Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2023 12:23

O da qaliblər sırasında olub

Vətənə xidmət etməyi özünə borc bilən oğullar İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandılar. Onların bu Zəfəri ilə torpaqlarımız işğaldan azad olundu.
Gəncə şəhərində anadan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəşad Məhərrəmov da qalib hərbçilərin sırasında idi.
Rəşadın atası Elşad Məhərrəmov da Birinci Qarabağ müharibəsində iştirak edib. O, kiçik yaşlarından ailədə vətənpərvərlik ruhunda böyüyüb.
Rəşad Gəncə şəhəri 7 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində hərb tarixinə böyük maraq göstərib. Torpaqlarımızın işğal altında olması onu da narahat edib. Həmişə düşünüb ki, böyük sərkərdələrin, qəhrəmanların Vətəni olan Azərbaycan torpaqları işğalda qala bilməz. Təhsilini bitirib, "N" hərbi hissəsində xidmətə başlayıb. Hərbi hissədə nümunəvi əsgər kimi tanınıb, nizamnamələrin tələblərinə ciddi əməl edib. Müddətli həqiqi hərbi xidmətdən sonra ordu sıralarında qalıb, xidmətini davam etdirmək qərarına gəlib. Valideynləri onun istəyinə dəstək olublar. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu keçib. Kurs müddətində seçdiyi ixtisas üzrə təcrübəli, peşəkar zabitlərdən hərb sənətinin incəliklərini öyrənərək hərbi xidmətini davam etdirib.
Kiçik çavuş Rəşad Məhərrəmov deyir:
- Vətən torpaqlarının işğal altında olması məni də narahat edirdi. Ali Baş Komandanın döyüş əmri verəcəyi günü səbirsizliklə gözləyirdim. 2020-ci il sentyabrın 27-də verilən döyüş əmri ilə biz də döyüşlərə qatıldıq. Torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük ruh yüksəkliyi və əzmlə döyüşdük. Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfəri qazananların sırasında olmağımdan böyük qürur hissi keçirirəm. Mən də, silahdaşlarım da Vətənə şərəfli xidmətimizi uğurla davam etdiririk.
Kiçik çavuş Rəşad Məhərrəmovun xidmət etdiyi hərbi hissə Vətən müharibəsində şərəfli döyüş yolu keçib, döyüş tapşırıqlarını fədakarlıqla, rəşadətlə yerinə yetirib. Şəxsi heyət Füzuli, Ağdam, Xocavənd, Şuşa döyüşlərində qəhrəmanlıqlar göstərib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəşad Məhərrəmov "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Kiçik çavuş Rəşad Məhərrəmov da Vətəninə, el-obasına şərəf və ləyaqətlə xidmət edən hərbi qulluqçuların davamçılarındandır.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"