Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2023 12:23

“Qalib ordunun əsgəri olmaqdan qürur hissi keçiririk”

Xalqın qürur mənbəyi onun qüdrətli ordusudur. Güclü ordunun formalaşması üçün onun savadlı və yüksək döyüş ruhuna malik əsgərə, müasir standartlar çərçivəsində qurulan maddi-texniki təminat və təchizata malik olması vacib şərtdir. Hər bir ordunun döyüşaparma və özünümüdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün hərbi xidmətə yeni cəlb olunan əsgərlərin ilkin hərbi hazırlığını lazımi səviyyədə təşkil etməsi də çox mühüm amillərdən biridir. Belə ki, ordu sıralarına yeni gələn gənc Vətən müdafiəçiləri nəzəri və praktiki hərbi bilikləri mənimsəyərək xidmətinin sonrakı müddətini tələb olunan səviyyədə davam edə bilirlər.  Sadalanan şərtlərin və amillərin təmin olunması yönündə Azərbaycan Ordusunda mühüm tədbirlər və fəaliyyətlər planı uğurla icra edilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü il iyulun 1-dən 31-dək gənc əsgərlərin müddətli həqiqi hərbi xidmətə çağrılması başladı. Ordu sıralarına yeni cəlb olunan gənclərin qəbul prosesi ilə tanış olmaq üçün "N" hərbi hissəsində olduq. Hərbi hissənin nəzarət buraxılış məntəqəsində sıxlıq və hərəkətlilik var idi. Vətənə vətəndaşlıq borcunu yerinə yetirmək üçün gələn gənclərimizin hər birinin həyəcanlı və bir o qədər də qürurlu olduğu sezilirdi. Həyəcan hərbi mundiri ilk dəfə daşımağın verdiyi məsuliyyət hissindən, qürur isə qüdrətli ordunun tərkib hissəsi olmaqdan irəli gəlirdi.  
Hərbi hissənin zabiti mayor Ceyhun Sadiyev gənclərimizin qəbulu ilə bağlı bizi məlumatlandırdı. "Ordu sıralarına yeni qədəm qoyan gənclərimiz bu gün ömrünün ən yaddaqalan günlərindən birini yaşayır. Buna görə də hər bir gənc üçün hərbi xidmətin önəmi böyükdür. Çünki Vətən sevgisinin nə olduğunu burada, hərbi xidmət müddətində daha dərindən anlayırsan. Hərbi xidmət keçən hər kəs həm mənəvi, həm də fiziki olaraq möhkəmlik qazanır, müxtəlif şəraitə uyğunlaşmaq kimi üstün keyfiyyətləri mənimsəyir. Belə olan təqdirdə də, əminliklə deyə bilərik ki, hər bir Azərbaycan gəncinin ordusuna, xalqına və Ali Baş Komandanına layiq fərd olaraq formalaşmasında hərbi xidmətin rolu danılmazdır". Çağırışçıların qeydiyyat və uçotu fəaliyyətləri ilə bağlı danışan zabit, prosesi belə izah etdi: "Gənc əsgərlər qeydiyyatda olduğu rayon üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən hərbi hissəmizə gətirilir. Gələnlər siyahılara əsasən yoxlanılır, say tərkibi haqqında məlumat qeyd olunur, daha sonra sənədlər və məlumatların doğruluğu gözdən keçirilir və qeydiyyatı aparıldıqdan sonra təlimata uyğun olaraq növbəti fəaliyyətlər icra olunur. Növbəti məntəqədə gənc çağırışçılar tibb məntəqəsində müvafiq yoxlamalardan keçirlər. Daha sonra normalara uyğun əşya və əmlakla təmin olunduqdan sonra təyin olunduqları bölmələr üzrə xidmətə başlayırlar".
Hərbi xidmətə yeni qədəm qoyan əsgərlərin qeydiyyatını aparan gizir Anar Bənnayevlə söhbətləşdik. "Gənc çağırışçılar adlı siyahıya uyğun olaraq şəxsi heyətin uçotu bölməsinə təqdim edilir. Hərbi biletlə, sənəddəki zəruri məlumatlar tutuşdurulub, dəqiqləşdirilir. Sonra hər bir əsgərin təyin olunduğu ixtisas və bölmə təsdiqlənir. Gənc çağırışçılarla fərdi söhbət aparılır, psixoloji testlər keçirilir. Psixoloji təsnifatlar aparıldıqdan sonra əsgərlər öz rəhbərlərinin müşaiyəti ilə növbəti məntəqəyə doğru istiqamət alırlar".
Növbəti həmsöhbətim ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin zabiti kapitan Rəşad Bağırzadə oldu. Zabit əsgərlərin döyüş ruhunun təməlində yüksək mənəvi-psixoloji hazırlığın olduğunu qeyd edərək söhbətə başladı. "Gənc Vətən müdafiəçilərinin keçdikləri xidmət mühitinə uyğun fəaliyyətini təşkil etməsi, psixoloji möhkəmliyinin nəzarətdə saxlanılması məqsədilə hərbi hissənin psixoloqları tərəfindən müxtəlif fəaliyyətlər təşkil olunur. Onlarla qrup və fərdi qaydada söhbətlər aparılır. Bu gün xidmətə yeni çağırılanlarla tanışlıq söhbəti aparılır, ilkin təəssüratla bağlı müəyyən qeydlər götürülür. Sonrakı zamanlarda da fəaliyyət mütəmadi olaraq təşkil olunur. Həmçinin, yaradılan şərait də əsgərin mənəvi-psixoloji hazırlığına təsir edən amillərdəndir. Belə ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına onun qidalanması və gündəlik fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsi üçün yaradılan şərait də təsir edir. Əsgərlər hərbi xidmət keçdikləri dövrdə milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə keçirilən dərs, tədbir və ekskursiyalarda iştirak edir ki, bu da şəxsi heyətin milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşmasında əsas istiqamətlərdəndir. Bundan başqa, insan psixologiyasının təməlini təşkil edən əsas prinsiplərdən biri də sağlamlıqdır. Xidmət müddətində şəxsi heyətin qidalanması yüksək kalorili ərzaqlardan ibarət olur. Onların istənilən iqlim və hava şəraitində fəaliyyətini fasiləsiz, operativ və yüksək səviyyədə təşkil etməsi üçün hər şey düşünülüb. Hər növ təminatı qaydasında olan əsgərin əsas vəzifəsi Vətəninə layiq əsgər və valideynlərinə layiq övlad kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdir".
Daha sonra hərbi hissənin tibb məntəqəsində gedən proseslə tanış olduq. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsində tibbi qəbul komissiyasının fəaliyyətində iştirak etdik. Tibb xidməti mayoru Həsən Səlimzadə bizi burada görülən işlərlə tanış etdi. "Çağırış müddətində ordu sıralarına yeni çağırılan əsgərlərin sağlamlığını nəzarətdə saxlamaq üçün buradayıq. Komissiyamızın tərkibində həm hərbi hissənin, həm də, müxtəlif hərbi hissələrdən ezam olunmuş tibbi personalın nümayəndələri var. Xidmətə başlamazdan əvvəl hər bir əsgər müayinə olunur. Tibbi qəbul komissiyasına gələn gənc əsgərlər ilk olaraq, boy və çəki ölçmə cihazlarından keçirlər. Onlar üçün açılan ilkin tibbi kitabçada gənc çağırışçı haqqında zəruri məlumatlar qeyd olunur. Daha sonra rentgen aparatından keçən əsgərlər ümumi yoxlamaları da başa vurduqdan sonra sağlamlıq haqqında qeydlər tibb kitabçasında yazılır. Müasir tibbi avadanlıqlarla yoxlamalardan keçən gənc əsgərlər haqqında həkimlər tərəfindən rəy tərtib olunur. Əgər əsgərin sağlamlığı ilə bağlı hər hansı şikayəti varsa, şikayət qeydə alınır və əsgər yoxlamadan keçir. Yoxlamanın nəticəsinə uyğun olaraq, müalicə və yaxud digər zəruri təxirəsalınmaz tədbirlər görülür".
Tibb xidməti kapitanı Rafael Kərimov da tibbi qəbul komissiyasının işi ilə bağlı öz əlavələrini etdi. "Düzgün, operativ hərbi xidmətin təşkili üçün sağlamlıq vacib faktordur. Biz də öz növbəmizdə gənc çağırışçıların səhhətini daim nəzarətdə saxlayırıq. Xəstəlikdən və virusdan qorunmaq və bunun üçün görülməli olan qabaqlayıcı tədbirlər haqqında onlarla maarifləndirici söhbətlər aparılır. Rentgen yoxlamasını başa vurduqdan sonra gənc əsgərlər müvafiq olaraq terapevt, cərrah, psixiatr, stomatoloq, nevroloq və digər həkim müayinələrindən keçirlər".
Tibbi qəbul komissiyasını keçdikdən sonra çağırışçılar əşya anbarına göndərilirlər. Əşya və əmlakın qəbulunda baş leytenant Etibar Hüseynovla həmsöhbət olduq. "Çağırışçılar tibbi müayinəni keçdikdən sonra burada təzə geyimlər, əl-üz və ayaq dəsmalları, yataq ağları və döşək üzləri və ən əsası hərbi geyim forması (yay səhra kostyumu, bel kəməri, yazlıq uzunboğaz çəkmə) və digər əşyalarla normaya uyğun tam təmin olunurlar".
Hərbi xidmətə ilk qədəmlərini qoyan çağırışçılar burada formalarını götürdükdən sonra bölmələrinə yola düşürlər. Əsgər yataqxanasında gizir Alqayıt Əyyubli çağırışçıları bölmədəki inzibati otaqlarla tanış etdi. O, bizimlə söhbəti əsnasında bildirdi ki, burada yüksək standartlar çərçivəsində qurulmuş əsgər yataqxanası, sanitar qovşağı, duş kabinələri, istirahət, sinif və digər xidməti otaqlar mövcuddur. O, həmçinin bildirdi ki, ideoloji, xidməti, tədris, məişət otaqları şəxsi heyətin gündəlik xidmətini yüksək səviyyədə təşkil etmək üçün yaradılıb. Şəxsi heyətin keçəcəyi dərs və məşğələlərdən danışan gizir Alqayıt Əyyubli qarşıdakı müddətdə əsgərlərin hazırlığı ilə bağlı da bizi məlumatlandırdı. "Bölməmizin komandir heyətinin və bizim keçdiyimiz dərslər nəticəsində çağırışçılarımız təcrübəli döyüşçü kimi formalaşacaq, Vətən müdafiəsində qürurla dayanacaqlar".
Günün nizam qaydalarına uyğun olaraq, növbəti günlərdə gənc çağırışçıların sıra hazırlığının ilkin elementinin öyrənilməsi məqsədilə keçirilən dərsdə iştirak etdik. Gizir Alqayıt Əyyubli gənc əsgərlərə sıranın müqəddəsliyindən və sıra hazırlığının vacibliyindən danışdı. "Hərbi intizam sıradan başlayır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq, keçirilən sıra hazırlığı dərsi zamanı şəxsi heyət sıra hərəkətləri və yerişi, əsgəri salamlaşma qaydalarını və digər zəruri elementləri mənimsəyirlər. Təbii ki, hər bir əsgərin həyatında ən yaddaqalan günlərdən biri Hərbi Andı qəbul etdiyi gündür. Bu günün də yaddaqalan olması üçün hər bir əsgər sıra hazırlığı dərsində əlindən gələnin yaxşısını etməyə çalışır". Gənc əsgərlərin qısa müddət ərzində sıra bacarıqlarını və vərdişlərini dərindən mənimsəməsi həm əsgərlərimizin hərb sahəsinə olan marağından, həm də komandir heyətinin öz işinə məsuliyyətlə yanaşmasından xəbər verirdi. Bir sözlə, iştirak etdiyimiz dərs yüksək təəssüratlarla yadda qaldı.
Sonda gənc əsgərlərdən Şahkərəm Nadirov, Rəsul Qasımov, Toğrul Quluzadə, İlham Quluzadənin fikirlərini qələmə aldıq. Hərbi xidmətin onlar üçün nə ifadə etdiyini soruşanda hər birinin müqəddəs vəzifə deyə cavab verməsi ruhumuza sığal çəkdi. Gənc əsgərlərimizin sonda bir ağızdan "qalib ordunun əsgəri olmaqdan qürur hissi keçiririk" söyləmələri bugünkü Azərbaycan əsgərinin qalib ordunun adına layiq xidmətini bundan sonra da davam etdirəcəyinə olan inamımızı daha da artırır.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"

fotolar Coşqun CƏFƏROVUNDUR