Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2023 16:11

Şimşək ömrü yaşayanlar...

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Şimşək ömrü yaşamış səma keşikçiləri" adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə "N" hərbi hissəsinin şəxsi heyəti, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
"Şimşək ömrü yaşamış səma keşikçiləri" kitabının müəllifi Şahin Nəbiyev tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verdi, hərbi hissənin şəxsi heyətinin döyüş yolundan danışaraq bildirdi ki, zenit-raket artilleriya divizionu ilk hava hücumundan müdafiə bölməsi kimi yaradılıb. 1992-ci ilin fevralında formalaşan divizion Qarabağ müharibəsinin ən qaynar yerlərində: Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdərə rayonları ərazisində ölkənin hava məkanını düşməndən qorumaq məqsədilə, döyüş əməliyyatlarına başlayıb. Divizionun ilk komandiri kapitan Ələsgər Vəliyev düşmən aviasiyasının daha operativ şəkildə məhv edilməsi üçün yaradılan əlavə 2 batareyanın şəxsi heyətinə rəhbərlik edib. Divizionun şəxsi heyəti 1994-cü ilin yanvarında həyata keçirilən Horadiz əməliyyatlarında mərdlik və şücaət göstərib. Birinci Qarabağ müharibəsində divizionun 27 zabit və əsgəri şəhid olub.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər məni bu kitabı yazmağa ruhlandırdı. Yüzlərlə insanın xatirələrini dinlədim. "Şimşək ömrü yaşamış səma keşikçiləri" kitabını yazanda dinlədiklərimi, oxuduqlarımı ümumiləşdirdim.
Ehtiyatda olan mayor Ələsgər Vəliyev dedi ki, şəhidlərin hər biri bizlər üçün müqəddəsdir. Ümid edirəm ki, kitabda ömür və döyüş yolları işıqlandırılan şəhidlərimizin hər biri haqqında ayrıca əsərlər yazılacaq.
Polkovnik-leytenant Çingiz Ələkbərov işğaldan azad edilmiş torpaqlarımıza qayıtmağı şəhidlərin ruhunun da arzuladığını, həmin günün gerçəkləşdiyini bildirdi.
Tədbir iştirakçılarına videoçarx təqdim edildikdən sonra məktəblilər şəhidlərimizə, qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirdilər. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən mahnılar ifa etdilər.
Müəllif tədbir iştirakçılarına kitab hədiyyə etdi.

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"