Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2023 16:10

Döyüşən qardaşlar

Müharibə ağrı-acısını yaşamaq, onun sızıltılarını qəlbində hiss etmək çox çətindir. İşğal edilmiş torpaqlar, dağılan evlər, şəhidlər, qazilər, gözü yollardan çəkilməyən valideynlər, əsirlərimiz... Bütün bunlar insan taleyinə yazılan ağrılı, əzablı yaşantılardır.
Nankor qonşularımızın Azərbaycana qarşı başlatdıqları ərazi iddiaları nəticəsində xalqımız ağır müharibə dəhşətlərini yaşamağa məcbur oldu. Minlərlə Azərbaycan oğlu qəhrəman ata-babalarının yoluna sadiq qalaraq, müqəddəs və şərəfli hərb peşəsini seçdilər. Zamanında babalar, atalar döyüşdülər, böyük qardaşlar cəbhəyə yollandılar,  vaxtı çatanda Ali Baş Komandan döyüş əmri verəndə isə oğullar, kiçik qardaşlar  hamı bir nəfər kimi torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda Vətənin müdafiəsinə qalxdılar...
Birinci Qarabağ müharibəsinin acı xatirələrindən, ağır döyüşlərin getdiyi o dəhşətli illərdən Racivgilin ailəsində çox danışılmışdı. Ailənin böyük oğlu Vəfadar şərəfli döyüş yolu keçərək, Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyə və fədakarlığa görə  "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdü. Raciv belə vətənpərvər, elinə, obasına bağlı bir ailənin övladıdır. Qardaşı Vəfadarın erməni işğalçılarının torpaqlarımızı işğal etməsi, şəhidlərimiz, qazilərimiz və bir milyondan artıq həmyerlimizin doğma yurd yerlərindən qovulması haqqında söhbətlərini, döyüş xatirələrini eşitdikcə düşmənə nifrəti artırdı. Qardaşından eşitdiyi döyüş səhnələrinin onun gələcəkdə hərbçi peşəsini seçməsində böyük rolu oldu. Dinlədiyi söhbətlər Racivin də qəlbini sızladırdı. O, Vətəni Azərbaycana xidmət yolunu belə seçdi...
Polkovnik-leytenant Raciv Babaverdiyev Qusar rayonunda doğulub. O, Azərbaycan Ordusunun peşəkar zabitlərindəndir. Ailənin şərəfli döyüş ənənəsini xidmətində davam etdirən vətənpərvər zabit Aprel döyüşləri, Tovuz hadisələri, 44 günlük Vətən müharibəsi və digər əməliyyatlarda qarşıya qoyulmuş döyüş tapşırığını layiqincə yerinə yetirib. Onu da qeyd etmək yerinə düşər ki, R.Babaverdiyev Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovla eyni cəbhədə döyüşlərdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.      
Zabit qardaşı Vəfadarın davamçısı olması ilə fəxr etdiyini dedi: "Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət etmək bizim həyat amalımız olub. Digər qardaşım Vüqar Babaverdiyev də hərbçidir. Biz ailədə belə tərbiyə almışıq. Hərb sənətini müqəddəs bilmişik. Çünki xalq, dövlət Vətən torpağını sənə əmanət edir. Bu müqəddəs əmanəti göz bəbəyin kimi qorumaq, müdafiəsində qətiyyətlə dayanmaq şərəfdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı 30 ilə yaxın erməni silahlı birləşmələrinin işğalında qalan, viran olan tarixi torpaqlarımız Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş bacarığı, mənəvi-psixoloji hazırlığı sayəsində azad olundu. Bu gün ordumuz işğaldan azad edilmiş ərazilərimizdə mövqelərini daha da gücləndirir. Düşmən üzərində qazanılan Böyük Zəfər Vətənimizin bütövlüyünün təmin olunması ilə nəticələndi. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda qardaşım Vəfadar da döyüşmüşdü. Bu gün qürurluyam ki, mən də Vətən müharibəsinin iştirakçısıyam".

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"