Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2023 12:23

“Təlimdə yüksək bacarıq göstərməyimizə görə komandirlərimizə borcluyuq”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesinin bu gün ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin hər addımda şahidi oluruq. Ordumuzun bütün bölmələrində yüksək sosial-məişət şəraiti yaradılıb, ən müasir silah və texnikalar alınıb. Dünya standartlarına cavab verən hərbi hissələr tikilib. Hərbi qulluqçuların bütün növ təminatları yüksək səviyyədədir.
Bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti də yüksəkdir. Bunların hamısı isə döyüş hazırlığına birbaşa təsir edən əsas amillərdir. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. İstər keçirilən irimiqyaslı təlimlərdə, istərsə də Beynəlxalq Hərb Oyunlarında və digər tədbirlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi  onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir. Ordumuzun gücü haqqında deyilən sözlərin hamısı İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığının, maddi-texniki bazasının yüksək səviyyədə olmasının, şəxsi heyətin peşəkarlığının təsdiqi oldu.
Şəxsi heyətin döyüş hazırlığı ordu rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissələrdə və əlahiddə bölmələrdə şəxsi heyətə döyüş, atəş, taktiki, ictimai-siyasi, fiziki hazırlıqlardan dərslər keçirilir. Nəzəri və praktiki dərslərdə şəxsi heyətə hərbi biliklər və döyüş vərdişləri aşılanır. Həmçinin mütəmadi olaraq keçirilən təlimlərdə şəxsi heyətin döyüş qabiliyyəti yoxlanılır.
"N" hərbi hissəsində olarkən keçirilən təlimdən qeydlər apardım. Plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan divizionun tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanıldı. Daha sonra şəxsi heyətə döyüş əmri çatdırıldı və divizion komandirinin komandası altında heyətlər maşınların yanına yığıldı. Bayraq vasitəsilə "İşə sal" komandası verildi və maşınlar hərəkətə başladı. Batareyalar atəş mövqelərini tutaraq müxtəlif təlim-döyüş tapşırıqlarının icrası üçün növbəti komandanı gözlədilər. Şəxsi heyətin çevik hərəkətlərini, bacarığını, müasir və saz vəziyyətdə olan texnikaları izlədikcə Azərbaycan Ordusunun gücünün, qüdrətinin bir daha şahidi olurduq.
Batareyanın baş zabitləri heyət komandirlərinə son tapşırıqlarını çatdırdılar. Onlar da hazırlıq haqqında məruzə etdilər. Növbəti mərhələdə əvvəlcədən hazırlanmış planlı hədəflərə atəş açmaqla tapşırıqlar icra olundu. Bu zaman divizion komandiri tərəfindən atəş mövqeyinin yerdəyişməsi komandası verildi. Bölmələr təyin olunmuş vaxtda öz yerlərini tutdular. Yeni hədəflər aşkar olundu və  tapşırıqlar yerinə yetirildi. Həmçinin döyüş maşını komandirlərindən və ixtisasçılardan fərdi normativlər götürüldü. Sonda divizion komandirləri yekun keçirərək bölmələrin döyüş hazırlığını və qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirdilər. "Bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi, eləcə də  şəxsi heyətin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi məqsədilə Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla keçirilən təlimdə topçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra etdilər. Keçirilən bu təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Gənc artilleriyaçılar həm fərdi, həm də komanda  şəklində yüksək bacarıq və əzmkarlıq nümayiş etdirdilər", - dedi mayor Amil Hüseynov.
Şəxsi heyətin xidməti haqqında danışarkən zabitin gözlərindəki qüruru görmək olurdu. Onun əziyyəti boşa getməmişdi. Hərbi qulluqçuların hər biri komandirlərindən öyrəndiklərini təlim meydanında layiqincə nümayiş etdirmişdilər. Komandir üçün bundan böyük sevinc ola bilməz. Öz bacarıqları ilə komandirlərinə bu sevinci yaşadan əsgərlərdən bir neçəsinin düşüncələrini öyrəndim.
Heyət üzvlərindən birinə yaxınlaşdım. Əlindəki bayraqlardan top komandiri olduğu bilinirdi. Təlim zamanı da aldığı komandaları şəxsi heyətə bayraq vasitəsilə ötürürdü. Təlim zamanı çevik hərəkətlərindən, verilən tapşırıqları heyətə cəld və dəqiq çatdırmasından nümunəvi və təcrübəli olduğu görünürdü. Çavuş Ümid Məmmədovun fəaliyyəti kimi sözləri də ürəkaçan oldu. Ümid hərbçi olmaqdan, qalib ordunun sıralarında xidmət etməkdən fərəhləndiyini bildirdi. "Müqəddəs və şərəfli peşəmlə hər zaman fəxr edirəm. Formanı geyindiyim gündən vəzifələrimin öhdəsindən layiqincə gəlib nümunəvi olmağı qarşıma məqsəd qoymuşam. Təlimlər bizə həm təcrübə qazandırır, həm də döyüş qabiliyyətimizi artırır. Yaxşı bilirik ki, döyüş meydanında qazanılacaq qələbənin təməli təlimdən başlanır. Hər birimiz vəzifə borclarımızı yaxşı mənimsəmişik və istənilən döyüş tapşırığının icrasına hazırıq", - dedi Ümid Məmmədov.
Hədəflərin dəqiq nişan alınmasında öhdəsinə böyük məsuliyyət düşdüyünü deyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Emin Zeynalov düşüncələrini belə ifadə etdi:
- Koordinatlara uyğun olaraq, nişangah qurğusunun tənzimlənməsini ən qısa zamanda və düzgün yerinə yetirməliyəm ki, vaxtında atəş açıb hədəfləri məhv edə bilək. Komandirlərimdən mənimsədiyim hərbi bilik və vərdişlərim köməyimə çatır. Sevinirəm ki, tapşırıqları layiqincə yerinə yetirib, xoş sözlər eşidirəm. Bu da əhval-ruhiyyəmə müsbət təsir edir və daha bacarıqlı olmağa can atıram. Çünki  durmadan çalışmalıyıq ki, dünyanın ən güclü ordularından olan rəşadətli Azərbaycan Ordusuna layiqli əsgərlər olaq.
Daha sonra heyət nəfərləri - əsgərlər Şəhriyar Bəşirov, Zidan Zeynalov, Elariz İmanov, Rauf Tağıyev və digərləri ilə də həmsöhbət oldum. Hər biri əsgər olmaqdan, Vətəni qorumaqdan qürur duyduqlarını ağızdolusu vurğuladılar. Hərbi hissədə yaradılan sosial-məişət şəraitindən və göstərilən qayğıdan razılıq etdilər. "Hərbi xidmətə gələn gündən ana Vətənimizə olan övladlıq borcunu layiqincə yerinə yetirməyi qarşımıza məqsəd qoymuşuq. Məqsədimizə çatmaq üçün məsuliyyətlə xidmət edirik. Sosial-məişət şəraitinin, təminatlarımızın qaydasında olması nümunəvi xidmətimizə zəmin yaradır. Təlimdə yüksək bacarıq göstərməyimizə görə ən birinci komandirlərimizə borcluyuq. Çünki onlar daim qayğımıza qalır, bilik və bacarıqlarını bizdən əsirgəmirlər. Hər birimizin döyüş vərdişlərini yaxşı mənimsəməsi üçün böyük zəhmət çəkirlər. Təlimdə  yaxşı nəticə göstərib, onların etimadını doğrultduğumuz üçün çox sevincliyik. Bizim üçün yaradılan yüksək şəraitə və təminata görə Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizin bizə olan diqqəti və qayğısı döyüş ruhumuzu daha da artırır", - dedilər əsgərlər.
Dünya hərb tarixinə nəzər saldıqda görərik ki, istər hücum, istərsə də müdafiə döyüşündə artilleriya qoşunlarının atəş dəstəyi müharibənin taleyini həll edən əsas amillərdəndir. Tarix boyu artilleriya imkanlarına malik ordular, möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilib. İzlədiyimiz təlim də ordumuzda peşəkar artilleriyaçıların olduğunun bir daha təsdiqi oldu. Əminliklə deyə bilərik ki, onlar istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdilər.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR