqlənir. Başqa mühitlərdə olanda belə düşüncələri digər kursant yoldaşlarının yanında olur. Bir sözlə, seçdiyimiz yol çox qürurvericidir. Çünki insanlar bizi hərbi formada görəndə heyranlıqla baxırlar, bizimlə fəxr edirlər. Onda kursant da özü ilə fəxr edir, doğru peşə seçdiyinə əmin olur. Valideynlərimiz də qürurla övladlarının gələcəyin zabiti olacağından danışırlar.
Rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmənə xalqımızın əzmini, ordunun gücünü, ata-babalarımızdan gələn döyüş təcrübəmizi göstərdi və zəfər qazandı. Bu qələbəyə görə isə son damla qanına qədər döyüşən, düşməndən qorxmayaraq qartal kimi üstünə şığıyan, bu müqəddəs yolda canından keçən şəhidlərimizə, Vətən torpağı uğrunda yaralananlara, hazırda xidmət edən şəxsi heyətə borcluyuq. Fəxr edirəm ki, mən də minlərlə gənc kimi həmin qəhrəmanlarımızın yolunun davamçısıyam. Onların dayandığı sıralarda qürurla dayanacaq, içdiyim Hərbi Anda sadiq qalacaq, layiqli hərbçilərdən olacağam.
Nəhayət, o gün gəldi və Heydər Əliyev adına Hərbi İnstituta qəbul oldum. Orada xarici ölkələrə seçim edərkən hərbi jurnalistika ixtisası diqqətimi çəkdi. İmtahanları uğurla verdikdən sonra Moskva şəhərində yerləşən Knyaz Aleksandr Nevski adına Hərbi Universitetə qəbul edildim. Mən həmin vaxtlar çox böyük sevinc hissi keçirirdim. Artıq 3 ildir ki, burada təhsilimi davam etdirirəm. Bu illər ərzində hərbi jurnalistika ixtisası ilə daha yaxından tanış oldum. Gələcəkdə uğurlu hərbi jurnalist olmaq üçün inamla çalışacağam.

Elgün ƏLƏSGƏRZADƏ